Ümeysin qızı Əsma deyir; "Həzrət Fatimənin (s.ə) ölümü yaxınlaşan zaman mənə buyurdu; Cəbrail (ə) Peyğəmbər (s) vəfat edərkən o həzrətin yanına gəldikdə Cənnətdən bir miqdar kafur gətirmişdi. Peyğəmbər (s) onu üç yerə böldü. Bir miqdarını özü üçün götürdü, bir miqdarını Əli (ə) üçün saxladı, bir miqdarını da mənə verdi".
Sonra mənə buyurdu; "Ey Əsma, həmin kafur filan yerdədir, onu gətir, başımın yanına qoy". Həzrət Fatimə (s.ə) bu sözləri deyib köynəyini başına çəkərək buyurdu; "Bir az məni gözlə. Sonra məni çağır. Əgər sənə cavab verməsəm bil ki, atama qovuşmuşam".
Əsma azacıq gözləyir, sonra həzrət Fatiməni (s.ə) səsləyir, lakin cavab eşitmir. O, belə səslənir; "Ey Məhəmməd Mustafanın qızı! Ey insanların xeyrlisinin qızı! Ey yer üzündə addımlayanların ən üstününün qızı! Ey merac gecəsi ilahi qüdrətin xüsusi mərtəbəsinə yüksəlmiş şəxsin qızı!"
Əsma yenə cavab eşitmir. O, həzrət Fatimənin (s.ə) üzünə örtüyü parçanı kənara çəkərkən dünyadan köçdüyünü anlayır. Özünü həzrət Fatimənin (s.ə) üzərinə atır, onu öpüb belə deyir; "Ey Fatimə, atan Peyğəmbərin (s) hüzuruna gedəndə, o Həzrətə mənim salamımı yetir!"
Mənbə: "Ölümün dadı" kitabı