"(Əql sahibləri) o kəslərdir ki, ayaq üstə də, oturanda da, yatan zaman da Allahı yad edir, asimanların və yerin yaradılışında fikirləşirlər (və deyirlər:) Pərvərdigara, bu əzəmətli dəstgahı əbəs yerə yaratmamısan. Sən pak və münəzzəhsən. Bizi cəhənnəm odunun əzabından saxla.”
"Öz nəfsini təzkiyə edib Pərvərdigarını yad edən və namaz qılan şəxs, mütləq nicat tapacaq.”
Yenə buyurulur: "Sübh və axşam Rəbbini yad et.”
"Pərvərdigarını çox yad elə, gecə və sübh çağları Ona təsbih de.” "Namazını qıldıqdan sonra ayaq üstə, oturan yerdə və uzanan zamanda Allahı yad edin.”
İmam Cə’fər Sadiq (ə) buyurur: "Hər kəs Allahı çox yad etsə, Allah onu behiştdə Öz lütf və mərhəmətinin sayəsində qərar verər.”
O Həzrət (ə) öz səhabələrinə buyurdu: "Bacardığınız qədər gecə-gündüzün bütün saatlarında Allahı yad edin, çünki, Allah sizə, Onu çox zikr etməyi əmr etmişdir. Allah, Onu yad edən hər bir mö’mini yad edir. Bilin ki, hər bir mö’min bəndə Allahı yad edirsə, Allah da onu yaxşılıqla yad edir.”
İmam Cə’fər Sadiq (ə) buyurur: "Mütəal Allah Həzrət Musaya buyurdu: «Gecə və gündüz ərzində Məni çox zikr et. Zikr deyən zaman xüşu halında, bəla nazil olanda səbirli, Məni yad edərkən xatircəm ol. Mənə ibadət et və Mənə heç bir şərik qoşma. Hamının qayıdacaq yeri Mənə doğrudur. Ey Musa! Məni öz ehtiyatın qərar ver, baqiyati-salihat (əbədi qalan saleh əməllər) xəzinələrini Mənim yanımda qoy.»
İmam Cə’fər Sadiq (ə) başqa hədisdə buyurur: "Allahı zikr etməkdən başqa hər bir şeyin həddi-hüdudu vardır, Allah vacibatlar müəyyən etmişdir. Hər kəs onları yerinə yetirsə, həddi elə o qədərdir. Ramazan ayının orucu da məhduddur. Həcc də məhduddur. Bu mərasimlər yerinə yetirilməklə sona çatır. Amma Allahı zikr etməyin həddi-hüdudu yoxdur və Mütəal Allah onun az miqdarı ilə kifayətlənməmişdir. (Sonra bu ayəni tilavət etdi:) "Ey iman gətirənlər, Allahı çox-çox zikr edin, gecə-gündüz, sübh-axşam Ona təsbih deyin.” Mütəal Allah bu ayədə zikr üçün müəyyən bir miqdar tə’yin etməmişdir. (Sonra buyurdu:) Atam (İmam Məhəmməd Baqir) çox zikr edən idi. Mən onunla yol gedəndə Allahı zikr edərdi. Onunla yemək yeyəndə Allahı zikr edər, hətta camaatla söhbət edən zaman belə Allahı zikr etməkdən qafil olmazdı. Görürdüm ki, dili ağzına yapışıb və "la ilahə illəllah” deyir. Sübh namazından sonra bizi bir yerə toplayıb gün çıxana qədər zikr deməyi göstəriş verirdi. (Nəhayət sözü bura çatır:) Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Sizə əməllərin ən yaxşısının nə olduğunu xəbər verimmi ki, sizin dərəcənizi hər bir əməldən daha artıq yüksəltsin, Allahın yanında hər şeydən daha pak-pakizə və rəğbətli olsun, sizin üçün dinar və dirhəmdən daha yaxşı, hətta Allah yolunda cihad etməkdən belə fəzilətli olsun?!” Ərz etdilər: Ey Allahın Rəsulu, buyurun! Buyurdu: "Allahı çox zikr edin.” İmam (ə) sonra buyurdu: Bir nəfər Peyğəmbəri-Əkrəmin (s.ə.v.v) yanına gəlib dedi: Məscid əhlinin ən yaxşısı kimdir? Buyurdu: «O kəsdir başqalarından daha artıq Allahı yad etsin.” Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurdu: «Hər kəsin zikr edən dili olsa ona dünya və axirət xeyri əta olunar.»
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) Əbuzərə buyurdu: "Qur’anı oxu və Allahı çox zikr et. Çünki, sənin (Allahı) zikr etməyin sənin asimanda yad olunmağına səbəb olar və yer üzündə sənin üçün nur olar.”
İmam Həsən (ə) Peyğəmbəri-Əkrəmin (s.ə.v.v) belə buyurduğunu nəql edir: "Behişt bağlarına doğru (hərəkətdə) bir-birinizi ötün.” Səhabələrə ərz etdi: "Behişt bağları hansıdır?” Buyurdu: "Zikr dövrələri.”
İmam Cə’fər Sadiq (ə) buyurur: "Qafillər arasında Allahı zikr edən bir şəxs fərarilər arasında olan mücahidə bənzəyir. Belə mücahid üçün behişt vacibdir.”
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) səhabələrinə buyurdu: "Behişt bağlarından istifadə edin!” Ərz etdilər: Ey Allahın Rəsulu, behişt bağları hansılardır? Buyurdu: "Zikr məclisləri. Sübh və axşam Allaha zikr edin, hər kəs özünün Allah yanında olan məqam və mənzilətinin dəyərini bilmək istəyirsə Allahın onun nəzərində olan dərəcəsinə baxsın. Çünki Allah Öz bəndəsini o məqama çatdırar ki, bəndə Allahı həmin məqama seçmişdir. Bilin ki, Rəbbiniz yanında sizin ən yaxşı əməliniz və sizin dərəcə və məqamınızı hər şeydən daha yaxşı yüksəldən, üzərinə günəşin saçdığı şeylərdən daha yaxşı olan şey Allahı zikr etməkdir. Çünki Allah buyurmuşdur: "Mən, Məni yad edən şəxsin həmsöhbətiyəm.”
Nümunə olaraq qeyd olunan ayə və rəvayətlərdə zikrin dəyəri mə’lum olur. İndi isə zikr dedikdə məqsədin nə olduğunu araşdırırıq.