Əbuzər ölüm vaxtı bütün qüvvəsini itirmişdi. Qızını çağırıb dedi: "Səhranı bir dəfə də dolan, bəlkə azca su və yeməyə bir şey tapdın. Mən susuzluq və aclıqdan gücümü itirmişəm!”
Əbuzər Əhli-beyt (ə) aşiqliyində günahlandırılaraq dövrün zalım hökuməti tərəfindən Rəbəzəyə sürgün olunmuşdu. Həmin yerdə nə su, nə də ot vardı. Amma Əbuzər Əhli-beyt (ə) eşqi sayəsində bütün bu çətinlikləri adlayırdı.
Əbuzərin qızı atasının istəyi əsasında səhranı dolanıb geri qayıtdı. Dedi: "Nə içməyə su, nə də yeməyə bir şey tapdım!” Qız atasının can verdiyini gördü. Onun başını dizi üstünə alıb mehribanlıq göstərdi. Atası deyirdi: "İləyhis-səlam, ələyhis-səlam, huvəs-səlam, bihis-səlam, minhus- səlam.” Qızı atasından kimə salam verdiyini soruşdu. Əbuzər dedi: "Qızım ölüm mələyi gəlib deyir: "Allah buyurub ki, Əbuzərin canını almamış ona məndən salam söylə. Mən də həmin salamın cavbını verirəm.”
Bəli, Əli (ə) və Əli övladlarına aşiq olan kəs nəinki Əhli-beytin, hətta Allahın eşqi ilə mükafatlandırılır. İndi özünüz deyin, hansı həyat üstündür: Əbuzərin həyatı, yoxsa bizim həyatımız?!
7. Məhəbbət və məhbubun hüzuru
Qarşıda bizi gözləyən ağır çətinliklərdən biri hər şey və hər kəsdən ayrılıq məqamı, yəni ölüm anıdır. Ölüm mələyinin insanın yatağına yaxınlaşması ilə gerçəkləşən bu məqamda insan qürbətin acılığını tam mənasında hiss edir. Amma Əhli-beyt (ə) aşiqləri üçün ölüm məqamı qürbət yox, öz mövlaları ilə görüş anıdır. Əhli-beyt (ə) aşiqi ölüm məqamında vəsfə gəlməz bir şadlıq duyur.
"Kafi” kitabında nəql olunur ki, imam Sadiqdən (ə) möminin ölüm məqamı haqqında soruşulduqda buyurdu: "Ölüm mələyi ruhu çıxarmaq üçün gələndə mömin dözümsüzlük göstərir. Ölüm mələyi deyər: "Ey Allahın dostu! Səbr et. And olsun Məhəmmədi peyğəmbərliyə seçənə, mən sənə başının üstünə gəlmiş atadan daha mehribanam. İki gözünü aç və gör ki, Peyğəmbər (s), Əmirəl-möminin (ə), Fatimə, Həsən və Hüseyn, o biri imamlar sənin yanındadır.” Möminə deyilər: "Bunlar sənin dostların olan Peyğəmbər (s), Əmirəl-möminin (ə), Fatimə (s.ə), Həsən (ə) və Hüseyn (ə), o biri imamlardır.” Mömin gözünü açıb tamaşa edər...”