Sual 21: İnsan nə üçün ölümdən qorxur?
Cavab: Əksər insanların ölümdən qorxduğu sirr deyildir. Ayə və hədislərdən məlum olur ki, bu qorxunun iki əsas səbəbi vardır:
1. İnsanların böyük bir hissəsi ölümü yoxluq və son kimi anlayır. Bu anlaşılmaz yoxluq hissi, insan düşüncəsini təlatümə gətirir. Bir gün yaşadığı həyata son qoyulacağını düşünən insan, ölüm adı gələndə müdhiş bir qorxuya qərq olur.
2. İkinci qrup insanlar, ölümdən sonrakı həyatın varlığına inansalar da, yol verdikləri cinayət və günahlar ucbatından ölümdən, əməllərin hesab anından qorxuya düşürlər. Bu qəbil insanlar, məhz cəza gününün sıxıntısından xoflanaraq, ölümdən qaçmağa çalışırlar. «Bəqərə» surəsinin 95-ci ayəsində oxuyuruq: «Onlar öz əməllərini bildiklərinə görə, ölümü əsla istəməzlər».
Amma peyğəmbərlərə və ilahi kitablara iman gətirib, ölümdən sonrakı həyata inananlar, ibadət edib xeyir işlərə çalışanlar, ölümü dünya çətinliklərindən qurtuluş kimi qəbul edərlər.
Din və vətən uğrunda canından keçən insanlar, əbədi həyatın varlığına inanmış, böyük amallar yolunda canlarını əsirgəməmişlər.