Bir Məhərrəm-Səfəri də geridə qoyduq, doymadıq Zeynəbi anmaqdan...
Eylədün Quranı məna,müsibətlər anası, ya Zeynəb
Sən bu sevdayi-məhəbbətdə böyük mənsəbə çatdun,
Atəşli nitqinlə ümmətə İslamı oyatdun
(Kəlami)
Bəzən qədim tarixi şəxsiyyətləri, qadın şairləri, zadəgan tayfaların xanımlarını araşdıran yazarlar onların libaslarını, davranışlarını klassik etiket adına nümunə göstərirlər. Əlbəttə, danılmaz həqiqətdir ki, belə şəxsiyyətlər tarıxdə çox olub.
Məsələyə forma və məzmunca yanaşaq. Bir anlıq təsəvvürümuzdə müxtəlif həndəsi fiqurlar canlandıraq. Müstəvi ya fəza olsun - fərqi yoxdur.
Kürə - maraqlıdır... Kürənin gizli buçağı yoxdur, sanki şəffafdır, hər tərəfdən eynidir. Mən həqiqəti formaca kürəyə bənzədərdim. Məzmunca isə kürənin onmində bir hissəsini kökdən çıxarmağa çalışaq.
Xanım Zeynəb - yorğun, Xanım Zeynəb - ac, Xanım Zeynəb - əsir, Xanım Zeynəb - əzizlərini, onların əzizlərini itirmiş halda, Xanım Zeynəb - fiziki zəifləmiş, gözləri ağlamaqdan ağrayan, geridə əzizlər dolu bir həyat, qarşıda isə...
Xanım Zeynəb – Aşura geçəsi müstəhəb namazını tərk etməyəcək qədər güclü, Xanım Zeynəb - Əli heybətlı duruşunu qoruyacaq qədər mətanəti ilə əsir qadınlara nümunə, Xanım Zeynəb - Şamda Yəzidin (lən) qarşısında elə bil Yəzidin ürəyinə zərbə vuran qədər cəsarətli, Xanım Zeynəb - nə aclığını bildirir, nə yorğunluğunu Ona qələbə çalmağa aman verir, bir parca çörəyini belə özü ac ikən digərlərinə verəcək qədər səxavətli... Xanım Zeynəb - zamanı gələnə qədər susacaq qədər əzmkarlığını qorumuş halda... Başına gələn saysız müsibətlərə rəğmən xanımlıq müstəvisinə sədaqətli, səbirli, səbri öz qarşısında aciz edəcək qədər – xanım, xanım Zeynəb! Danışır - Allahın razılığı üçün, həqiqəti tarixə çatdırmaq üçün, emosionallıqdan dolayı yox! Gələcək nəslin emosionallığını oyatmaq üçün danışır. Düşünmədən ağlamaqdan uzaq, düşünərkən - ağlayıb, ağlayarakən - düşünüb ayıltmaq üçün danışır. Ayıltmaq, hərəkət etmək üçün danışır.
Ayıla bilsək, əgər ayıla bilsək - bir gün, cəmi bir gün olsa belə, ləyaqətlə yaşamağı, ləyaqətlə ölməyi dərk etmək üçün!