"Ali-İmran” surəsi (135-136)
135. وَالَّذِينَ إِذَا فَعَلُواْ فَاحِشَةً أَوْ ظَلَمُواْ أَنْفُسَهُمْ ذَكَرُواْ اللّهَ فَاسْتَغْفَرُواْ لِذُنُوبِهِمْ وَمَن يَغْفِرُ الذُّنُوبَ إِلاَّ اللّهُ وَلَمْ يُصِرُّواْ عَلَى مَا فَعَلُواْ وَهُمْ يَعْلَمُونَ
"(Təqvalılar) o kəslərdir ki, pis iş gördükdə və ya özlərinə zülm etdikdə Allahı xatırlayıb, günahlarına görə tövbə edərlər. Allahdan başqa günahları bağışlayan kimdir? (Müttəqilər) günahın pisliyini bildiklərindən gördükləri işi təkrarlamazlar.
Bəzi təfsirçilər "fahişə” sözünün zinaya, "zülm” sözünün isə digər günahlara aid olduğunu bildirmişlər. Başqa bir qrup təfsirçinin fikrincə isə "fahişə” böyük günahlara, "zülm” isə kiçik günahlara işarədir.
Rəvayətdə oxuyuruq ki, ötən günahlara diqqətsizlik və tövbənin tərk olunması günahın israrı, təkrarlanması kimidir("Kafi”, c. 2, səh. 287. )
İmam Sadiq (ə) buyurmuşdur: "Bu ayə nazil olduğu vaxt İblis bütün yaxınlarını toplayıb çarə axtardı, lakin heç bir şey tapmadı. Bu zaman vəsvase-xənnas dedi: "Mən çarə bilirəm! Onlara vədə verərəm, arzuları ilə başlarını qataram ki, günaha batsınlar. Elə ki, günaha batdılar, tövbəni yadlarından çıxararam.”("Vəsail”, c. 11, səh. 66. )
1. Bəzən müttəqi fərdlər də günaha yol verir.
2. Günahdan da qorxulu odur ki, günah və onun pisliyinə diqqətsiz olasan. Müttəqilər isə günaha mürtəkib olan kimi tövbə edirlər.
3. İnsanın batdığı günaha görə dərhal tövbə etməsi təqva nişanəsidir.
4. Allahın zikri tövbə rəmzidir.
5. Nə qədər ki, günahkarın qəlbində Allah zikri diridir, o, müttəqilər zümrəsinə qatıla bilər.
6. Günah insanın özünə zülmüdür.
7. Günahları yalnız Allah bağışlaya bilər.
8. Müttəqilər günah üzərində israr etmir, onu təkrarlamırlar. Günahın təkrarlanması onun kiçik sayılması və Allah zikrindən qəflət nişanəsidir.
9. Davamlı olaraq günahı təkrarlamaq ilahi bağışlanmadan məhrumluq səbəbidir.
136. أُوْلَـئِكَ جَزَآؤُهُم مَّغْفِرَةٌ مِّن رَّبِّهِمْ وَجَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا وَنِعْمَ أَجْرُ الْعَامِلِينَ
"Rəbbi tərəfindən onların (müttəqilərin) mükafatı bağışlanma və ağacları altından çaylar axan bağlardır. Onlar daim orada qalarlar. Əməl sahiblərinin mükafatı necə də gözəldir!”
«Müttəqilər», «yaxşı əməl sahibləri», «əməl əhli» təbirləri üç ayənin sonunda ardıcıl təkrarlanır. Bu təkrarlardan məlum olur ki, təqva guşənişinlik, özünə qapılma halı yox, əməl və ehsan səhnəsində iştirakdır.
1. İnsan paklanmayınca behiştə daxil olmaq ləyaqəti tapmır.
2. Allahın əfvi və bağışlaması insanın tərbiyəsi üçündür.
3. İlahi lütflərə təkcə arzu vasitəsi ilə çatmaq olmaz. Bundan ötrü iş və əməl lazımdır.
Kitabın adı: Nur təfsiri (ikinci cild)
Müəllif: Möhsin Qəraəti