Ustadın xatirəsi
Ömrümdə gördüyüm ən böyük şəxsiyətlərdən, doğrudan da pərhizkarlıq, ibadət və yəqin əhllərinin simvolu və keçmiş alimlərin saleh davamçısı olmuş ustadım mərhum Hacı Mirzə Əliağa Şirazidən bir yuxu xatirəm var ki, məncə onu nəql etmək faydasız olmaz.
1321-ci ilin (1942-ci il) yayında Qumdan İsfahana getdim və onunla birinci dəfə İsfahanda tanış oldum. Əlbəttə, bu tanışlıq sonralar mənim ona qarşı çox güclü məhəbbətimə və onun mənə qarşı ustad və atalıq lütf və mərhəmətinə çevrildi. Bir gün o, ziyarət üçün Quma gəlmişdi. Həmin müddətdə ustad bizim otağımızda qalırdı və onu sevən böyük alimlərin hamısı onunla orada görüşürdülər.
Mən ilk dəfə İsfahana gedəndə həmin şəhərdən olan, düz iyirmi il bir yerdə dərs oxuduğum və indi Qum dini mədrəsələrinin böyük müəllim və müctəhidlərindən olan əziz dostum mənə dedi ki, Sədrəddin mədrəsəsində böyük bir alim var və Nəhcül-bəlağədən dərs deyir, gəl onun dərsinə gedək. Bu təklif mənim üçün ağır idi. Çünki, fikirləşirdim ki, «Kifayətul-üsul» oxuyan tələbənin Nəhcül-bəlağə dərsinə getməyə nə ehtiyacı var?! Nəhcül-bəlağəni özüm oxuyub «bəraət və istishab» qanunları ilə məsələlərimi həll edərəm.
Yay tətili günlərində heç bir işimizin olmadığından və həmçinin bu təklifi əziz dərs yoldaşım verdiyi üçün oraya getdim və tezliklə öz səhvimi başa düşdüm. Başa düşdüm ki, mən Nəhcül-bəlağəni başa düşməmişəm və indi nəinki onu ustadla oxumağa ehtiyacım var, hətta onu dərs vermək üçün düz-əməlli bir ustadın olmamasını da etiraf etməliyəm. Bundan əlavə gördüm ki, təqva və mənəviyyat əhli olan elə bir şəxsiyyətin qarşısındayam ki, biz dini tələbələrin dili ilə desək, «onu görmək üçün uzaq yollardan səfər etməyə dəyən» adamlardandır.
Onun özü, canlı bir Nəhcül-bəlağə idi. Nəhcül-bəlağənin nəsihətləri ruhunun dərinliklərinə işləmişdi. Mən həmin şəxsin Əmirəl-möminin əleyhissəlamın ruhu ilə bağlı olduğunu hiss edirdim. Mən doğrudan da, həmişə hesablayanda, özümün ən böyük ruhi azuqəmin həmin şəxsin söhbətindən olmasını görürəm. Allah ondan razı olsun və onu pak imamalar və övliyaları ilə məhşur etsin.
Mənim həmin şəxsdən böyük xatirələrim var və onlardan biri, indi nəql etmək istədiyim yuxudur. O, bir gün dərs əsnasında göz yaşları ağ saqqalına süzüldüyü halda bu yuxunu nəql etdi.
«Yuxuda gördüm ki, ölümüm çatıb. Mən yuxuda ölümü bizə deyilən kimi gördüm. Özümü bədənimdən ayrı görür və bədənimin qəbristanlıqda dəfn edilməsini müşahidə edirdim. Məni qəbristanlığa apararaq dəfn edib getdilər. Tək qaldım və nə olacağından nigaran idim. Birdən, bir ağ itin qəbirə daxil olduğunu gördüm. Həmin vaxt bu itin mənim kobudluğumun təzahürü olmasını və indi mənim yanıma gəlməsini hiss etdim. Nigaran oldum. Özümü itirmişdim və nə etmək lazım olduğunu bilmirdim, elə bu zaman həzrət imam Hüseyn (ə) gəldi və mənə dedi ki, qorxma, mən onu səndən ayıraram. «(Mərhum Hacı Mirzə Əliağa Peyğəmbər (s) və onun pak Əhli-beytinə (ə) çox bağlı olub. Böyük müctəhid, filosof, ədəbiyyatşünas, arif və təbiblərdən sayılan bu böyük insan hətta, qədim tibb və ədəbiyyat kimi bəzi sahələrdə birincilərdən sayılıb və İbni Sinanın «Qanun» kitabını tədris edib. O, həmçinin imam Hüseyn (ə) yolunun xidmətçilərindən idi. Minbərə gedər, moizə edər və dini müsibətlər oxuyardı. Çox az adam tapılardı ki, bu təqvalı və saf şəxsiyyətin minbərinə qulaq assın, amma batinən özündə bir dəyişiklik hiss etməsin. O, minbərdə moizə edəndə, Allah və qiyamətdən danışanda mənəvi və ruhi dəyişiklik halında olar, Allah, Peyğəmbər və Əhli-beyt məhəbbəti, onu özünə tərəf çəkərdi. Allahı zikr etməklə halı dəyişərdi. O, Allah-taalanın bu ayəsinin nümunəsi idi: «Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər.» (Ənfal-2.) Peyğəmbər (s) və ya Əmirəl-mömininin (ə) adını çəkəndə göz yaşı tökərdi. Bir dəfə Ayətullah Bürucirdi, onu Aşura ongünlüyündə keçirdiyi məclisdə söhbət etməyə dəvət etmişdi. Onun minbərləri xüsusi tərzdə keçərdi. Adətən, Nəhcül-bəlağədən kənara çıxmazdı. O, Ayətullahın evində minbərə gedərdi və iştirakçılarının əksəriyyəti elm əhli və tələbələr olan məclis, onun söhbətlərindən çox təsirlənərdi. Belə ki, o, söhbətə başlayandan qurtarana kimi məclisdə göz yaşı və hıçqırtı səslərindən başqa bir şey müşahidə edilməzdi.)
Həmin yuxu məsələsində, şəfaət barəsində nöqtələr var ki, Allahın köməyi ilə gələn fəsildə ona toxunacağıq.
Kitabın adı: İlahi ədalət
Müəllif: Ustad Mürtəza Mütəhhəri