Dünya cəzaları
Cəzaların ikinci növü cinayətlə səbəb-nəticə əlaqəsinə malik olan cəzalardır. Yəni həmin cəza görülmüş cinayətin nəticə və təbii məhsuludur. Bu cəzaları «əməlin cəzaları» və ya «günahın vəzi əsəri» adlandırırlar. Günahların çoxu, bu dünyada ona mürtəkib olana xoşagəlməz vəzi təsirlər göstərir. Məsələn, şərab içmək ictimai ziyanlara səbəb olmasından əlavə, şərab içənin ruhi və cismi vəziyyətinə bir sıra zərərlər də gətirir. Şərab içmək sinirlərin pozulması, qanın laxtalanması və qara ciyər xəstəliklərinin yaranmasına səbəb olur. Fahişəlik bir çox cinsi və infeksiya xəstəlikləri yaradır.
Bunlar günahın zati təsirləridir və qanuni cəzalar olmadıqları üçün cinayətlə cəza arasında tənasübün riayət edilməsi məsələsi burada irəli sürülə bilməz. Nəsihət verənin sözlərinə qulaq asmayan və öldürücü zəhəri başına çəkən şəxs mütləq öləcəkdir. Həmin ölüm zəhər içməyin təbii nəticəsi və vəzi təsiridir. İndi burada kiminsə «bu yazıq yalnız beş dəqiqə günah iş gördü, nə üçün ölümə düçar oldu və varlığını əldən verdi?» deməsi səhv bir işdir. Əgər birinə «özünü dağdan atsan öləcəksən» desələr, onun «mənim özbaşınalığımla bu ağır cəza arasında nə tənasüb və uyğunluq var?» deyib etiraz etmək haqqı yoxdur. Burada, məsələ səbəb-nəticə qanunu məsələsidir. Özünü dağdan atmaq və ya zəhər içmək səbəb, ölmək və məhv olmaq isə onun nəticəsidir. Həmin səbəblərin nəticəsi budur və bundan başqa cür ola da bilməz.
Cinayətlə cəzanın tənasüblüyü məsələsi, əlaqələri zati və gerçək olmayan şərti cəzalara aiddir. Amma təbii cəzalar əməlin nəticəsi və ayrılmaz hissəsidir və bu kitabın ikinci fəslində dediymiz kimi, dünyanın səbəb-nəticə qanununda hər bir şeyin öz yeri var və həqiqi səbəbin həqiqi nəticəyə səbəb olmaması qətiyyən mümkün deyil.
Dünya ilə axirətin fərqlərindən danışarkən dedik ki, dünya əkin, axirət isə biçim mövsümüdür. Amma bəzi əməllər öz nəticələrini elə bu dünyada göstərirlər, necə deyərlər, biçin elə burada olur. Əlbəttə bu, yəni əməlin nəticəsinin burada alınması və biçinin burada olması, ilahi cəzanın bir növüdür. Amma bu kamil cəza deyil. Dəqiq hesab və tam cəza axirətdə olacaq. Dünya əməl evidir və onda bəzən cəza da görünür. Amma axirət yüz faiz cəza və hesab evidir və orada əmələ heç bir imkan yoxdur.
Allahın yaratdıqları məxluqlarla bağlı işlər – istər xalqa xidmət olsun, istərsə də pislik — adətən onun axirət cəza və mükafatından heç bir şey əskilmədən bu dünyada cəza və mükafatlandırılır.
Valideynə pislik bu dünyada cəzalandırılır, xüsusilə əgər həmin pislik valideyni öldürmək olsa. Hətta insanın ata və anası fasiq və kafir olsalar belə, onlara qarşı edilmiş pislik nəticəsiz qalmır.
Abbasi xəlifələrindən olmuş Müntəsir atası Mütəvəkkili öldürdü və qısa bir müddətdən sonra özü də öldürüldü. Halbuki Mütəvəkkil çox xəbis və alçaq bir adam idi. Mütəvəkkil özünün şənlik məclislərində Əmirəl-möminin Əli əleyhissəlamı məsxərə edirmiş. Onun təlxəkləri özlərini o həzrətin şəklinə salır və onu yamsılayaraq məsxərə edirmişlər və öz şerlərində Əli əleyhissəlama qarşı nalayiq sözlər işlədirmişlər. Müntəsir atasının Həzrət Zəhranı (s.ə.) söyməsini eşidir və böyük şəxsiyyətlərin birindən, onun cəzasının nə olmasını soruşur. Həmin şəxs deyir ki, onun cəzası öldürməkdir, amma bil ki, atasını öldürənin ömrü qısalar. Müntəsir deyir ki, mən Allahın itaətində ömrümün qısalmasından qoxmuram. O, atasını öldürür və ondan sonra yeddi aydan çox yaşamır.(Səfinətul-bihar 10-cu cild səh 296.)
Əli əleyhissəlam xalqa yaxşılıq və xidmət etməyin bu dünyadakı əksül-əməli barəsində belə buyurub:
«Birinə yaxşılıq etdikdən sonra onun sənə təşəkkür etməməsi və ya nankorluq etməsi, səni yaxşı işlər görməkdən soyutmasın. Sən öz mükafatını, həmin şəxsdən almaq istədiyindən də çox miqdarda, heç bir yaxşılıq etmədiyin digər birisindən alacaqsan. Hər halda dünya sənin mükafatını qaytaracaq, hətta sən heç vaxt gözləmədiyin yerdən olsa belə!»
Mövləvi əməl və əksül-əməl barəsində belə deyir:
Məzmunu belədir: Bu dünya dağ, əməllərimiz isə nidadır; dağdan bizə tərəf səs qayıdıb gələr.
Başqası isə dünyanın cəza və mükafatları barəsində belə deyib:
Məzmunu belədir: Mən öz gözümlə gördüm ki, bir keçiddə bir quş qarışqanın canını aldı; amma o, başını ovdan qaldırmamışdı ki, başqa bir quş gəlib onun işini bitirdi; pislik edəndə onun afətindən amanda olmağını güman etmə ki, təbiətə cəza vermək vacib edilib.
Əlbəttə, bir nəfər və ya qrupa zərər və ziyan dəyəndə, belə fikirləşməməliyik ki, həmin zərər-ziyan, mütləq onların əməllərinin cəzasıdır. Çünki bu dünya müsibətlərinin digər fəlsəfələri də vardır. Hər halda, bizim fikrimizcə bu dünyada əməlin cəzası məsələsi mövcuddur.
Kitabın adı: İlahi ədalət
Müəllif: Ustad Mürtəza Mütəhhəri