Üç növ cəza
«İki dünya arasındakı fərqlər» və «iki dünya arasındakı əlaqə» başlıqlı söhbətlərimiz indi barəsində danışmaq istədiyimiz məsələ, yəni cəzaların növləri barəsindəki söhbətimiz üçün müqəddimə idi. Biz indiki söhbətimizdə axirətdəki cəza növlərinin dünyadakı cəza növlərindən fərqli olmasını sübut etmək istəyirik. Cinayətlə cəza arasında tənasüb olmaması barəsində edilmiş iradın cavabı bu fərqin başa düşülməsindən asılıdır.
Cəza üç növdür:
1. Şərti cəza; (tənbih və ibrət).
2. Günahla təbii və birbaşa əlaqəsi olan cəza; (dünyadakı cəzalar).
3. Cinayətin öz cilvəsi olan və ondan başqa bir şey olmayan cəzalar (axirət əzabları).
Birinci cəza növü insan cəmiyyətlərində ilahi və ya qeyri-ilahi qanunvericilər tərəfindən müəyyənləşdirilmiş cəza qanunlarıdır. Həmin cəza növlərinin iki faydası vardır. Onlardan biri cəzadan yaranan qorxu nəticəsində, həmin cinayətkarların yaramaz işlər törətmələrinin qarşısının alınmasıdır. Buna görə də həmin cəza növlərini tənbih adlandırmaq olar. Onun digər faydası isə, zərər çəkmiş tərəfin sakitləşməsi və təsəlli tapmasıdır. Bu fayda, cinayət başqalarına qarşı törədildikdə və onların haqlarının pozulduğu təqdirdədir.
İnsanda intiqam və ondan yaranan rahatlanma hissi çox güclüdür və həmin hiss deyəsən ibtidai icma quruluşları vaxtı, indikindən də güclü olub. Əgər canini qanun yolu ilə cəzalandırmasaydılar, cəmiyyətdə həddindən artıq çox pozğunçuluq və özbaşınalıq yaranardı. Bu hiss insanda indi də vardır və ən azı mütərəqqi cəmiyyətlərdə bir az zəif və ya gizlidir. Zülmə məruz qalmış insanda, ruhi gərginlik yaranır və əgər onun həmin gərginliyi aradan qaldırılmasa o, bilərəkdən və ya bilmədən bir gün cinayət törədə bilər. Amma cinayətkarı onun gözü qarşısında cəzalandıranda, onun gərginliyi aradan gedir və ruhu, kin-küdurətlərdən təmizlənir.
Cinayətkarların tərbiyə olunmaları və cəmiyyətdə nizam-intizam yaradılması üçün cəza qanunlarının olması lazım və zəruridir və heç bir şey onun yerini tuta bilməz. Bəzilərinin «cinayətkarı cəzalandırmaq əvəzinə tərbiyə etmək və həbsxana əvəzinə tərbiyə evləri yaratmaq lazımdır» sözləri bir növ «söz oynatmaq» kimidir. Cinayətkarı tərbiyə etmək və tərbiyə evləri yaratmaq şübhəsiz ki, lazımlı və zəruri bir işdir və düzgün tərbiyənin, cinayətin sayını azaltması qətidir. Unutmaq olmaz ki, cinayətlərin baş verməsinin səbəblərindən biri, ictimai qarışıqlıqlar olduğu kimi, düzgün ictimai, iqtisadi və mədəni sistemlərin yaradılmamasıdır və belə mərkəzlərin yaranması cinayətlərin azalmasında mühüm rola malikdir. Amma bunların heç biri digərinin yerini tutmur. Nə tərbiyə və ədalətli quruluş cəzanın canişini ola bilir və nə də cəza, düzgün tərbiyə və ictimai quruluşun yerini tuta bilir.
Tərbiyə nə qədər düzgün və ictimai quruluş nə qədər ədalətli və sağlam olsa da, yenə azğın və itaətsiz insanlar tapılırlar və onların qarşısının alınmasının yeganə yolu, bəzən hətta çox ağır formalı cəzalardır.
İmanı gücləndirmək, düzgün tərbiyə üsulu yaratmaq, cəmiyyəti saflaşdırmaq və cinayətin yaranma səbəblərini aradan aparmaqla cinayətlərin sayını çox azaltmaq olar və həmin yollardan istifadə edilməsi zəruridir. Amma inkar etmək lazım deyil ki, cəza da öz yerində lazımdır və başqa şeylərin heç biri, onun göstərdiyi təsirə malik deyil. Bəşəriyyət hələ ki, nəsihət vermək, yol göstərmək və digər təlim-tərbiyə vasitələri ilə bütün insanları tərbiyə etməyə nail olmayıb və bəlkə heç bundan sonra da olmayacaq və indiki maddi həyat tərzi və mədəniyyətin belə bir iş görəcəyinə, heç vaxt cinayət törədilməycək bir şərait yarada biləcəyinə ümid də yoxdur. Bu günki mədəniyyət, cinayətləri nəinki azaltmayıb, hətta onları daha da çoxaldıb.
Qədimdə aftafa oğurluğu, cib kəsmək və yol kəsmək formasında həyata keçirilən cinayətlər, bu gün minlərlə görünən və görünməyən, gizli və aşkar formalarda baş verir. Müasir dövrdə böyük ticarət gəmilərinin, avtomobil və təyyarələrin oğurlanması halları ilə rastlaşırıq.
Dediyimiz dəlillərə görə, insan cəmiyyətləri üçün şərti cəza qanunlarının zəruri və xeyirli olmasını qəbul etmək lazımdır. Amma əvvəldə qeyd etdiyimiz kimi, cəza qanunlarını müəyyənləşdirənlər, cinayətlə cəza arasındakı uyğunluqlara riayət etməlidirlər.
Amma maraqlı burasıdır ki, axirət dünyasında bu cür qanunların olması ağıla batan deyil. Çünki, orada nə cinayətin təkrarlanması və nə də intiqamdan yaranan rahatlıq hissi məsələsi var və nə də axirət əməl yeri deyil ki, insanı cəzalandırmaq onun ikinci dəfə həmin çirkin əmələ mürtəkib olmaması məqsədi daşısın. Həmçinin Allah-taalada intiqam və ondan yaranan rahatlıq hissi yoxdur ki, O, ürəyini soyutmaq üçün intiqam alsın. Orada məzlumların, xüsusilə Allah övliyaları və geniş ilahi rəhmət təzahürlərindən zülmə məruz qalanların ürəklərini soyutmaq məsələsi də mövcud deyil. Məlumdur ki, Allah övliyalarından olmayan şəxs üçün belə, həmin dünyada bir az xeyir, rəhmət və bağışlanma əldə etmək, düşməndən intiqam almaqdan daha üstündür.
Bundan əlavə bütün əzablar insanların hüquqlarına aid olmadığı üçün, ilahi ədalətin, məzlumların zalımlardan intiqam almaqla razı salınmasını tələb etməsini demək olmaz. Əzabların mühüm bir hissəsi şirk, riya, Allaha ibadətin tərk edilməsi kimi insanların haqqı deyil, Allahın haqqı ilə bağlı məsələlərdə olacaq. Belə olan şəraitdə, dünya cəzalarında dediyimiz iki təsir və xüsusiyyətin heç biri mövcud olmur.
Kitabın adı: İlahi ədalət
Müəllif: Ustad Mürtəza Mütəhhəri