Dünya insanlıq məktəbidir!
Dünya, insan üçün axirətə nisbətdə hazırlıq və təkmilləşmə məktəbidir. Dünya axirətə nisbətdə bir gənc üçün məktəb və universitet dövrü kimidir. Dünya doğrudan da məktəb və tərbiyə ocağıdır.
Nəhcül-bəlağənin qısa kəlmələr bölməsində deyilir ki, bir nəfər həzrət Əlinin (ə) yanına gəlir və dünyanı pisləməyə başlayaraq «dünya zalımdır, dünya insanı aldadır, dünya cinayətkar və hoqqabazdır» və bu kimi sözlər deyərək, gileylənməyə başlayır. Həmin şəxs böyük şəxsiyyətlərin dünyanı məzəmmət etdiklərini eşidib elə bilirmiş ki, dünyanı məzəmmət etməkdən məqsəd, onun həqiqətini məzəmmət etməkdir və dünya zati baxımdan pisdir. Amma əslində o, dünyapərəstliyin, insan və onun səadəti ilə bir araya sığmayan məhdud istək və baxışların pis olmasını bilmirdi. Əli (ə) ona belə deyir: «Dünya səni aldatmır, sən dünyaya aldanırsan; dünya sənə qarşı cinayət törətməyib, sən ona qarşı cinayət törətmisən.» O Həzrət söhbətinin davamında bu nöqtəyə çatır: «Dünya onunla sədaqətli olana qarşı sədaqətlidir, onu dərk edən üçün sağlamlıq mənbəyidir; dünya Allah dostlarının məbəd və ibadətgahı, Allah mələklərinin səcdəgah və namaz yeri, Allah vəhyinin nazil olduğu yer və Allah övliyalarının ticarətxanasıdır».
Şeyx Əttar bu dastanı nəzmə çəkərək belə deyib:
Məzmunu: Bir nəfər o ədalətli Allah şirinin yanında dünyanı pislədi; heydər ona dedi ki, dünya pis deyil sən pissən, çünki ağıldan uzaqsan; dünya həm gecə və həm də gündüz işlənilməsi lazım olan əkin sahəsi kimidir ki, kim başında izzət və din havasını gəzdirirsə, bu dünyadan məhsul götürə bilər; bu gün əkdiyin toxum sabah bar verər, əgər bir şey əkməsən, sabah onun barı puç olar; belə olsa sən dünyadan bir bəhrə aparmayacaqsan və həyat görməmiş öləcəksən; sonra həmişə qəm-qüssə içində qalacaqsan, iş çətin, insan süst, yol isə uzaqdır.
Qurani-kərim buyurur:
«Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur...»(Mulk-2.)
Yəni həyatla ölümün birləşməsi olan dünya, bəşəriyyətin xeyirxahlıq labaratoriyasıdır.
Bilmək lazımdır ki, Allahın imtahanları istedad və bacarıqları aşkar etmək üçündür və hər hansı bir istedadın üzə çıxarılması, onu inkişaf etdirmək və kamilləşdirməkdir. Bu imtahan və sınaq varlığın sirlərindən pərdə götürmək deyil, sirr kimi gizli istedadları üzə çıxarmaqdır. Burada pərdə götürmək yaratmaq istiqamətlidir. İlahi sınaq və imtahan, insanın sifətlərini istedad və qüvvə xəlvətgahından feliyyət və kamal səhifəsinə çıxarır. İlahi sınaq çəkini azaltmaq deyil, onu artırmaqdır.
Bu izahdan sonra məlum olur ki, qeyd etdiyimiz ayə dünyanı istedadların yetişdirilməsi və insanların tərbiyə ocağı olması həqiqətini açıqlayır.
Kitabın adı: İlahi ədalət
Müəllif: Ustad Mürtəza Mütəhhəri