Övliyalar üçün bəla
Buna görə də Allah-taala, bəndələrindən birinə xüsusi lütf göstərəndə onu çətinliklərə salır. «Bəla övliyalar üçündür» məşhur cümləsi də həmin məsələni bəyan edir.
İmam Baqirdən (ə) nəql edilmiş bir hədisdə belə deyilir:
«Kişi səfərdən ailəsinə hədiyyə göndərdiyi kimi, Allah da mömin bəndəsini axtararaq ona bəla hədiyyə edir.»
İmam Sadiqdən (ə) nəql edilmiş bir hədisdə isə belə deyilir:
«Allah-taala bir bəndəsini sevdikdə onu çətinliklər dəryasında batırıb çıxarır».
Yəni, Allah sevdiyi və kamala çatmalarını istədiyi bəndələrini, öz şagirdini çalışması və çabalayaraq üzgüçülüyü öyrənməsi üçün suya atan məşqçi kimi bəlalar dəryasına atır. İnsan üzgüçülük barəsində ömrü boyu kitab oxusa da, suya girməyincə üzgüçü ola bilməz. O, üzgüçülüyü əməli surətdə suya girib, boğulmaqla mübarizəni təcrübədən keçirdikdən və bəzən gec tərpəndiyi üçün özünü boğulmaq təhlükəsi qarşısında gördükdən sonra öyrənir. İnsan çətinliklərdən çıxa bilməsi üçün çətinliklərlə üzləşməli və püxtələşərək kamilləşməsi üçün çətinlik çəkməlidir.
Bəzi quşlar barəsində yazırlar ki, onlar balaları tükləşərək qol-qanad açdıqdan sonra, onlara uçmağı öyrətmək üçün yuvadan kənara çıxarır və yuxarı qaldıraraq göyün ortasında buraxırlar. Quşun balası məcburi olaraq səy göstərməyə başlayır və hərəkət edərək qeyri-münəzzəm qol-qanad çalmağa başlayır. Mehriban ana balası yorulanda və ya yerə çatmağa az qalanda özünü yetirərək onu qanadları üstünə alır və yorğunluğunu alması üçün qanadlarının üstündə saxlayır. Amma bala quşun yorğunluğu çıxan kimi anası onu bir daha göyə qaldıraraq oradan buraxır və onu səy göstərərək qanad çalmağa vadar edir və yorulanda yenə də balasını tutur. Ana quş bu əməli balası uçmaq öyrənincəyə qədər təkrar edir.
Bir dəfə müsəlmanlardan biri Peyğəmbəri (s) evinə qonaq çağırır. Peyğəmbər (s) həmin müsəlmanın həyətinə daxil olanda görür ki, onun hasarının üstündə bir toyuq yumurtadı, amma yumurta ya yerə düşmədi, ya da düşdü, lakin sınmadı. O həzrət bu hadisədən çox təəccübləndi. Ev sahibi dedi: «Təəccübləndinizmi? Səni, Peyğəmbərliyə göndərən Allaha and olsun ki, mənə heç vaxt ziyan dəyməyib.» Peyğəmbər (s) həmin kişinin evini tərk etdi və buyurdu ki, çətinlik və müsibətlərə giriftar olmayan şəxs Allahın lütfündən uzaqdır.
İmam Sadiqdən (ə) nəql edilib:
«Bəlalara ən çox giriftar olan şəxslər Peyğəmbərlər, onlardan sonra fəzilət baxımından sonrakı yerdə duranlar və onlardan sonra da həmin baxımdan yuxarıdan aşağı olanlardır».
Hədis kitablarında Əmirəl-möminin Əli (ə), imamlar və onların övladlarının bəla və çətinliklərinin ağırlığına aid fəsillər vardır.
Nemət və yaxşılıqlar azğınlar və Allahın xoşu gəlməyən adamlar üçün nemət və lütf şəklində olan əzab ola bildiyi kimi, bəlalar da Allah dostları üçün qəzəb və hiddət formasında olan lütfdür.
Kitabın adı: İlahi ədalət
Müəllif: Ustad Mürtəza Mütəhhəri