Cəmiyyət, yoxsa fərd?
Alimlər «cəmiyyət, yaxud fərdin əsaləti» adı ilə fərd və ya kütlənin əsas olması barəsində bəhs edirlər. Bu barədə bəzən fəlsəfi cəhətdən bəhs edilir və bu sual irəli sürülür ki, fərd və şəxs həqiqi, kütlə isə etibari və intizaidir? Yoxsa, məsələ bunun əksinədir və fərd etibari və intizai, cəmiyyət isə həqiqidir? Əlbəttə burada üçüncü bir forma da fərz edilə bilər və o, bunların hər ikisinin əsil və həqiqiliyidir və bizim fikrimizcə bu, düzgün olan yeganə fərziyyədir. Bəzən isə bu məsələ barəsində hüquqi və qanunun fəlsəfəsi baxımından söhbət edilir və məqsəd qanunun hədəfidir. Sual budur ki, görəsən qanunun hədəfi «fərdin xoşbəxtliyidir», yoxsa «kütlənin qüdrəti?» Fərdi əsalətin tərəfdarları deyirlər ki, qanunverici mümkün olan qədər fərd və şəxslərin asayiş, rifah, azadlıq və rahatlığını nəzərdə tutmalıdır və ilk növbədə əhəmiyyət daşıyan məsələ, fərdin xoşbəxtliyidir; cəmiyyətin dağılaraq məhv edilməsindən başqa heç bir şəraitdə, cəmiyyətin mənafeyi bəhanəsi ilə fərdlərin rahatlıq və xoşbəxtliyini əllərindən almaq olmaz. Yalnız belə bir yerdə cəmiyyətin mənafe və məsləhətini fərdi mənafedən üstün tutmaq olar. Çünki, cəmiyyət dağılanda təbii olaraq fərd də məhv olacaqdır və əslində burada da fərdin məsləhət və mənafeyi nəzərdə tutulub. Amma cəmiyyətin əsaləti nəzəriyyəsinin tərəfdarları deyirlər ki, ilk növbədə əhəmiyyət daşıyan məsələ, cəmiyyətin qüdrətli və izzətli olmasıdır və qanunverici və siyasətçilər öz səylərini cəmiyyətin izzət, güclülük və qüdrətliliyi istiqamətində toplamalıdırlar. Fərdin nailiyyət, asayiş, şadlıq, səadət, xoşbəxtlik və azadlığı, bir sözlə fərdlə bağlı olan hər bir şey cəmiyyətə qurban verilməlidir, hətta əgər bütün fərdlər əzab-əziyyət və bədbəxtçilik çəkməli olsalar belə, cəmiyyət başıuca olmalıdır.
Bu iki fikri müqayisə etmək üçün ölkənin dövlət büdcəsini nəzərdə tutaq. Əgər ölkə başçıları fərdi əsaləti düşüncəsinə malik olsalar, cəmiyyətin ümumi inkişafı zəifləsə belə, öz ölkələrinin büdcələrini fərdlərin asayişini təmin etmək və ölkə əhalisinin ümumi iqtisadi vəziyyətinin yaxşılaşması istiqamətində olan proqramlara sərf edəcəklər. Amma onlar, cəmiyyətin əsaləti təfəkkürünə malik olsalar, fərdi ehtiyaclara əhəmiyyət verməyərək cəmiyyətin gələcək inkişafını və digər cəmiyyətlər arasında baş ucalığını təmin edəcək proqramlar hazırlamağa çalışacaqlar. Dünyanın qüdrətli ölkələrinin kosmik uçuş proqramları həmin təfəkkür tərzinə əsaslanır. Bildiyimiz kimi, həmin proqramlar səhiyyə və ümumi təlim-tərbiyə proqramlarından qabaqda durur. Həmin proqramları hazırlayanlar üçün ölkələrində insanların ac, xəstə, nadan və cahil olmaları əhəmiyyət daşımır. Onlar üçün mühüm olan şey, ölkələrinin baş ucalığı və iftixar məsələsidir. Bu proqramların xərci o qədər ağır və çoxdur ki, həmin xərclər ölkə əhalisinin belini sındırır və həmin dövlətlər, incə hiylələrlə dünya sərvətlərinin əlli faizini oğurlamalarına baxmayaraq, yenə də büdcə çatışmamazlığı ilə üzləşirlər.
Məsələ burasındadır ki, həmin böyük büdcələr iqtisadi, mədəni və səhiyyə proqramı ilə ümumi kütlənin xeyrinə sərf edilsə, xalq üçün rifah, asayiş və azadlıq yarana bilər. Amma həmin büdcələr əhalinin əzilməsinə baxmayaraq, dediyimiz proqramlara sərf ediləndə cəmiyyətin fəxr və ağalığına səbəb olur.
Cəmiyyətin əsaləti nəzəriyyəsinin tərəfdarları deyirlər ki, ilk növbədə cəmiyyətin qüdrət və iftixar məsələsini nəzərə almaq lazımdır. Fərdi əsalətin tərəfdarları isə, ilk növbədə fərdin mənafe, asayiş və azadlığının mülahizə olunmasını vurğulayırlar.
Bizim bu məsələni irəli sürməkdən məqsədimiz, diqqəti fərdin hesabının kütlənin hesabından ayrı olmasına cəlb etməkdir. Fərd üçün ziyanlı və çirkin olan şey, cəm üçün xeyirli və gözəl ola bilər.
Kitabın adı: İlahi ədalət
Müəllif: Ustad Mürtəza Mütəhhəri