![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
İslamın şirkə qəti qələbəsi
Bütpərəst ərəblərin qoşunu çəyirtkə kimi axışaraq müsəlmanların altı gün qabaqca qazdıqları dərin xəndəyin kənarında endilər. Onlar elə təsəvvür edirdilər ki, müsəlmanlarla Ühüd çölündə olduğu kimi qarşılaşacaqlar. Amma bu dəfə müsəlmanlardan heç bir əsər-əlamət görməyərək öz yollarına davam etdilər. Nəhayət, gəlib Mədinə şəhərinin darvazasına çatdılar. Mədinənin zərbə endirilə biləcək nöqtələrində qazılmış dərin xəndəkləri görüb heyrətə daldılar. Onların sayı on min nəfərdən artıq idi, amma islam mücahidlərinin sayı üç min nəfərdən çox deyildi.
Mədinənin mühasirəsi təqribən bir ay çəkdi. Düşmən əsgərləri hər vaxt xəndəyi keçmək fikrinə düşsəydilər, xəndəkdən az bir məsafədə qazılmış səngərlərdə özlərinə mövqe seçmiş mühafizəçilərin şiddətli müqaviməti ilə qarşılaşırdılar. Hər iki tərəf gecə-gündüz bir-birinə ox atır, heç biri digərinə qələbə çala bilmirdi. Bu vəziyyətin belə davam etməsi düşmən qoşununa çox baha otururdu. Çünki havanın soyuqluğu və yemin azlığı minik heyvanlarının canını təhdid edirdi. Az qalırdı ki, döyüş ruhiyyəsini itirsinlər, yorğunluq və süstlük onların ruhiyyələrini öldürsün. Buna görə də, qoşun başçıları öz qorxmaz və güclü əsgərlərini xəndəkdən keçirməkdən başqa bir çıxış yolu görmürdülər. Qüreyş ordusunun qəhrəmanlarından altı nəfər öz atlarını xəndəyin ətrafında sürətlə çapıb dar bir yerdən keçərək, meydana daxil oldular. Bu altı nəfərdən biri ərəblərin məşhur pəhləvanı olan Əmr ibni Əbdüvəd idi. O, Ərəbistan yarımadasında ən güclü və ən şücaətli döyüşçü idi, min nəfər cəngavərə bərabər sayılırdı. O, poladdan hazırlanmış zirehli paltar geymişdi, müsəlmanların qarşısında şir kimi nərə çəkib deyirdi: "Cənnət iddiaçıları haradadırlar?! Sizin içərinizdə bir nəfər yoxdurmu ki, məni cəhənnəmə göndərsin, yaxud mən onu cənnətə göndərim?!" Onun sözləri ölümə çağırış idi. Bu pəhləvanın ardıcıl nərələri qəlblərə ölüm saçan bir qorxu salmışdı. Sakin qulaqlar tıxanmış, dillərin cavab vermək qabiliyyəti alınmışdı. Ikinci dəfə olaraq, bu ərəb pəhləvanı atın yüyənini buraxdı və müsəlmanların qarşısında özünü vüqarlı göstərib lovğalandı və mübariz istədi. Hər dəfə onun mübariz tələb etmək səsi eşidiləndə yalnız bir nəfər gənc ayağa qalxıb meydana getmək üçün Peyğəmbərdən icazə istəyirdi, amma hər dəfə o həzrətin müqaviməti ilə qarşılaşırdı. O gənc Əli (ə) idi. Peyğəmbər onun istəklərinə belə cavab verirdi: "Əyləş, bu Əmrdir!" Əmr üçüncü dəfə nərə çəkib qışqırdı: "Qışqırmaqdan səsim tutuldu! Sizin aranızda meydana gələcək bir nəfər yoxdurmu?!" Bu dəfə də Əli (ə) yalvararaq Peyğəmbərdən döyüşə getmək üçün icazə istədi. Peyğəmbər (s) buyurdu:–Bu mübariz tələb edən Əmrdir.
Əli (ə) dedi:–Eybi yoxdur.
Nəhayət, Peyğəmbər onunla razılaşdı, öz qılıncını ona verdi, əmaməsini onun başına bağladı, sonra ona belə dua etdi: "Pərvərdigara, Əlini pis hadisələrdən hifz et! Ilahi, Bədr döyüşündə Übeydəni, Ühüddə Həmzəni məndən aldın. Ilahi, Əlini xətərlərdən hifz elə!" Sonra isə "Ənbiya" surəsinin 89-cu ayəsini tilavət etdi.
Sonra bu tarixi cümləni buyurdu: "Imanın hamısı ilə küfrün hamısı qarşı-qarşıya dayanmışdır." Əli (ə) imanın, Əmr isə şirk və küfrün təmsilçisi idi. Mümkündür, bu cümləni deməkdə Peyğəmbər (s)-in məqsədi imanla küfr arasındakı məsafənin çox az olmasını və həmçinin bu döyüşdə iman qüvvələrinin məğlub olacağı təqdirdə şirkin mövqeyinin bütün dünya səviyyəsində möhkəmlənəcəyini göstərməkdir.
Imam (ə) itirilmiş vaxtın əvəzini çıxmaq üçün sürətlə meydana getdi və ərəb pəhləvanlarının qafiyə vəznində oxuduğu bir rəcəz oxudu. Onun məzmunu belə idi: "Tələsmə! Güclü bir kişi sənə cavab verməyə gəlmişdir."
Əli (ə) zirehli paltar geymişdi, gözləri dəbilqənin altından parlayırdı. Ərəb pəhləvanı Əli (ə)-la tanış olduqdan sonra onunla döyüşməkdən çəkindi. Dedi:–Atan mənim dostlarımdan idi, mən onun oğlunun qanını tökmək istəmirəm.
Ibni Əbil-Hədid yazır: Mənim tarix müəllimim Əbül-Xeyr tarixin bu hissəsini tədris edəndə belə dedi:–Əmr Bədr döyüşündə iştirak etmiş, Əlinin igidlik və şücaətlərini yaxından görmüşdü. Buna görə də bəhanə gətirərək, belə bir qəhrəmanla qarşılaşmaqdan qorxurdu.
Nəhayət, Əli (ə) ona dedi:–Sən mənim ölümümə görə qüssələnmə! Mən öldürülsəm də, qələbə çalsam da xoşbəxt olacağam, yerim cənnətdə olacaq. Amma hər halda cəhənnəm sənin intizarındadır.
Bu vaxt Əmr gülümsəyib dedi:–Qardaşoğlu! Bu, ədalətli bölgü deyil, qoy cənnət də, cəhənnəm də hər ikisi sənin olsun!
Əli (ə) bu vaxt onun Allaha etdiyi nəzri yadına saldı: "Qüreyşdən hər kəs ondan iki şey istəsə, birini qəbul edəcək."
Əmr dedi:–Bəli, belədir.
Əli (ə) dedi:–Ilk istəyim budur: Islamı qəbul et.
Ərəb pəhləvanı dedi:–Bu istəkdən vaz keç. Çünki sənin dininə ehtiyacım yoxdur.
Əli (ə) dedi:–Sən gəl döyüşdən əl çəkib öz yurduna qayıt və Peyğəmbərin işini başqalarına tapşır. Əgər o qələbə çalsa, Qüreyş üçün bir səadətdir. Yox, əgər öldürülsə, sənin arzun döyüşsüz həyata keçər.
Əmr cavabda dedi:–Hətta Qüreyş qadınları belə söz deməzlər. Məhəmməd əlimə düşən halda necə qayıdım? Indi artıq öz əhdimə əməl etməyin vaxtı çatıb, çünki mən Bədr döyüşündən sonra nəzir eləmişəm ki, Məhəmməddən intiqam almayınca başıma yağ sürtməyəm.
Bu dəfə Əli (ə) dedi:–Belə isə döyüşə hazırlaşmaqdan başqa bir çarən yoxdur. Gərək işin düyünlərini qılınc zərbələri ilə açaq.
Bu vaxt yaşlı pəhləvan qəzəbin şiddətindən qızmış polada döndü. Əli (ə) piyada olduğu üçün o da yerə endi və atın ayaqlarını qılıncdan keçirtdi. Qılıncla Əli (ə)-a hücum edib o həzrətin başına şiddətli bir zərbə endirdi. Əli (ə) onun zərbəsini qalxanla dəf etdi, lakin qalxan iki yerə bölündü, dəbilqəsi də sındı və başı yaralandı. Həmin vaxt fürsəti itirməyib onun başına güclü bir zərbə endirdi və yerə sərdi. Sürətli qılınc zərbələri və meydanda qalxan toz-torpaq hər iki qoşunun bu döyüşün nəticəsini yaxından görməsinə mane olurdu. Birdən Əli (ə)-ın təkbir (Allahu əkbər) səsi ucaldı. Islam qoşunundan şadlıq səsi yüksəldi. Müsəlmanlar bildi ki, Əli (ə) ərəb pəhləvanına qələbə çalaraq onun şərini müsəlmanlardan dəf etmişdir. Bu adlı-sanlı pəhləvanın öldürülməsi xəndəyi keçən və döyüşün nəticəsini gözləyən digər beş pəhləvanın: Əkrəmə, Hübeyrə, Nofəl, Zərrar və Mirdasın qaçmasına səbəb oldu. Onlardan dörd nəfəri xəndəyi keçib öz qoşunlarına tərəf gedə bildi və Qüreyşi öz böyük qəhrəmanlarının öldürülməsindən xəbərdar etdi. Amma Nofəl atla qaçanda xəndəyə düşdü. Əli (ə) xəndəyə girib bir zərbə ilə onu öldürdü. Bu pəhləvanların öldürülməsi müharibə odunun sönməsinə və qəbilələrin hər birinin öz vətənlərinə qayıtmaq fikrinə düşməsinə səbəb oldu. Çox keçmədən havanın soyuqluğu və (atlar və dəvələr üçün) yemin azlığı kimi çətinliklərin olması ilə qarşılaşan on min nəfərlik ordu geri qayıtdı. Ən güclü düşmən tərəfindən təhdid olunan islamın əsası və bünövrəsi Əli (ə)-ın fədakarlığı və qəhrəmanlığı sayəsində qorunub saxlandı.
Kitabın adı: Vilayət günəşi (birinci cild)
Müəllif: Ayətullah Cəfər Sübhani
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |