Ədalət, yaxud tövhid
Hədis əhlinin Mötəziləyə qarşı irəli sürdüyü və onların düzgün cavab verə bilmədikləri irad budur ki, «ədalət» prinsipi (ixtiyar, gözəllik və qəbahətin əqli olması, Allah işlərinin hədəf və məqsədə malik olmasına şamil olan ədalət) əməli və hətta zati tövhidlə uyğun gəlmir, çünki Mötəzilənin ixtiyarı bir növ «təfviz», yəni həvalədir. Belə ki, Mötəzilənin qail olduğu ixtiyar bir növ həvalə və haqdan ixtiyarın alınmasıdır. Bu isə həm dəlillə isbat edilmiş və həm də Quranın hər yerində gözə çarpan əməli tövhidin ziddinədir. Fikrimizdə, çirkin olan işlərdən uzaq hesab etmək bəhanəsi ilə fail olmaqda Allahın zatına şərik qoşmaq rəvadırmı? Biz onsuz da müstəqil, özbaşına və fail olmasında Haqqın zatına ehtiyacı olmayan faillərə qail olmaqla Allaha şərik qoşmuşuq. Quranın aşkar ayəsi isə belə buyurur:«Özünə heç bir övlad götürməyən, mülkündə heç bir şəriki olmayan, zəif, aciz olmadığı üçün heç bir dosta, hamiyə ehtiyacı olmayan Allaha həmd olsun.»
Mötəzilə məktəbinin Allah işində fərz etdiyi hikmət və məsləhət Haqqın zati tövhidi, Onun mütləqiyyət, misilsizlik və hansısa səbəbin nəticəsi olması ilə ziddir, çünki insanın öz işlərini hədəf və məqsədlərə görə görməsi əslində onun həmin hədəf və məqsədlərin təsiri altına düşməsi deməkdir. Məgər son hədəfin faili illətin faili deyilmi? Yəni failin failliyinə səbəb, son hədəfdir və o olmasa həmin fail də olmaz. İnsanın öz işlərində hədəf və məqsədə malik olmasının səbəbi, əslində hədəf və məqsəd tərəfindən ona müəyyən bir cəbrin hökmranlıq etməsidir. Allah-taala isə hər bir cəbrdən, hətta hədəf və məqsəd cəbrindən də azaddır.
Əşərilər iddia edirlər ki, işlərin yaxşı və pisliyinin zati olması və Allah-taalanın işlərinin həmin meyar əsasında olmasına hökm etmək, bir növ Onun üçün vəzifə təyin etmək deməkdir, yəni bu, o deməkdir ki, Allah öz işlərini insan ağlının müəyyənləşdirdiyi çərçivədə yerinə yetirməlidir. Allahın mütləq iradəsi bu məhdudiyyətlərdən uzaqdır.
Xülasə, Əşərilər iddia edirlər ki, Mötəzilə məktəbinin ədalət, əql, ixtiyar və ya hikmət adı ilə irəli sürdüyü şeylər, birincisi xaliqi məxluq ilə müqayisə etmək deməkdir, ikincisi isə bu iş zati və əməli tövhidlə ziddir.
Mötəzilə ardıclları da qarşılıqlı olaraq, onların əqidələrini Qurani-kərimdə dəfələrlə tənzih (paklaşdırma) adı ilə təkrarlanmış əsasla zidd əqidə hesab edir. Mötəzilə məktəbinin ardıcılları deyirlər ki, Əşərilərin əqidəsi, bizdən, Quranın, haqqın zatının ondan uzaq və pak olmasını vurğuladığı zülm, bihudəlik və pozğunçuluq kimi şeyləri Ona nisbət verməyimizi tələb edir. Onlar deyirlər ki, ədalət və ixtiyarın olmaması bizdən, Allahı ixtiyarsız bəndələr yaradaraq onların öhdəsinə vəzifə qoyduğu və həmin ixtiyarsız bəndələrə günah etdikləri üçün əzab verdiyi üçün zalım hesab etməyimizi tələb edir. Çünki həmin əqidəyə əsasən, əslində, görülən hər bir işin faili bəndə deyil, Allahdır. Belə olan surətdə günah edən də bəndə deyil, Allah olur. Əşərilərin əqidəsinə görə, Allah işlərinin heç bir hədəf və məqsədi olmadığı üçün O, bihudə və boş iş görmüş olur. Deməli, Əşərilərin əqidələri bizdən dəlil və Quranın birlikdə Allahdan uzaqlaşdırdıqları şeyi, yəni zülm, bihudəçilik və fəsadın Ona nisbət verilməsini tələb edir.
Bu iki məktəbin hər birinin həm zəif, həm də güclü bir nöqtəsi var. Onların güclü nöqtələri, müxalif məktəbə tutduqları iradları, zəif nöqtələri isə onların hər birinin öz məktəblərini hərtərəfli və kamil məktəb kimi müdafiə etmək istəmələridir.
Hər iki məktəbin tərəfdarları, məktəblərini yaxşı müdafiə edə bilməmələri və onlara tutulan iradlara cavab verə bilməmələrinə baxmayaraq, öz məktəblərinin düzgünlüyünü müxalif məktəbin etibarsızlığını sübut etməklə isbat etmək istəyirlər. Onların hər biri müxalif məktəbin zəif nöqtələrini çox yaxşı bilir və bir-birlərinə kəskin hücumlar edirlər.
Belə bir məşhur hadisə nəql ediblər: Bir gün ixtiyar əqidəsi tərəfdarlarından olmuş Qilan Dəməşqi həmin əqidəni inkar edən Rəbiə Ər-rəylə rastlaşır və gəlib onun başı üstündə dayanaraq belə deyir: «Sən Allahın günah edilməsini istədiyini güman edən şəxssən.» Yəni sən Allahın, insanların günah etmələrini sevməsini deyirsən. Onun məqsədi budur ki, sənin cəbr əqidənin inkaredilməz nətitəcəsi, bəndələrin günah etmələrinin Allahın iradə və istəyi ilə olmasıdır. Sənin əqidənə görə, Allah-taalanın özü insanların günah etmələrini istəyir və sevir.
Rəbiə Ər-rəy öz əqidəsini müdafiə etmək əvəzinə, Qilan Dəməşqinin əqidəsindəki zəif nöqtəni nəzərdə tutaraq belə deyir: «Sən də Allaha qarşı zorla günah edilməsini güman edən şəxssən». Yəni, sən elə güman edirsən ki, Allah bir şeyi, bəndələr isə başqa bir şeyi istəyirlər və Allah məcburi şəkildə bəndələrin istəklərinə tabe olur.
Qazi Əbdulcabbar Mötəzili bir gün Sahib ibni İbadın yanında oturubmuş. Bu zaman əşəri və cəbri məslək, olan Əbu İshaq İsfəraini onlar oturan yerə daxil olur. Qazinin gözü Əbu İshaqa sataşan kimi uca səslə belə deyir: «Haqqın zatı Ona pis işlərin nisbət verilməsindən pakdır.» O, kinayə ilə demək istəyirdi ki, sən Allahı bütün pis və çirkin işlərin faili hesab edirsən.
Əbu İshaq da öz əqidəsini müdafiə etmək əvəzinə tez belə deyir: «Öz hökmranlığında Onun iradəsindən başqa heç kimsənin hakim olmadığı Allah pakdır.» Əbu İshaq da qarşılıqlı olaraq kinayə ilə bunu demək istəyir ki, sən özünün «təfviz» əqidənlə Allaha, hökmranlığında şərik qail olub insanları öz işlərində tam müstəqil və öz ixtiyarlarına buraxılmış hesab edirsən.
Mötəzilə məktəbinin ardıcılları özlərini «ədalət və tövhid əhli» adlandırırlar. Onlar burada Allahın sifətlərindəki tövhidi nəzərə alırlar. Əşərilər isə Allahın zatından kənar və onunla zidd olan sifətlərin Ondan uzaq olmasının tərəfdarıdırlar. Məsələn onlar, Allahın elm, qüdrət və ya həyatını Onun zatına zidd həqiqət hesab edir və onları da Allahın zatı kimi «qədim» bilirlər. Amma Mötəzilə tərəfdarları zata zidd olan sifətə qail deyillər.
Mötəzilə məktəbinin ardıcılları Əşərilərin Allah-taalanın sifətləri barəsindəki əqidələrini bir növ şirk adlandırırlar. Onlar deyirlər ki, Əşərilərin sözlərinin mənası budur ki, biz Allahın zatının kənarında bir sıra başqa qədimlərə də qail olmalıyıq. Qədim olmaq isə məxluq və nəyinsə nəticəsi olmağı rədd etmək deməkdir. Qədim olmaq zatı ehtiyacsızlıqla birgə olduğu üçün, Əşərilərin əqidələrinə görə Allah-taalanın sifətlərinin sayı qədər qədim və zati ehtiyacsızlıq da vardır. Amma Mötəzilə məktəbinin ardıcılları zata zidd olan sifətlərə qail olmadıqları üçün özlərini «ədalət və tövhid əhli» adlandırır və bununla da, Allahın sifətlərindəki tövhidi nəzərdə tutmaq istəyirlər.
Amma Mötəzilə məktəbinin ardıcılları əməli tövhiddə bir çox cavabsız suallarla üzləşməli olur, Əşərilər isə əməli tövhiddə özlərini «tövhid əhli» adlandırırdılar.
Həqiqət budur ki, Mötəzilə məktəbi tövhidi-sifatidə Əşərilərə haqlı iradlar tutmasına baxmayaraq, özləri də həmin məsələni tam həll edə bilməmişdilər. Çünki onlar zata zidd olan sifətlərə qail olmamalarına baxmayaraq, sifətlərin zatla eyniliyinin öhdəsindən də gələ bilməmişdilər. Onlar zatın sifətlərə «canişinliyi» məsələsini irəli sürüblər ki, bu da o məktəbin ən zəif nöqtələrindən biridir.
Əşərilərin başqa zəif nöqtələri də var idi. O məktəb ədalət, əql, ixtiyar və hikmət məsələlərini lazımınca izah edə bilməməklə yanaşı, həddindən artıq maraq göstərdiyi tövhid məsələsində də aciz qalmışdı. Əşərilər əməli tövhid bəhanəsi ilə zati olan səbəb-nəticə qanununu inkar etmək və bütün şeyləri bilavasitə Allahın iradəsindən yaranmasını qəbul etmək məcburiyyətində qaldılar. Bu mövzu ilə tanış olanlar bilirlər ki, bu əqidə müqəddəs ilahi zatın bəsitliyi, ucalıq və ulululuğuna ziddir.
Hər iki məktəb özünü ədalət və əməli-tövhid məqamında tərəddüddə görürdü. Mötəzilə məktəbi öz xəyalı ilə əməli-tövhidi ədalətə, Əşərilər isə ədaləti əməli-tövhidə qurban verirdilər. Amma əslində nə Mötəzilə tərəfdarları ədaləti düzgün izah edə bildi və nə də Əşərilər əməli tövhidin dərinliklərinə yiyələndi.
Əşərilərlə Mötəzilə tərəfdarları arasındakı ixtilaflı məsələlər çoxdur, amma onların ən mühümü iki məsələ, yəni ədalət və tövhid məsələləridir. Əvvəldə gördüyünüz kimi, kəlam bəhsləri ədalətlə bağlı məsələlərdən başladı və daha sonra isə tövhidlə əlaqədar məsələlərə də cirayət etdi. Tövhidin zat, sifət, əməl və ibadətdə tövhid kimi dərəcələri vardır. Zatda tövhidin mənası budur ki, müqəddəs zat öz məqamında yeganədir, onun bənzəri və misli yoxdur. «Ona bənzər heç bir şey yoxdur.» Heç bir şey Onun zatının məqamında deyil; hər şey Onun məxluqudur və Ona möhtacdır; O, hər şeyin yaradanıdır və zati baxımdan ehtiyacsızdır. Bu məsələdə müsəlmanlar arasında heç bir ixtilaf və fikir ayrılığı yoxdur. Amma sifətlərlə bağlı tövhiddə fikir ayrılığı yarandı. Belə ki, Əşərilər tövhidi inkar edərək çoxluq tərəfdarı oldular. Əməli tövhiddə isə məsələ əksinə oldu, yəni Əşərilər tövhidə, Mötəzilə tərəfdarları isə çoxluğa meyl göstərdi. İbadətdə tövhid məsələsində də müsəlmanlar arasında heç bir ixtilaf yaranmadı, Hənbəli təriqətindən olan İbni Teymiyyə başda olmaqla, bəzi islam alimləri, belə bir əqidədə olublar ki, müsəlmanların şəfaətə inamı və Allah övliyalarından hacət istəyərək onlara sığınması ibadətdə tövhid prinsipinə ziddir. Bu fikir sonralar «Vəhhabi» təriqətinin yaranmasına səbəb oldu.
Kitabın adı: İlahi ədalət
Müəllif: Ustad Mürtəza Mütəhhəri