Peyğəmbərin (s) iki xeyir yozması
Nəhsə yozmanın əksinə olaraq, xeyrə yozmaq, İslam rəvayətlərində nəhy olmamışdır. Həzrət Əlidən (ə) nəql olunan bir hədisdə buna tövsiyə olunur:
«Xeyrə yoz, arzuna çat»
Bizim məsum rəhbərlərimiz bəzən əməli olaraq bunu təbliğ edib, bizə göstərmişlər. Məsələn, Hudəybiyyə vadisində müsəlmanların Məkkə kafirləri ilə qarşıdurması barədə oxuyuruq: «Sühəyl ibn Ömər kafirlərin nümayəndəsi olaraq Peyğəmbərin (s) yanına gəldi. Həzrət onun adını bildikdən sonra buyurdu:
«Mən «Sühəyl» adından işi xeyrə yozuram ki, işiniz asan olacaq.»
(Ərəb dilində «Sühəyl» kəlməsinin kökü «səhl» kəlməsidir ki, bunun da mənası «asan» deməkdir.)
Peyğəmbər (s) Pərviz Xosrova, onu İslama dəvət etmək üçün məktub göndərdi. O, məktubu cırdı və cavab olaraq Rəsulallaha (s) bir ovuc torpaq göndərdi. Həzrət bunu yaxşı mənaya yozub buyurdu: «Tezliklə, möminlər oranın torpağını ələ keçirəcəklər.»
Qədim dövrdə insanların belə bir əqidəsi var idi: insanların bir-birlərinə ünvanladıqları məktubları çatdırmaq vəzifəsi olan «Buduvvuh» adında bir mələk var. Onlar məktubların yuxarı tərəfində «Ya Budduvuh» yazardılar ki, indi də bəziləri onun yerinə, əbcəd hesabına uyğun olaraq, o kəlmənin sayını (2468) yazırlar. Bunu, məktubun ünvana çatması üçün yaxşı bir iş sayırlar. Budduvuh kəlməsi, əbcəd hesabına görə aşağıdakı şəkildə hesablanır: 2 = ب, = د 4, 6 = و, ح = 8. Bunların yan-yana düzülüşü 2468 raqamini əmələ gətirir. Əlbəttə, təhqiqat aparıldıqdan sonra «Budduvuh» adında mələk, hədis kitablarında tapılmadı.
Kitabın adı: Xurafat
Müəllif: Seyid İsmayıl Şakir Ərdəkani