Müsəlmanlar Quranın təhrif olunub-olunmaması haqda hansı əqidəyə əsaslanırlar?
Məlum oldu ki, müsəlmanların əksəriyyəti Qurani-kərimdə istər əlavələr, istərsə də ixtisar yolu ilə təhrifə yol verildiyinə istinad etməmişlər.
Belə ki, görkəmli şəxsiyyətlərindən biri olmuş mərhum Şeyx Səduq (r.ə.) Quranın təhrif olunmamasını imamiyyə məzhəbinin ən başlıca əqidələrindən biri kimi qələmə vermişdir. Şeyxut-taifə Əbu Cəfər Tusi, özünün «Tibyan» adlı təfsirində bu mətləbə toxunmuş və bunu ustadı Seyyid Murtəza Ələmul Hudadan nəql etdiyini vurğulamışdır.
Quranın təhrif olunmaması haqda fikir irəli sürmüş digər məşhur müfəssirlərdən biri də «Məcməul-bəyan» təfsirinin müəllifi Təbərsidir. O, kitabının müqəddiməsində bu haqda ətraflı məlumat vermişdir.
Həmçinin Şeyxul-füqəha təxəllüsünü almış «Kaşiful-ğitanın» müəllifi Şeyx Cəfər, «Urvətul-vüsqa»nın müəllifi Əllamə Şəhşəhani Quranın təhrif olunmadığı haqda əsaslı fikir və mülahizələr irəli sürmüşlər. «Vafi» və «Elmul-yəqin» kitabının müəllifi mərhum molla Möhsin Feyz, «Alurrəhman» təfsirinin müəllifi Şeyx Məhəmməd Cavad da bu mətləbə böyük əhəmiyyət vermişlər.
Adları çəkilən nəzər sahibləri ilə yanaşı, Quranın təhrif olunmaması haqda fikir irəli sürmüş şəxslərə gəldikdə, Şeyx Mufidin, bütün islam elmlərinin və eləcə də bir çox dəqiq və humanitar sahələrin mütəxəssisi mərhum Şeyx Bəhaəddin Amili və Qazi Nurullah Şuştərinin adlarını xüsusilə qeyd etmək lazımdır. Şiə alimlərinin imamət barəsində təlif etdikləri əsərlərə nəzər saldıqda, Quranın təhrif olunması haqda heç bir mətləbə rast gəlmirik. Bu isə bir daha üçüncü xəlifənin dövründən sonra Quran nüsxələrində mövcud olmuş təhriflərə birdəfəlik son qoyulduğunu sübuta yetirir.
Ümumiyyətlə, Quranın təhrif olunmaması şiə alimlərinin bir çoxu, əhli sünnə alimlərinin isə bir qismi tərəfindən qəbul olunmuşdur. Bu mətləbi inkar edən varsa, onların sayı çox az və irəli sürdükləri nəzəriyyələr isə əsassızdır. Rafei bu barədə deyir: «Şəxsi nəzəri olmayan bəzi kəlam alimləri heç bir dəlil və əsasları olmadan keçmiş və eyni zamanda batil nəzəriyyəyə əsaslanaraq, Quranın təhrif olunduğuna dair heç bir məntiqə əsaslanmayan mülahizələr irəli sürmüşlər.» (Ecazul Quran 41-ci səh.).
Mərhum Təbərsi «Məcməul-bəyan» təfsirində, Quranın təhrifi haqqındakı nəzəriyyənin Həşviyyə və onun kimi heç bir məlumatı olmayan şəxslər tərəfindən irəli sürüldüyünü qeyd etmişdir.
Kitabın adı: Əl-bəyan 1-ci cild
Müəllif: Ayətullah Hacı Seyyid Əbülqasim Xoyi