Quran əvvəlki səmavi kitablarla müxalifdirmi?
4-cü səhv:
Deyirlər ki, Quranın möcüzə olduğunu qəbul etməyi, onu gətirən şəxsin doğruluğuna dəlil hesab edə bilmərik. Çünki, Quranda nəql olunmuş əhvalatlar Tövrat və İncildə nəql olunmuş əhvalatlarla tamamilə ziddiyyət təşkil edir. Bir halda ki, Tövrat və İncil də Allah-taala tərəfindən göndərilmiş səmavi kitablardır.
Cavab:
Quran, Tövrat və İncildə nəql olunmuş qondarma dastanlarla müxalif olmaqla yanaşı, onları tənqid atəşinə tutaraq qətiyyətlə rədd edir və beləliklə qəlblərdəki şəkk-şübhələri aradan aparmaqla öz həqiqətini bəşəriyyətə sübut edir.
Çünki Quran, batil və xurafi əqidələrlə mübarizə aparan, Allah və Onun peyğəmbərlərinin müqəddəsliyinə xələl gətirən amillərə qarşı çıxan yeganə səmavi kitabdır.
Buna əsasən deyə bilərik ki, Quranın Əhdeyn kitabları ilə müxalif olması, onun həqiqi səmavi kitab olmasına tutarlı bir dəlildir.
Ötən fəsillərdə Tövrat və İncildə nəql olunmuş xurafi dastan və əhvalatlar haqda ümumi məlumat verib, onlardan bəzilərinə işarə etdik. Orada sübuta yetirildi ki, hal-hazırda mövcud olan Tövrat və İncil Musaya və İsaya (ə) nazil olmuş həqiqi ilahi vəhylər toplusu deyildir. Quranın Allah tərəfindən nazil olmuş Tövrat və İncilə qarşı münasibətinə gəldikdə isə, qeyd etməliyik ki, Quran nəinki onlarla müxalifətçilik etmir, hətta onları tamamilə təsdiq edən ən mötəbər bir sənəd də sayılır.
Kitabın adı: Əl-bəyan 1-ci cild
Müəllif: Ayətullah Hacı Seyyid Əbülqasim Xoyi