Quranla mübarizə aparmaq mümkündürmü?
3-cü səhv:
Onlar deyirlər ki, ərəb dilinə yiyələnən hər bir şəxs, Quranda istifadə olunan və ya onlara oxşar ifadələrdən istifadə etməklə Qurana oxşar ikinci bir kitabı asanlıqla tərtib edə bilər.
Cavab:
Bu mövzu ətrafında bəhs etməyə belə dəyməz. Çünki, bir şəxsin Quranda istifadə olunan ifadələrdən istifadə etməsi heç də o demək deyildir ki, o, Quran kimi ikinci bir kitabı tərtib etməyə qadir və bacarıqlıdır.
İxtiyarında tikintiyə lazım olan bütün avadanlıqlar qoyulan Hər bir şəxs uca və gözəl saraylar tikə bilərmi? Əgər onların irəli sürdükləri bu iddia doğrudan da mümkün olsaydı, onda bütün ərəb dilli xalqlar ixtiyarlarında olan söz ehtiyatından istifadə edərək fəsahətli və bəlağətli xütbələr oxuyar və dinləyiciləri heyran qoyardılar.
Sanki onlar da «Nizam» və onun ardıcılları kimi «Sərfə» nəzəriyyəsini irəli sürməklə irad tutmaq istəmişlər. Nizamçılar belə bir əqidəyə əsaslanırlar ki, Quran kimi ikinci bir kitab yazmaq qeyri-mümkündür və bunun səbəbi yazıçının acizliyində deyil, Allah-taalanın bu yolda çalışanları hədəflərinə çatmaqda nakam qoymasıdır. Amma bütün bunlar Quranın möcüzə olmasına əsla dəlalət etmir. Lakin onların irəli sürdükləri bu nəzəriyyəni iki əsaslı səbəbə görə qəbul etmək qeyri-mümkündür.
1. Əgər «Sərfə» dedikdə, Allah-taalanın bütün insanlara Quran kimi ikinci bir kitab yazmaq bacarığı verə bildiyi halda, bunu heç kimə verməməsi nəzərdə tutulsa, tamamilə düz bir fikirdir. Lakin belə olduqda «Sərfə» nəzəriyyəsi təkcə Qurana deyil, peyğəmbərlərin bütün möcüzələrinə şamil olardı.
Yox əgər «Sərfə» nəzəriyyəsindən məqsəd, bəşəriyyətin Quran kimi ikinci bir kitab tərtib etməyə qadir olması, lakin Allah-taalanın bu işdə onlara maneçilik törətməsi olsa, belə bir fərziyyənin batil olduğu asanlıqla hamıya bəlli olar. Çünki, bir çoxları Quranla mübarizə meydanına çıxmış və bu yolda heç kim onların qarşısını maneə ilə almamışdır. Onlar bütün səy və cəhdlərindən istifadə etmiş, lakin son mərhələdə Quranın fəsahət və bəlağətinin qarşısında aciz olduqlarını etiraf etmişlər.
2. Əgər Quranın ecazı «Sərfə» ilə bağlı olsaydı, yəni Allah-taala Quranı nazil etdikdən sonra insanları onunla mübarizə etməkdən məhrum etsəydi, onda heç olmasa Quran nazil olmazdan əvvəl yaşamış söz ustalarının əsərlərində Quranda istifadə olunan ifadələrlə qarşılaşardıq. Əgər belə bir şey olsaydı, Quran müxalifləri öz mübarizə üsullarında bundan səmərəli istifadə edər və onu öz davamçılarına irs qoyardılar. Belə bir ifadələrdən istifadə olunmadığı üçün məlum olur ki, Quranın ecazı yalnız onun özünə aiddir və onunla mübarizə aparmaq sadəcə olaraq bəşəriyyət üçün qeyri-mümkün bir işdir.
Kitabın adı: Əl-bəyan 1-ci cild
Müəllif: Ayətullah Hacı Seyyid Əbülqasim Xoyi