Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Mübahilə gününün həqiqətləri
Zilhiccə ayında olan mühüm əməllərdən biri Mübahilə günü ilə bağlı məsələlərdir. Bu gün öz əhəmiyyətinə, öz fəlsəfəsinə görə əslində İslam tarixində böyük yer tutur. Bu gün – müəyyən mənada İslamın son din olaraq təsdiqinə aiddir və digər tərəfdən, insanın Əhli-beyti (ə) tanımasına, düzgün seçim etməsinə xeyli dərəcədə yardım edən bir fenomendir.
Nərcan heyəti
“Mübahilə” – qarşılıqlı nifrin etmə mənasına dəlalət edən bir məfhumdur. Bu tarixi olay, Həzrət Peyğəmbərin (s) axırıncı peyğəmbər olaraq, Xatəmül-ənbiya olaraq hudayət missiyası ilə, haqq yola dəvət vəzifəsilə bilavasitə əlaqəli məsələdir. Belə ki, Həzrət Rəsuli-Əkrəm (s) Nəcran məsihilərini İslama dəvət etmişdi. Onlar isə müəyyən bəhanələr gətirərək, bu təklifi qəbul etməmişdilər. undan sonra bir hadisələr baş vermşdi ki, çox geniş surətdə yayılaraq, milyonlarla insanın haqq yolunu seçməsinə kömək etmişdir.
Vaqeə belə olmuşdu. Nəcran - Yəmənlə sərhəddə yerləşən bir məntəqədir. Nəcranın əhalisi xaçpərəstlərdən ibarət idi. Peyğəmbərimiz (s) onların yanına təbliğatçılar göndərərək, öz İlahi missiyası ilə bağlı onları məlumatlandırdı və İslama dəvət etdi. İslam Peyğəmbərinin (s) göndərdiyi mübəlliğlər Nəcranda kifayət qədər böyük sayda insanın sonuncu Peyğəmbərin gətirdiyi dinə gəlməsinə səbəb oldu. Amma nəcranlılar arasında böyük bir qrup da var idi ki, bu dəvəti cavablandırmadılar. Rəsuli-Əkrəm (s) onlara məktub yazdı, İslamın haqq və sonuncu din olmasını onlara çatdırdı. Axı o Həzrət bir millətə, bir ölkəyə gəlməmişdi. Bütün bəşəriyyəti hidayət etmək üçün məbus edilmişdi.
Nəcran məsihiləri bu məktuba cavab olaraq, Mədinəyə - Peyğəmbərimizin (s) yanına nümayəndə heyətini göndərdilər. Bu heyət 14 nəfərdən ibarət idi. Bu heyətin başında 3 nəfər ən nüfuzlu xristian ruhaniləri dururdu.
Həzrət Adəmin (ə) misalı
Heyət Mədinəyə çatır və Rəsuli-Əkrəmin (s) hüzuruna gəlir. Onların İslama dəvətin mahiyyəti ilə bağlı sallarının cavabında Peyğəmbəri-Əkrəm (s) buyurur ki, dəvətin mahiyyəti - insanları tövhid (təkilahlıq) dininə dəvət etməkdir, yəni, onlara təklif etməkdir ki, Allahdan başqa ibadət ediləcək məbudun olmadığına və onun nəbiliyinə şəhadət versinlər. Peyğəmbirimizin (s) İslama dəvətinə cavab olaraq, onlar Rəsuli-Əkrəmin (s) İsa peyğəmbər (ə) haqqında rəyini bilmək istədilər. Həzrət Peyğəmbər (s) onlara bildirdi ki, Həzrət Məryəm oğlu İsa (ə) – Allahın Rəsuludur, Aləmlərin Rəbbinin peyğəmbəridir. Allah Təbarəkə Təala Həzrət İsanı (ə) öz elçilərindən biri kimi tanıdıb. Həzrət İsa Allahın bəndəsidir və Allah tərəfindən xəlq edilmişdir.
Lakin, xristian nəcranlılar bunu qəbul etmədilər və bəyan etdilər ki, Həzrət İsa (ə) atasız dünyaya gəldiyi üçün biz onu (nəüzübillah!) Tanrının oğlu kimi tanıyırıq. Bu haqda Rəsuli-Əkrəmə (s) vəhy nazil oldu: “Həqiqətən, Allah yanında İsanın hekayəti (yaradılışın necəliyi baxımından) Adəmin hekayəti kimidir. Allah onu torpaqdan yaratdı, sonra ona “(canlı insan)ol!” dedi, o da oldu (... onların hər ikisi Allahın əzəli əmrilə, atasız insan oldular. Əgər belə bir iş ilahlığa dəlalət edirsə, gərək onların hər ikisi ilah olsunlar”. (“Ali-İmran” surəsi, 59-cu ayə). Yəni, Allah Təala Həzrət Adəmi vasitəsiz, yəni ata-anasız yaratdığı kimi, Həzrət İsanı da vasitələrdən biri olmadan, yəni atasız olaraq dünyaya gətirmişdir. Əgər atasız dünyaya gəlmək insanın Tanrı olması deməkdirsə, nə üçün inda tək Həzrət İsaya bu aid edilir? Nə üçün Həzrət Adəmə aid edilmir?
Mübahilə təklifi
Lakin, Nəcran məsihiləri bu məntiqi qəbul etmədilər. Daha doğrusu, qəbul etmək istmədilər. Çünki, bu onların dünyagörüşlərini alt-üst edirdi və onların üzərinə araşdırma aparmaqla bağlı müəyyən vəzifələr qoyurdu. Əlbəttə ki, əgər xəlq olunmuşlardan kimsə, Allah Təalanın hikməti üzündən, fərqli olaraq dünyaya gəlirsə, məgər bu ilahlığınmı göstəricisidir?! Nəcran məsihiləri bu sadə məntiqi qəbul etmək istəmədilər. Onlar zahirdə İslamı qəbul etdiklərini dedilər. Peyğəmbərimiz (s) isə onlara bildirdi ki, siz gerçəkdə iman gətirməmisiniz. İslam – ürəklə qəbul etməyi şərtləndirən bir dindir. Belə olduqda, onlar İslamı qəbul etməkdən imtina edirlər. Beləliklə, nəcranlılar əks təklif irəli sürdülər. Onlar təklif etdilər ki, müəyyən bir yerdə, müəyyən bir vaxtda yığışaq və haqqın üzə çıxması, nahaqqın məhvi üçün qarğış edək. Bu zaman Peyğəmbərimizə (s) ayə nazil oldu: “Buna görə də, sənə elm gəldikdən sonra, onun barəsində (Həzrət İsa haqqında) səninlə mübahisə edən (höcətləşən) kəsə de: “Gəlin biz öz oğullarımızı və siz öz oğullarınızı, biz öz qadınlarımızı və siz öz qadınlarınızı, biz özümüzü(bizim canımız kimi olan kəsləri) və siz də özünüzü çağıraq, sonra bir-birimizə nifrin edək, beləliklə, Allahın lənətini yalançılara yağdıraq”” (“Ali-İmran” surəsi, 61-ci ayə).
Çox incə bir mətləbdir ki, görəsən Peyğəmbər “oğullarımız” olaraq kimləri özü ilə götürəcək, “qadınlarımız” dedikdə kimləri götürəcək və “özümüz” dedikdə kimi özü ilə götürəcək?
Nəcran məsihiləri bu təklifin ədalətliliyi ilə razılaşırlar və mübahilə üçün vaxt və məkan müəyyən edərək, hazırlaşmağa gedirlər.
Necə heyətlə gələcək?
Axşam yetişir. Məsihilər müşavirə təşkil edərək, sabahkı günü müzakirə edirlər. Bunların başbilənləri deyirlər ki, əgər sabah yeni din gətiməyə, peyğəmbərliyə iddiaı həmin şəxs öz səhabələri ilə gəlsə, demək o, İlahi peyğəmbər deyil. Amma əgər öz ev əhli ilə gəlsə, demək onun iddiası həqiqidir və onda biz gərək bu işə getməyək. O zaman bizim mübahilə etməyimiz pis olar. Çünki, o, öz ev əhlini bu işə dəvət etsə və hazır olsa ki, onları fəda etsin, hazır olsa ki, onlar İlahi əzaba düçar olsun – deməli, həqiqi peyğəmbərdir və iddiası həqiqidir. Bu ona dəlalət edir ki, o, öz iddiasına arxayındır və yəqini var ki, İlahi əzab ona nazil olmayacaqdır.
Nəcranlılar bu düşüncə ilə səhəri açırlar və mübahilə olunacaq yerə gedirlər. Həmin qərarlaşdıqları yerə çatanda görürlər ki, İslam Peyğəmbəri (s) gəlir və qucağında bir uşaq var. Başqa bir uşağın da əlindən tutub yanında gətirir. Onun ardınca da nuranikdə tayı-bərabəri olmayan bir qadın və bir kişi gəlir.
Nəcranlılar görürlər ki, gələn cəmin xüsusi bir mənəvi haləti, böyüklüyü, vüqarı vardır. Xüsusi bir mənəvi heybətlə həmin məkana yaxınlaşırlar.
Nəcranlılar görürlər ki, Rəsuli-Əkrəm (s) yanındakı mübarək cəmə müraciətlə: “Hər zaman ki, mən nifrin dedim, siz “amin” deyiniz”, - deyə buyurur.
Nəcranlılar mübahilə səhnəsini müşahidə etməyə gələn mədinənilərdən soruşurlar ki, bəs Rəsuli-Əkrəmin (s) yanında gələn insanlar kimdir? Mədinəlilər cavab verirlər ki, bunlar Peyğəmbərin (s) yaxınlarıdır, Əhli-beytidir (ə). Və izah verirlər ki, nuraniyyət və əzəmət təcəssümü olan o kişi – Həzrət Əlidir (ə). Nuraniyyət və iffət təcəssümü olan o xanım – qızı Həzrət Fatimədir (s.ə.). Qucağında olan o məsum körpə - nəvəsi İmam Hüseyndir (ə). Əlindən tutduğu o məsum uşaq – böyük nəvəsi İmam Həsəndir (ə).
Vəziyyəti belə görən məsihi ruhanilərin böyüyü bildirdi ki, “Mən özümü əzabın bir neçə addımlığında görürəm”. Bu sözlər tarixə düşmüşdür. Həzrət Peyğəmbəri (s) və Əhli-beytini (ə) tanımayan, amma onların sonsuz nuraiyyətini və mənəvi halətlərini görərək, onların mənəvi üstünlüyünü bilmərrə qəbul edənlərin şəhadətidir bu. Bu nuraniyyət və mənəviyyat zirvəsi qarşısında təzim edənin şəhadətidir bu.
Bu hadisə hicrətin 10-cu ili zilhiccə ayının 24-də baş vermişdir. İslam Peyğəmbəri (s) öz Əhli-beyti ilə Məscidül-icabə yerləşən məkana gəldilər. Amma Nəcran nümayəndələri onları gördükdə dedilər ki, əgər Rəsuli-Əkrəmin hər nifrininə bu insanlar “amin” desələr, oların kökü kəsilər. Və mübahilədən imtina edərək, İslamın himayəsi altına keçirlər.
Ali-Əba (ə) hadisəsi
Bəli, Həzrət Peyğəmbər bu hadisədə İmam Həsənlə İmam Hüseyni - övladları, Həzrət Fatiməni - qadın və Həzrət Əlini öz canı kimi götürüb “mübahilə”yə, yəni, ayədə işarə olunan qarşılıqlı nifrin etmə mərasiminə apardı. Amma bundan öncə, mübahiləyə getməzdən əvvəl, bir əbanı çiyninə saldı və Həzrət Əlini (ə), xanım Fatiməyi-Zəhranı (s.ə), İmam Həsəni (ə) və İmam Hüseyni (ə) əbanın altına salıb, dedi: “İlahi, hər peyğəmbərin əhi-beyti olmuşdur ki, ona insanların arasında ən yaxınları olmuşlar. İlahi, bunlar da mənim əhli-beytimdir (ev əhlimdir). Onlardan şəkk və günahı uzaqlaşdır. Onları bütün pisliklədən paklandır”.
Bu zaman Həzrət Cəbrayıl nazil oldu və onlar haqqında İlahi vəhyi gətirdi: “Həqiqətən, Allah (xüsusi yaradılış iradəsi ilə) siz Әhli-beytdən (əqidə, əxlaq və əməllərdə) hər cür pisliyi təmizləmək və sizi – paklığın bütün cəhətlərində - pak etmək istəyir”. (“Əhzab” surəsi, 33-cü ayə).
Mübahilə hadisəsi tarixi baxımdan çox önəmli hadisədir. Amma onun əsas önəmliliyi təkcə tarixi fakt olmaqlığı ilə bitmir. Bəlkə də bundan daha artıq əhəmiyyətliliyi – müsəlmanlara Peyğəmbirimizin (s) haqq yolunu tapmaqda yardım etməkdir. Belə ki, insanlara Peyğəmbərin (s) ən yaxın insanlarının kim olduğunu bildirməklə, yəni, dini təmsil edən bir məsələdə, peyğəmbərlik iddiasını təsdiqləyən bir missiyada özü ilə götürdyü insanları tanıtdırmaqla, müsəlmanlara haqq yolunun təqdimatı edilir. Kimlərdən Rəsuli-Əkrəmin (s) mənəvi irsini öyrənməli olduqlarını iman əhlinin diqqətinə çatdırır.
“Öğullarımız” dedikdə, Həsən və Hüseyni təqdim edir ümmətə Rəsuli-Əkrəm (s). “Qadınlarımız” deyiləndə, Həzrət Fatiməni (s.ə.) tanıtdırır ümmətə. Bütün möminə qadınların, İslamı təmsil edə biləcək qadınların ünvanı qismində tanıtdırılır Həzrət Zəhra (s.ə.). “Biz özümüz” dedikdə, “canımız” deyildikdə - Həzrət Əlini (ə) təqdim edir bəşəriyyətə. Və bu nuraniyyəti təsdiqləyən nəcranlılar geri çəkilir və bu mənəvi cəmin bütün təbərrüklüyünü bir daha təsdiqləyirlər.
Rüku halında sədəqə
Zilhiccə ayının 24-də digər bir əlamətdar hadisə də baş verib. Həmin gün Həzrət Əli (ə) namaz qıldığı zaman, məscidə dilənçi daxil olub, sədəqə istəyir. Həzrət Əi (ə) namazın rükusunda olan bir vəziyyətdə mübarək əlini dilənçiyə tərəf uzadır və işarə ilə barmağındakı qiymətli üzüyü götürməyi bildirir. Dilənçi həmin üzüyü götürür. Bu zaman ayə nazil olur: “Həqiqətən sizin başçınız və işlərinizin ixtiyar sahibi Allah, onun Peyğəmbəri və o iman gətirənlərdir ki, namaz qılıb rüku halında zəkat verirlər”. (“Maidə” surəsi, ayə 55)
Hər 2 məzhəbin alimləri bu ayənin şərhində nəql edilən hədislərdə təsdiq etmişlər ki, cəm şəkildə buyurulan bu ayənin yeganə nümunəsi - Həzrət Əlidir (ə) və onun rüku halında üzük bağışlama hadisəsidir.
Nəql edirlər ki, bu ayə nazil olan kimi Peyğəmbər (s) məscidə getdi. Bu zaman bir dilənçinin sevincək məsciddən çıxdığını gördü. Həzrət bunun səbəbini soruşduqda, dilənçi namaz halında olan bir şəxsi göstərib dedi: “O rükuda olduğu zaman əlini mənə tərəf uzadıb, barmağındakı bu üzüyü mənə verdi”. Peyğəmbər (s) namaz halında olan şəxsin Әli (ə) olduğunu görəndə təkbir deyərək buyurdu: “Ayə Әlinin barəsində nazil olmuşdur”.
Zilhiccə ayının 24-də bir neçə bəyəilən əməl var. O cümlədən, müstəhəb qüsl almaq, oruc tutmaq, 2 rükətli namaz qılmaq. Bu namazın hər rükətində «Həmd» surəsindən sonra 10 dəfə «İxlas» surəsi, 10 dəfə «Ayətül-Kürsi», 10 dəfə «Qədr» surəsi oxumaq lazımdır.
Eləcə də, həmin gün “Mübahilə” duasını oxumaq bəyənilmişdir. Həzrət Əlini (ə) bu gün ziyarət etmək də çox bəyənilmişdir. Bilavasitə ziyarət edə bilməyənlər, müvafiq ziyarətnamə oxumaq kimi imkanlardan yararlana bilirlər.
Bundan əlavə, həmin gün fəqir insanlara sədəqə vermək çox bəyənilmişdir. Əlbəttə ki, sədəqə vermək İslam dini tərəfindən hər zaman bəyənilir, amma xüsusi günlər var ki, bunlarda əməllərin savabı daha çoxdur.
Uca Allahdan duamız budur ki, bizləri bu günün bərəkətini dərk edənlərdən qərar versin!
Allahım! Bu cəmi dünya və axirətdə Həzrət Peyğəmbər (s) və Əhli-beytindən (ə) ayrı salma! Bu mübarək mənəvi vəziyyətləri cismən və ruhən qəbul etmək tofiqatını bizdən ayrı salma! Mövlanın – 12-ci İmam Həzət Mehdi Sahib-əz-Zamanın (ə.f) əziz zühurunu təcili et və bizi bu mübarək zühürü tezləşdirənlərdən qərar ver! Amin!
Hacı İlqar İbrahimoğlu, ilahiyyatçı-filosof
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |