Qurani-kərim Qiyamət günü bəndələri neçə qrupa bölür?
Sual: Qurani-kərim Qiyamət günü bəndələri neçə qrupa bölür?
Ətraflı cavab: Bu sualın cavabı “Vaqiə” surəsinin 7-14-cü ayələrində verilmişdir. Quran insanların Qiyamət günündəki vəziyyətini nəzərə alaraq onları üç qismə bölür:
وَ کُنْتُمْ اَزْواجاً ثَلاثَهً
“Siz (həmin gün) üç dəstə olacaqsınız.”
Bildiyimiz kimi, “zövc” sözü yalnız kişi və qadın cinsi üçün işlənmir. Bir-birinə yaxın iki əşyaya və yaxud insana da zövc deyilir. Qiyamət günü və məhşərdə bəzi insan qrupları bir-birinə yaxın olduqlarına görə “əzvac” (zövclər) adlandırılmışdır.
Birinci qrup haqqında buyurur:
فَاَصْحابُ الْمَیْمَنَهِ ما اَصْحابُ الْمَیْمَنَهِ
Məymənə əshabı (sağ tərəf əhli)! Nədir məymənə əshabı?
“Məymənə əshabı” dedikdə əməl dəftərləri sağ əllərinə verilən şəxslər nəzərdə tutulur. Bu hadisə Qiyamət günü möminlərin nicat tapmasına işarədir. Necə ki, Quranda dönə-dönə ona işarə olunmuşdur.
“Məymənə” sözü “yəmin” sözündən götürülmüş, səadət və xoşbəxtlik mənasında işlənir. Buradan belə nəticə almaq olar ki, birinci qrup səadətli və xoşbəxt insanlardır.
Daha sonra ikinci qrupdan söz açılır:
وَ اَصْحابُ الْمَشْیَمَهِ ما اَصْحابُ الْمَشْیَمَهِ
“Sol tərəf (məşəmə) əhli! Nədir sol tərəf əhli?”
İkinci qrup nəhs, bədbəxt və çarəsiz insanlardır. Əməl dəftərləri onların sol əllərinə verilir. Bu da onların cinayət və cəzalarının əlamətidir.
Ayədə onların “əshabul-məşəmə” adlandırılması son dərəcə bədbəxt və əlacsız olduqlarını əks etdirir.
Daha sonra üçüncü qrupdan söz açılır.
وَ السّابِقُونَ السّابِقُونَ
“Öncül qabaqcıllar!”
اُولیِکَ الْمُقَرَّبُونَ
“Onlar (Allahın dərgahına) yaxın olanlardır.”
Qabaqcıllar yalnız imanda qabaqcıl olan insanlar deyil, həm də xeyirxah işlərdə, insani sifət və keyfiyyətlərdə qabaqcıl olan insanlardır. Onlar hamıya ülgü, xalqlarına öndər və liderdirlər. Bu səbəbdən Allah dərgahına yaxın və böyük sayılırlar.
Bəzi təfsir alimləri onların qabaqcıllıqlarını yalnız Allaha itaətdə, ya gündəlik beş namazda, ya cihadda, ya hicrətdə, ya da tövbə və s. kimi əməllərdə olduğunu qeyd etmişlər. Lakin bu təfsirlərin tamamı geniş mənanın kiçik bir hissəsini əks etdirir. Çünki “qabaqcıllar” sözü bu təfsirlər də daxil olmaqla daha geniş mənanı ehtiva edir. Həmçinin, bəzi hədis qaynaqlarında “qabaqcıllar” dörd nəfərə; Habilə, Ali-Firon mömününə, Həbibi dülgərə, eləcə də Əmirəl-möminin Əli ibn Əbutalibə (ə) deyilir. İlk üçlük öz ümmətlərində qabaqcıl olmuşlar. Əli (ə) isə kişilər arasında ilk müsəlmanlığı qəbul edən şəxsdir.
Bu açıqlama həqiqətdə ayənin bariz nümunələridir və ayənin mənasını məhdudlaşdırmaq kimi başa düşülməməlidir.
Başqa bir hədisdə Allah Peyğəmbəri (s) buyurur:
اَ تَدْرُونَ مَنِ السّابِقُونَ اِلى ظِلِّ اللّهِ یَوْمَ الْقِیامَهِ؟
“Qiyamət günü Allahın lütfünə doğru qabaqcılların kimlər olduqlarını bilirsiniz? “
Əshabələr dedilər: “Allah və Onun Rəsulu (s) daha yaxşı bilir.”
Peyğəmbər (s) buyurdu:
الَّذِینَ اِذْ اُعْطُوا الْحَقَّ قَبِلُوهُ، وَ اِذا سَاَلُوهُ بَذَلُوهُ، وَ حَکَمُوا لِلنّاسِ کَحُکْمِهِمْ لِاَنْفُسِهِمْ
“Qabaqcıllar, onlara haqqı söylədikdə qəbul edən, haqqlarından keçilmələri istənildikdə haqqı bağışlayan, insanlar barədə özlərində olduğu kimi mühakimə yürüdən kəslərdir.”
Bəzi hədislərdə də qabaqcılların mürsəl və ya qeyri-mürsəl peyğəmbərlər olduğu deyilir.
Hədislərin birində İbn Abbas nəql edir:
Allahın Peyğəmbərindən (s) bu ayə haqqında soruşdum. O, Cəbrailin (ə) ona belə dediyini xatırlatdı:
ذلِکَ عَلِىٌّ(علیه السلام) وَ شِیْعَتُهُ هُمُ السّابِقُونَ اِلَى الْجَنَّهِ، المُقَرَّبُونَ مِنَ اللّهِ بِکَرامَتِهِ لَهُمْ
“Onlar Əli (ə) və onun davamçılarıdır, Allahın onlara xüsusi ehtiramına görə cənnətə doğru irəlidə gedirlər və Allahın dərgahına yaxındırlar.” (“Nümunə təfsiri”, cild 23, səh. 214.)
Mənbə: Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi internet saytı