İmam Həsənin (ə) xüsusiyyətləri
İmam Həsən (ə) kamillik yolunu getmək istəyənlərə fərdi və ictimai siması ilə bənzərsiz bir bələdçi ola biləcək bəşəriyyət simvollarından biridir. Bu haqda nəql edilən rəvayətləri ətraflı şəkildə burada qeyd edə bilmədiyimizdən, bir neçəsi ilə kifayətlənirik:
O həzrətin ibadətdə parlaq siması bəşəriyyət tarixinə gözoxşayan bir gözəllik vermişdir. Bir rəvayətə görə, imam Həsən (ə) buyurmişdur: "Allahın evinə piyada getmədiyim halda, Allahımla görüşməkdən həya edirəm.” Buna görə də, o həzrət iyirmi dəfə Mədinədən Məkkəyə piyada getmişdi. ("Əxbari-İsfahan”, Əbu Nəim İsfahani, c.5, s.44.) Yenə nəql olunmuşdur: "İmam Həsən (ə) iyirmi beş dəfə piyada olaraq həcc səfərinə getdi.” ("Tarixi-xuləfa”, Süyuti, s.73.)
O həzrətin diqqətə çarpan ən önəmli xüsusiyyətlərindən biri də, tarixçilərin dilində dastan olmuş xeyirxahlığı və comərdliyi idi. Bir rəvayətdə belə deyilir: "Bir nəfər o həzrətin hüzuruna gələrək möhtac olduğunu bildirdi. İmam "ehtiyacını yazıb gətir”– deyə buyurdu. O, yazıb gətirdikdə, ehtiyacından ikiqat artığını ona əta edərək razı saldı. ("Əl-məhasin”, Beyhəqi, s.55.)

O həzrətin əxlaqi xüsusiyyətlərindən biri də, səbirli və yumşaqxasiyyətli olması, riya və özünügöstərməkdən çəkinməsi idi. Bu haqda da bir çox hədislər nəql edilmişdir ki, biz burada onlardan sadəcə biri ilə kifayətlənirik:
Bir nəfər şamlı deyir: "Bir gün Mədinədə çox gözəl və yaraşıqlı simaya sahib olan, əyninə təmiz paltar geyinən və bəzədilmiş bir qatıra minən bir şəxsi gördüm. Kim olduğunu soruşduqda, "Həsən ibn Əli ibn Əbu Talibdir (ə)” – dedilər. Bu zaman qəzəb atəşi bütün bədənimi bürüdü və Əli ibn Əbu Talibin (ə) belə bir övlada sahib olduğuna qısqandım. Yanına gedib "Sən Əbu Talibin oğlusanmı?” – deyə soruşduqda, "Mən Əbu Talibin oğlunun oğluyam!” – deyə buyurdu. Elə həmin anda onu təhqir və söyüş yağışına tutdum. Sözlərimi bitirdikdən sonra, o, "Bu şəhərdə qəribsənmi?” – deyə məndən soruşdu. Dedim: "Bəli, qəribəyəm.” Buyurdu: "Mənimlə gəl, əgər evin yoxdursa, qalmağa yer verər, pulun yoxdursa, kömək edər və bütün ehtiyacını ödəyərəm.” Ayrılıq vaxtı yer üzündə o həzrətdən daha çox kimisə sevmədiyim duyğusu ilə ondan ayrıldım.” ("Əl-kamilu fi zuəfair-rical”, İbn Ədiy, c.3, s.1187.)
İslam nöqteyi-nəzərindən varlı və imkanlı şəxslər kasıb və imkansız şəxslərə qarşı böyük məsuliyyət daşıyırlar. Dərin mənəvi əhdlər və müsəlmanlar arasında bərqərar olmuş dini qardaşlıqlara əsasən, varlılar kasıbların ehtiyaclarını mümkün qədər təmin etməyə çalışmalıdırlar. İslam Peyğəmbəri (s) və dini rəhbərlər (imamlar) bu barədə təkcə sifariş deyil, həm də hər biri öz zamanında insansevərlik nümunəsi olmuşlar.
İkinci imam elm, təqva, zahidlik və ibadətlə yanaşı, öz dövrünün səxavətli şəxsi, məzlumların və miskinlərin köməkçisi kimi tanınmışdır. O həzrətin vücudu dərdli ürəklərin, imkansızların pənahı, ehtiyacı olanların ümid yeri idi. Belə ki, bir kasıb belə onun evindən əliboş geri qayıtmazdı. Qəlbi sınmış hər hansı bir şəxs dərdini ona açıb söyləsəydi, İmam (ə) onun dərdinə mütləq bir məlhəm qoyardı. Hətta bəzi vaxtlar imkansız şəxs özü ehtiyacını deməzdən qabaq İmam (ə) onun ehtiyacını ödəyər və ona utanmağa icazə verməzdi.
Müəllif: Rza Şükürlü