Gəl, ey gözümün nuru ağam Sahibi-dövran
Gözlər yolunu aşiq olan gözləri giryan,
Gəl, ey gözümün nuru ağam Sahibi - dövran.
Dünya evi virandır ədalətdən əsər yox,
Döndü xəzana gülşənimiz bağda bəhər yox,
Gözlər dikilib yollara səndənsə xəbər yox,
Gəl, ey gözümün nuru ağam Sahibi - dövran.
Gör bir necə ağuşinə almış bizi qəflət,
Haqdan ki, uzaq düşdü o gündən bəri ümmət,
Allahı qoyub Adəm edir şeytana xidmət,
Eylir bu qədər səhvi-xəta əhli müsəlman,
Gəl, ey gözümün nuru ağam Sahibi - dövran.
Fitnə toxumun səpdi ki, şeytan bu cahanə,
Almış hədəfə mömini, mömindi nişanə,
Haqq əhli qalıb bir yana dönmüş bu zamanə,
Qalmış niyə nahəqlər əlində belə meydan,
Gəl, ey gözümün nuru ağam Sahibi - dövran.
Haqqın şəmi sönmüş, alışıb zülmün ocağı,
İnsanlıq ölüb, sanki onun yoxdu sorağı,
Ey məzlum olan şiələrin arxa - dayağı,
Gəl eylə bu məzlumilərin dərdinə dərman,
Gəl, ey gözümün nuru ağam Sahibi - dövran.
Qoyma qala zalimlər əlində Ağa, dünya,
Gəl yandır ədalət çırağın qıl onu bərpa,
Qoyma yanan hicrindəki aşiqləri tənha,
Şad eylə pərişanları, ey qəlbi pərişan,
Gəl, ey gözümün nuru ağam Sahibi - dövran.
Gəl dini xilas eylə bu şeytanlar əlindən,
Öz nəfsi ilə hökm edən insanlar əlindən,
Gəldi ürəyim təngə o nadanlar əlindən,
Bilməm niyə uymuş bu qədər nəfsinə insan,
Gəl, ey gözümün nuru ağam Sahibi - dövran.
Allah sən özün eylə zühuru bizə qismət,
Gəlsin ki, ağam, onda tapa şiələr izzət,
Yoxdur səni vəsf etməyə bir kimsədə qüdrət,
Əfv eylə xətasın Ağa, Bəhruz sənə qurban,
Gəl, ey gözümün nuru ağam Sahibi - dövran.