8.Düzgün ibadət etmək
İslamda düzgün ibadətin digər mə’nəvi faydaları ilə birlikdə insanı günahdan qorumaqda da mühüm rolu vardır. Ümumiyyətlə ibadət etməkdə məqsəd Allahı tanımaqdan sonra günahlardan qorunmaqdır. İslam dinində bütün ibadətlər təkcə Allaha görə olmalıdır. Bu niyyətlə hər gün ibadət etmək insanın Allahla rabitəsini möhkəmləndirir; insanı Ona daha yaxın edir. «Bəqərə» surəsinin 183-cü ayəsində oruc tutmağın son məqsədi günahlardan təmizlənmək kimi qeyd olunmuşdur. "Ənkəbut» surəsinin 45-ci ayəsində isə namaz qılmaqdan məqsəd günahlardan uzaqlaşmaq kimi bildirilmişdir. Bu barədə bir çox hədislər də vardır:
1. İslam Peyğəmbəri (s) buyurur:
مَثَلُ الصَّلواةِ كَمَثَلِ النَّهْرِ الجارِي، كُلَّما صَلّى، كُفِّرَتْ ما بَيْنَهُما
«Namaz axar su kimidir. İnsan namaz qılarkən etdiyi günahlar təmizlənir».
2. İmam Sadiq (ə) buyurur:
مَنْ اَحَبَّ يَعْلَمَ اَقُبِلَتْ صَلاتُهُ اَمْ لَمْ تُقْبَلْ فَلْيَنْظُر: هَلْ مَنَعَتْ صَلاتُهُ عَنِ الْفَحْشاءِ وَالْمُنْكَرِ؟ فَبِقَدْرِ ما مَنَعَتْهُ قُبِلَتْ مِنْهُ
«Namazının Allah dərgahında qəbul olub-olmamasını bilmək istəyən şəxs namazına baxmalıdır. İbadət edənin namazı onu günahdan nə qədər çəkindirirsə, bir o qədər də Allah dərgahında qəbuldur».
3. İmam Əli (ə) buyurur:
وَالصَّلاةَ تَنْزِيهاً عَنِ الْكبْرِ... واَالنَّهيَ عَنِ الْمُنْكَرِ رَدْعاً لِلسُّفَهاء
«Allah-təala namazı lovğalıqdan (təkəbbürdən) uzaq olmaq üçün vacib etdi».
Günahlardan təmizlənməkdə diqqət olunası mövzulardan biri də günahların müalicə yollarıdır.
Hər bir günahın öz dərmanı və öz müalicə yolu vardır. Bu mövzu əxlaq elmində geniş surətdə araşdırılır. Lakin biz burada bir neçə mövzunu açmağa kömək edən hədisə işarə edirik.
1. Əmmar Yasir deyir: «Kufə şəhərinin küçələrinin birindən keçirdim. Bu zaman İmam Əlini (ə) gördüm. Bir dəstə adam onun başına toplaşmışdı. O Həzrət isə günahların hər birinin müalicə yollarını onlara öyrədirdi».
İmam Əli (ə) başqa bir hədisdə buyurur:
لا وَجَعَ اَوْجَعُ لِلْقُلُوبِ مِنَ الذُّنُوب
«Qəlblərin ən çətin dərdi günah dərdidir».
2. İmam Baqir (ə) buyurur:
لِكُلِّ داء دَواءٌ، وَدَواءُ الذُّنُوبِ اَلاِْسْتِغْفارُ
«Hər dərdin dərmanı var. Günahların dərdi isə tövbədir».
3. İmam Əli (ə) buyurur:
داوُوا بِالتَّقْوى اَلاَْسْقامَ
«Təqvanın (günah etməməyin) vasitəsi ilə dərdlərinzə dərman edin».
Günahın müalicə yolu
Burada günahların müalicə yollarından biri haqqında söhbət açacağıq.
Belə ki, qeybət etməyə adət edən şəxs bu günahı iki yolla müalicə edə bilər.
1. Qeybət haqqında olan ayə və hədisləri oxusun və onun haqqında deyilən ilahi əzablar barədə fikirləşsin.
2. Qeybəti diqqətlə araşdırıb təhlil etsin. Sonra qeybətə səbəb olan həsəd, lovğalıq, paxıllıq və bu kimi amilləri tanısın, daha sonra bu amilləri məhv etməyə çalışsın. Bu vaxt qeybətə səbəb olan amillərin məhv olmasına görə qeybəti də tərk etmək asan olacaq.
Kitabın adı: Günahşünaslıq
Müəllif: Möhsin Qəraəti