İmam Cavad əleyhissəlamın elmi müzakirələri
Qeyd etdiyimiz kimi İmam Cavad (əleyhissəlam) uşaq ikən İmamət məqamına yetişmiş ilk İmam olduğundan, o Həzrət bir sıra elmi müzakirələr təşkil etmiş və bəzi vaxtlar da həmin müzakirələr çox təntənəli şəkildə keçirilmişdir. Bu müzakirələrin təşkil edilməsinin əsas səbəbi o idi ki, bir tərəfdən o Həzrətin yaşının az olmasına görə onun İmam olması bir çox şiələr üçün hələ tam sübuta yetməmiş (baxmayaraq ki, şiələrin əsas alim və başbilənlərinin şiə əqidələrinə dair bu barədə heç bir şəkk-şübhəsi olmamışdır), buna görə də, arxayınlıq əldə etmək məqsədilə o Həzrətə çoxlu sayda suallar verirdilər. Digər tərəfdən də, İmam Cavad əleyhissəlamın yaşadığı dövr Mötəzilə məzhəbinin qol-budaq atıb genişlənərək nüfuz tapdığı bir dövr olmuş, yerli hökumət də, onları himayə edir və bu məzhəbin əqidələrini möhkəmlətmək, digər məzhəbləri isə nüfuzdan salmaq üçün əlində olan bütün maddi və mənəvi imkanlardan istifadə edirdi. Mötəzilə məzhəbinin əqidələri bəşərin naqis və səhv edən ağlına arxalanır. Mötəzilə məzhəbində olanlar dini hökmləri ilk növbədə öz ağılları ilə ölçərək ağılları qəbul edənə əməl edir və ağıllarının qəbul etmədiklərini isə inkar edirdilər. Bir uşağın kiçik yaşlarından ümmətə rəhbər və İmam seçilməsi onların ağlına sığmadığı üçün öz fikirlərində İmam Cavad əleyhissəlamı elmi mübarizə meydanında məğlub edəcəklərini düşünüb, o Həzrətə çətin və dolaşıq suallar verirdilər. Ancaq bu müzakirələrin hər birində İmam Cavad (əleyhissəlam) (İmamət elmi sayəsində) öz qəti və aydın cavabları ilə özünün İmam olması məsələsi üzərindən bütün şəkk-şübhəni qaldıraraq İmam olduğunu və ümumiyyətlə, İmamət məsələsini isbat edirdi. Buna görə də, daha İmam Hadi əleyhissəlamın İmaməti dövründə (o Həzrət də kiçik yaşlarında ikən İmamət məqamına yetişmişdi) bu məsələ heç bir müşkül doğurmurdu. Çünki artıq hamıya məlum olmuşdu ki, yaşın az olması Allah tərəfindən verilmiş bu məqama heç bir təsir göstərə bilməz.
Yəhya İbn Əksəmlə elmi mübahisə
Məmun Tus şəhərindən Bağdada köçdükdən sonra İmam Cavad əleyhissəlama bir məktub yazıb onu Bağdada dəvət edir. Bu dəvət də, İmam Riza əleyhissəlamın Tus (Mərv) şəhərinə dəvət olunması kimi zahirdə könüllü, həqiqətdə isə məcburi bir səfər olmuşdur. İmam Cavad (əleyhissəlam) Məmunun dəvətini qəbul edib Bağdada gedir. Bir neçə gündən sonra Məmun onu öz sarayına dəvət edərək ona qızı Ümmul-Fəzllə evlənmək təklifini edir. İmam Cavad (əleyhissəlam) Məmunun bu təklifi qarşısında sükut edir. Məmun da sükutu razılıq əlaməti sayıb tədarük fikrinə düşür. O, təntənəli şəkildə bir məclis qurmaq istəyirdi. Lakin bu xəbərin Bəni-Abbas arasında yayılması böyük narazılığa səbəb olur. Bəni-Abbas sülaləsinin nümayəndələri bir yerə toplaşaraq Məmuna öz etirazlarını bildirib dedilər: "Bu nə işdir görürsən? Əli ibn Musa ər-Rizanın vəfat etdiyi və hakimiyyətin Bəni-Abbasın əlində olduğu bir halda hakimiyyəti yenə də, Əlinin övladlarına vermək istəyirsən? Biz bu işə yol verə bilmərik. Aramızda olan neçə illik düşmənçiliyi unutmusan?” Məmun soruşur: "Bəs sizin fikriniz nədir?” Onlar dedilər: "O, uşaqdır və hələ elm və bilikdən xəbəri yoxdur.” Məmun dedi: "Siz bu ailəni yaxşı tanımırsınız, onların kiçiyi də, böyüyü də tükənməz elm sahibidir. Əgər mən deyənə razı deyilsinizsə, onda onu yoxlayın. Qəbul etdiyiniz bir alimi gətirib onunla bəhs etdirin, onda mənim dediklərimə inanarsınız.”
Abbasilər alimlərin arasında (öz elmi ilə aləmə səs salmış) Yəhya ibn Əksəmi seçirlər. Məmun İmam Cavad əleyhissəlamın elm və bilik səviyyəsini yoxlamaq üçün bir məclis təşkil edir. Həmin məclisdə Yəhya ibn Əksəm üzünü Məmuna tutub deyir: "İcazə verirsən, bu gəncə bir sual verim?” Məmun deyir: "Onun özündən icazə al!” Yəhya İmam əleyhissəlamdan icazə istədikdə, o Həzrət buyurur ki, nə istəyirsən, soruş!” Yəhya deyir: "Həcc mövsümü zamanı ehram bağlayıb heyvan ovlamış şəxsin hökmü necədir?” İmam Cavad (əleyhissəlam) buyurur: "Həmin şəxs o heyvanı hərəmdən kənarda ovlamışdır, yoxsa hərəm daxilində? Ehram bağlamış şəxs ehram haqqında heyvan ovlanmasının haram olduğunu bilib, yoxsa yox? Heyvanı bilərəkdən ovlamışdır, yoxsa bilmədən? Heyvanı ovlayan şəxsin özü azad insan olub, yoxsa qul? Uşaq olmuşdur, yoxsa böyük? Birinci dəfədir bü cür iş görür, yoxsa bir neçə dəfə (bundan qabaq da) belə iş görüb? Ovladığı heyvan quşlar cinsinə aiddir, yoxsa quş deyil? Böyük heyvan olub, yoxsa kiçik? Gördüyü bu işdən peşman olub, yoxsa yox? Heyvanı gecə ovlayıb, yoxsa gündüz? Bağladığı ehram ümrə həccinin olub, yoxsa təməttö həccinin?”
Bu məsələ barədə İmam Cavad əleyhissəlamın müxtəlif hallar qeyd etməsinə heyran qalmış Yəhya ibn Əksəmin üzündə zəiflik hiss olunur və dili topuq vurmağa başlayır. Belə ki, bütün məclisdəkilər onun İmam Cavad əleyhissəlamın qarşısında aciz olduğunu açıq-aşkar hiss edirlər. Bu vaxt Məmun deyir: "Şükr olsun Allaha ki, mənim fikirləşdiyim düz çıxdı.” Sonra isə üzünü öz qohum-əqrəbasına tutub deyir: "Qəbul etmədiyiniz həqiqəti indi anladınızmı?”
Ehram bağlamış şəxsin heyvan ovlamasının müxtəlif hallarının hökmü
Məclisdə gedən müzakirədən sonra camaat çıxıb gedir və təkcə xəlifənin yaxın qohum-əqrəbası qalır. Məmun İmam Cavad əleyhissəlama üzünü tutub deyir: "Başına dönüm, yaxşı olar ki, ehram bağlamış şəxsin heyvan ovlaması üçün qeyd etdiyiniz müxtəlif halların hökmlərini bəyan edəsiniz, biz də öyrənək.” İmam Cavad (əleyhissəlam) buyurdu: "Bəli, əgər ehram bağlamış şəxs hərəmdən kənarda heyvan ovlayarsa və ovladığı heyvan böyük quşlardan olarsa, bir qoyun kəffarə verməlidir, yox, əgər hərəmin daxilində ovlamışdırsa, kəffarəsi iki bərabərdir. Əgər hərəmdən kənarda quşun balasını öldürmüşdürsə, süddən təzəcə ayrılmış bir quzu kəffarə verməlidir, əgər həmin quş balasını hərəmin daxilində öldürmüşsə, onda həm süddən təzəcə ayrılmış bir quzu, həm də həmin heyvanın pulunu kəffarə verməlidir. Əgər ovladığı çöl heyvanlarındandırsa, bunun müxtəlif halları ola bilər. Vəhşi ulağı öldürmüşdürsə, bir inək, dəvəquşu öldürmüşsə, bir dəvə, ceyran öldürmüşsə, bir qoyun kəffarə verməlidir. Ancaq bu şərtlə ki, bunları hərəmdən kənarda öldürmüş olsun. Əgər bunları hərəm daxilində öldürərsə, onda qeyd etdiklərimizin iki bərabərini kəffarə verməlidir. Ehram bağlamış şəxs elə bir iş görə ki, qurbanlıq (bu qurbanlıq kəffarə ünvanındadır) ona vacib ola, əgər bu vaxt o, təməttö həccindədirsə, qurbanı Minada kəsməlidir, yox əgər ümrə həccindədirsə, onda qurbanı Məkkənin özündə kəsməlidir. Ehram halında heyvan ovlamağın haram olmasını bilənlə bilməyənin heç bir fərqi yoxdur, ancaq bilərəkdən öldürmüşsə, (kəffarədən əlavə) günah da etmişdir, bilmədən öldürmüşsə, heç bir günahı yoxdur (və sadəcə olaraq yalnız kəffarə verməlidir). Ehram halında heyvan ovlamış (öldürmüş) şəxs azaddırsa, kəffarəsi öz boynuna, quldursa, kəffarəsi sahibinin boynundadır. Ehram halında heyvan öldürmüş şəxs uşaqdırsa, ona heç bir kəffarə düşmür, əgər böyükdürsə, kəffarəsini verməlidir. Gördüyü bu işdən peşiman olan şəxsə (bu işinə görə) Axirət əzabı yoxdur, ancaq işindən peşiman olmayan şəxsə isə bu işinə görə Axirət əzabı var.”
Baş qazı heyran qalır
(İmam Cavad əleyhissəlamın bu sözündən sonra) Məmun deyir: "Afərin, ey Cavad! Allah sənə xeyir versin! İndi yaxşı olar ki, Yəhya ibn Əksəm sənə sual verdiyi kimi sən də ona bir sual verəsən.” İmam Cavad (əleyhissəlam) Yəhyaya buyurur: "Soruşum?” Yəhya deyir: "Başına dönüm, ixtiyar sahibi sizsiniz, əgər bilsəm, cavabını verərəm, bilməsəm də sizdən öyrənərəm.” İmam Cavad (əleyhissəlam) buyurur: "Mənə de görüm, necə olur ki, bir kişi sübh tezdən bir qadına baxır və bu baxmağı haram olur, ancaq elə ki, günəş çıxır həmin qadın o kişiyə halal olur. Günorta olduqda yenə qadın kişiyə haram olur, günortadan keçcək yenə halal olur. Günəş batdıqda qadın kişiyə haram olur, amma axşam olduqda isə yenə halal olur. Gecə yarısı olcaq qadın kişiyə haram olur, dan yeri söküləndə, yenə qadın halal olur? Bu hansı qadındır və nəyə görə kişiyə halal və haram olur?” Yəhya ibn Əksəm deyir: "Allaha and olsun ki, mən bu sualın cavabını bilmirəm. Əgər məsləhət bilirsinizsə, onun cavabından bizi xəbərdar edin.” İmam Cavad (əleyhissəlam) buyurdu: "Bu qadın bir kişinin kənizi olub, sübh tezdən bir yad kişi ona baxır və bu baxışı haram olur, elə ki, günəş çıxır həmin kişi kənizi sahibindən alır, beləliklə də, kəniz ona halal olur. Günorta olduqda kənizi azad edir, o da artıq, kişiyə haram olur. Günortadan keçdikdə onunla evlənir və qadın halal olur. Günəş batarkən öz qadını ilə zihar (qanuni nikahlarını özlərinə haram) edir, buna görə də, qadın ona haram olur, axşam vaxtı isə ziharın kəffarəsini verərək qadını yenidən özünə halal edir. Gecə yarısı olcaq ona təlaq verir (onu boşayır) və qadın ona haram olur, dan yeri söküldükdə isə təlaqını geri götürür və beləliklə də, qadın ona halal olur.”
Kitabın adı: İmam Muhəmməd Təqi əleyhissalamın həyatı