133.Xəvariclərin nikbətli, xarlı sonu
Əli (əleyhissalam)-ın dünənki dostları nadanlıq nəticəsində o Həzrətin yeni düşmənləri oldular və onun əmrindən çıxdılar. Ona görə bunlara Xəvaric deyirlər. Onlar nəinki bununla kifayətlənmədilər, əksinə Əli (əleyhissalam)-a qarşı müharibə e`lan etdilər və Əli (əleyhissalam)-ın arxadaşlarından bir neçə nəfərini öldürdülər. Nəhayət Əli (əleyhissalam) Nəhrəvanda onlarla qanlı müharibə etdi və onların hamısını həlakətə yetirdi (9 nəfərdən başqa ki, qaçdılar). Müharibədən sonra Həzrət onların ruhsuz cəsədlərinin yanına gəldi və onlara nəzər salıb xitabən buyurdu:
«Sizə əzab və nikbət olsun. Doğrudan da o adam ki, sizi aldatdı, sizə əvəz olunmaz zərər və ziyan varid etdi.»
Bir şəxs o Həzrətdən soruşdu:
«Onları kim aldatdı?»
İmam buyurdu: «Hiyləgər şeytan yoldan azdırandır və əmmarə nəfs onları arzularla aldatdı və onların üzünə günah yolunu açdı. Beləliklə onlara qələbə və`dəsi verdi ki, nəhayət onları cəhənnəmin yanar oduna atdı.»
İmam Əli (əleyhissalam) busözlərlə xəvaricin süqut, bədbəxtlik və zillətlərinin sirrini onların şeytan fətvasına əməl etmələrində və nəfsani həvəslərində bildi ki, onların fikri və siyasi inkişafına mane oldu və onları səadət sərhəddindən xaric etdi.
Və bu xəbərdarlıq və ixtar bizə və tarixin bütün insanlarınadır ki, xam arzulara ürək bağlamasınlar, ağla tabe olsunlar ki, xəvaricin nikbətli sonu kimi bir aqibət onların ətəyini tutmasın.
Kitabın adı: Nəhcül-Bəlağə hekayətləri (140 hekayət)