«Bəqərə» surəsinin 218-ci ayəsində oxuyuruq:
اِنَّ الَّذينَ آمَنُوا وَالَّذينَ هاجَرُوا وَجاهَدُوا في سَبِيلِ اللهِ اُؤلئكَ يَرْجُونَ رَحْمَةَ اللهِ واللهُ غَفورٌ رَحِيمٌ
«O kəslər ki, iman gətirib və hicrət eləyiblər, Allah yolunda vuruşublar, onlar Allahın rəhmətinə ümid bəsləyər; Allah bağışlayan və rəhimlidir».
Bu ayədə «ümid etmək» iman, hicrət və Allah yolunda vuruşmaqla birlikdə qeyd olunmuşdur.
Təkanverici bir əhvalat
Tavus Yəmani deyir:
Kə’bə evinə getdim. Kə’bəninin navalçasının altında durub namaz qılan və Allahla razi-niyaz edən bir şəxsi gördüm. Namazdan sonra onun yanına getdim. Bu şəxs İmam Səccad (ə) idi. O Həzrətə dedim: Ey peyğəmbər övladı! Sən nə üçün belə ağlayırsan, nədən nigaransan? Halbuki sənin camaatla üç fərqin vardır ki, sənə nicat verəcəkdir:
1. Peyğəmbər övladısan.
2. Peyğəmbərin şəfaəti sənə çatacaqdır.
3. Sənə qarşı Allahın rəhməti böyükdür.
İmam mənim cavabımda buyurdu:
Ey Tavus! Mənim peyğəmbər övladı olduğumu deyirsən, Allah-təala Qur’anda buyurur:
فَاِذا نُفِخَ فِي الصُّورِ فَلا اَنْسابَ بَيْنَهُمْ يَوْمَئِذ وَلا يَتَسائَلُونَ
«Sur çalınan zaman (Qiyamət günündə) əsil-nəsəb deyilən şey aradan qaldırılar və bir-birindən kömək istəməzlər». («Mö’minun» surəsi, ayə 101).
Deməli, təkcə peyğəmbər övladı olmaq mənə fayda verməyəcəkdir.
«Şəfaət» barəsində isə Allah-təala buyurur:
وَلا يَشْفَعُونَ اِلاّ لِمَنِ ارْتَضى
«Allahın yüksək məqamlı bəndələri, təkcə Allahın onlardan razı olduğu şəxslər şəfaət edəcəkdir.» ("Ənbiya» surəsi, ayə 28)
Deməli, şəfaət də təklikdə məni Allahın xovfundan amanda saxlamır.
Allahın rəhməti haqqında isə Qur’anda oxuyuruq:
اِنَّ رَحْمَةَ اللهِ قَرِيبٌ مِنَ الْمُحْسِنينَ
«Allahın rəhməti yaxşı işlər görənlərə yaxındır».
Mənsə yaxşı işlər görən şəxs olmağımı hələ bilmirəm! (İmamın məqsədi ismət məqamının ən yüksək mərtəbəsidir)
İmamın bu kəlamından belə nəticə alırıq ki, Allahın rəhmətinə ümid bəsləmək, iman gətirib yaxşı işlər görməkdən sonra olmalıdır.
Günahın siyasi amilləri
Günahın yayılmasına, artmasına imkan yaradan amillərdən biri də siyasi amillərdir. Bu amillərin çox hissəsi siyasi xadimlərin və dövlət işçilərinin adı ilə bağlıdır.
Dediklərimizi təsdiq etmək üçün «Bəqərə» surəsinin 205 və 206–cı ayələrini nümunə gətirək.
واِذا تَوَلّى سَعى فِي الاْرْضِ لِيُفْسِدَ فِيها وَيُهْلِكَ الْحَرْثَ وَالنَّسْلَ وَاللهُ لا يُحِبُّ الْفَسادَ
وَاِذا قِيلَ لَهُ اتَّقِ اللهَ اَخَذَتْهُ الْعِزَةُ بِالاِْثْمِ فَحَسْبُهُ جَهَنَّمَ وَلَبِئْسَ الْمِهادُ
«(Münafiqlərin bir əlaməti də budur ki,) Hakim və rəis olanda yer üzündə fitnə-fəsad, qarışıqlıq salarlar, əkin-biçini məhv edərlər. Allah fəsadı sevməz. Ona Allahdan qorx» deyilsə, qürurlanar, günaha batar. Belə şəxsə cəhənnəm bəs eləyər, necə də pis yerdir ora!».
Bu ayədən belə mə’lum olur ki, mö’min olmayan və öz nəfsinin istəklərinə əsir olan şəxs rəhbər olan zaman cəmiyyəti pozğunluğa və qarışıqlığa çəkər.
2. «Nəml» surəsinin 34-cü ayəsində oxuyuruq:
اِنَّ الْمُلُوكَ اِذا دَخَلُوا قَرْيَةً اَفْسَدُوها وَجَعَلُوا اَعِزَّةَ اَهْلِها اَذِلَّةً وَكَذلِكَ يَفْعَلُونَ
«Hökmdarlar girdikləri şəhəri xaraba qoyar, camaatın ən nüfuzlu şəxslərini alçaldarlar. Beləcə davranarlar onlar».
Təcrübədə təsdiq olunmuşdur ki, quldur və zalım padşahların hökuməti ölkədə viranəliklərə səbəb olur.
3. Həzrəti Yusif böyük ilahi peyğəmbərlərdəndir. O, həyatda müxtəlif hadisələrlə üzləşdi; O cümlədən qardaşlarının ona zülm etməsi, onu quyuya atmaları, onun Misir padşahının sarayına yol tapması, sonra zindana düşməsi və Misir padşahlığında vəzir olması. Yusif peyğəmbər ömrünün axırlarında Misrin padşahı oldu. O Həzrət üzləşdiyi hər bir hadisədə bir cür dua edirdi. Lakin rəyasət məqamına çatdıqda, özünü rəyasətə əsir etmədi. O, həmişə dünyanın fani olmasını və hamının əbədi padşaha (Allaha) qovuşacağını xatırlayırdı. Onun padşah olandan sonra duası bu idi:
... تَوَفِّني مُسْلِماً
«(İlahi:) Məni dünyadan müsəlman halında apar».
Deməli, Yusif bu duanı yalnız padşah olandan sonra edirdi. Bu o deməkdir ki, rəyasət xətərli bir işdir. Hətta bu işdə Yusif peyğəmbər kimi şəxsiyyətin də ayağı büdrəyə bilər. Buna görə o Həzrət özünün Allah yolunda sadiq qalmasından ötrü dua edirdi. Yusif peyğəmbər özünün axıra kimi Allah yolunda olacağına şübhə etmirdi. Lakin bununla belə o rəyasət və padşahlığın xətərli və aldadıcı bir iş olduğuna görə həmişə Allahdan kömək diləyirdi.
4. «Qəsəs» surəsinin 83-cü ayəsində oxuyuruq:
تِلْكَ الدّارُ الاْخِرَةُ نَجْعَلُها لِلَّذِينَ لا يُرِيدُون عُلُواً فِي الاَْرْضِ وَلا فَساداً وَالْعاقِبَةَ لِلْمُتَّقِينَ
«Bu axirət evini o kəslərə veririk ki, yer üzündə lovğalığı, qarışıqlıq salmağı sevməzlər. Axirət evində müttəqilərə (təqvalı insanlara) uğurlu tale qismət olar».
Rəyasətə can atmaq lovğalığın bir növüdür. Deməli, bu ayədən mə’lum olur ki, rəyasətə can atan şəxslərə axirət həyatından bir bəhrə yoxdur. Bu ayənin təfsiri o qədər genişdir ki, İmam Əli (ə) buyurur:
اِنَّ الرَّجُلَ لَيُعْجِبُهُ اَنْ يَكُونَ شِراكُ نَعْلِهِ اَجْوَدَ مِنْ شِراكِ نَعْلِ صاحِبِهِ فَيَدْخُلُ تَحْتَها
«Bə’zi vaxtlar bir şəxs hətta ayaqqabısının bağının dostunun ayaqqabısının bağından yaxşı olmasına görə lovğalanır. Bu ayə onlara (lovğalara) şamil olur.»
Kitabın adı: Günahşünaslıq
Müəllif: Möhsin Qəraəti