İmam Səccadın (ə) saray aliminə yazdğı məktub
Məhəmməd ibni Müslüm Zühəri məşhur alimlərdən idi. O, Peyğəmbərin (s) səhabələrindən on nəfərini görüb ziyarət etmişdi. O, hicri tarixi ilə 185-ci ildə Bağdad şəhərində dünyadan köçdü. (Qəbri "Babüttin qəbiristanlığındadır). Məhəmməd ibni Müslüm Zühəri zəmanəsinin zalım padşahları ilə oturub-durur, bə’zi vaxtlar onların məclislərində iştirak edirdi. İmam Səccad (ə) bu işinə görə ona tənbehedici bir məktub yazıb islam dininin belə alimlərə qarşı münasibətini aydınlaşdırdı. O məktubun bir hissəsini nəzərdən keçirək:
«Onların (zalım padşahların) səni özlərinə tərəf çəkməsi sənin (elmi və mə’nəvi cəhətdən) ləyaqətinə görə deyildir. Onlar sadəcə olaraq sənin nüfuzundan sui-istifadə edirlər. Həqiqətən, daha düzgün (e’tiqadlı) alimlər yoxdur. Nadanlıq sənə və onlara qələbə edibdir. Səni onlara bağlı edən şey dünya malına və böyük məqamlara vurğunluqdan başqa bir şey deyil. Nə üçün qəflət yuxusundan ayılmırsan? Niyə öz səhvini başa düşmürsən? (Sən səhvini başa düşsən belə deyərsən:)
«Allaha and olsun! İndiyə kimi bir dəfə də olsun, Allahın dininin müdafiəsindən ötrü və yaxud batil işlərin əleyhinə ayağa qalxmamışam, səsimi qaldırmamışam».
Budurmu, Allahın sənə verdiyi biliyin müqabilindəki vəzifən?!
Mən qorxuram ki, sən də bu ayəyə şamil olasan:
اَضاعُوا الصَّلوةً وَاتَّبَعُوا الشَّهَواتَ فَسَوْفَ يَلْقَوْنَ غَيّاً
«Namazdan əl çəkdilər, şəhvətlərə uydular. Tezliklə (onlar) cəhənnəmə düşəcəklər».
Bu məktubun başqa bir hissəsində belə oxuyuruq:
اَوَلَيْسَ بِدُعائِهث اِيّاكَ حِينَ دَعاكَ جَعَلُوكَ قُطْباً اَدارُو بِكَ رِحى مَظالِمِهِمْ وَجِسْراً يَعْبرُونَ عَلَيْكَ اِلى بَلاياهُمْ، وَسُلَّماً اِلى ضَلالَتِهِمْ، داعِياً اِلى غَيِّهِمْ...
«Onların səni saraya də’vət etməsi buna görə deyilmi ki, səni dəyirman daşı kimi öz zülmkarlıqlarına vasitə etsinlər?! Onlar səni camaatın başına gətirdikləri bəlalar üçün körpü etmək istəyirlər. Onların məqsədi budur ki, səni bataqlıq yollara körpü etsinlər, sən də onların getdiyi əyri yolu düz yol kimi camaata təbliğ edəsən. Ey dinini satmış alim! Onların sənin əlinlə gördüyü işlər ən təcrübəli vəzirlərin belə əlindən gəlmir. Sən onların pis və yaramaz işlərini ört-basdır edib xalqı onlara tərəf yönəldirsən».
Kitabın adı: Günahşünaslıq
Müəllif: Möhsin Qəraəti