İbrahimin (ə) günaha dözümsüzlüyü
"Ən`am” surəsinin 75-ci ayəsində buyurulur: "Beləcə İbrahimə göylərin və yerin mülkünü göstərdik ki, yəqinliklə inananlardan olsun.”
Alimlər bu ayəni təfsir edərək yazırlar: Allah-Taala İbrahimin gözlərindən hicabları götürdüyü vaxt insanlarda elə əməllər gördü ki, onlara nifrin oxudu. Öz nifrini ilə neçə-neçə insanları məhv etdikdən sonra vəyh olundu ki, nifrinini saxla. Mən, şübhəsiz ki, mehriban və bağışlayanam. Sonra Allah-Taala İbrahimə belə buyurdu: "Mən bəndələrimlə üç cür rəftar edirəm: ya tövbə edirlər və Mən də onların tövbəsini qəbul edir, günahlarını bağışlayır, eyiblərini örtürəm; ya onlardan mö`min övladlar törəyəcəyini bildiyim üçün əzabdan uzaqlaşdırır, övladlar doğulduqdan sonra atalar tövbə etməsələr, onları cəzalandırıram; bu iki münasibət görünmədikdə onları axirətdə hazırladığım cəzaya düçar edirəm.
Ey İbrahim! Bəndələrimi Mənim ixtiyarıma qoy. Mənəm səbirli, bilən, hikmət sahibi, cəbbar və öz biliyimlə onlar üçün tədbir tökür, qəzavü-qədərimi yerinə yetirirəm.”
Təəccüblü həqiqət
Böyük alim Feyz Kaşaninin "Elmül-yəqin” kitabında belə nəql olunur:
«Qiyamətdə, pis əməlləri yaxşı əməllərini üstələyən bəndə Cəhənnəmə aparılarkən Allah-Taala Cəbrailə xitab edər: "Bəndəmdən öyrən, gör dünyada alimlərlə əyləşibsə onların şəfaəti ilə onu bağışlayım.” Günahkar bəndə deyər ki, yox. Allah xitab edər ki, alimlə bir süfrədə oturubmu? Yenə də cavab "yox” olar. Yenə sual olunar ki, alim oturan yerdə oturubmu? Bəndə deyər ki, yox. Bir daha xitab edilər: "Alimlə dost olan şəxslə dostluğu olubmu?” Bəndə bu dəfə müsbət cavab verər. Xitab olunar: Ey Cəbrail! Onu lütfümlə bağışladım. Ona nəvaziş göstər və Behiştə apar.»
Kitabın adı: Kumeyl duasının şərhi (2-ci cild)
Müəllif: Hüseyn Ənsarian