Dəlillər
Batdığı günahlar, yol verdiyi xətalara görə insanın Allah qarşısında heç bir üzrü yoxdur. Əgər desə ki, qüvvəm çatmayıb, yalan deyir. Bəhanə gətirsə ki, nadan olmuşam, yenə də yalan deyir. 124 min peyğəmbərin, beş ilahi kitabın, milyonlarla din təbliğatçısının, minarələrdən ucalan azan səslərinin xəbərdarlığı nadanlığı bəhanə gətirənlərin ziddinə dəlildir.
Əgər insan ağıldan zəif olduğunu səbəb göstərsə dünya işlərində göstərdiyi fərasət bu bəhanəni də yalana çıxarar.
Yuxarıda sadalananlar axirət günü insanın ziddinə gətiriləcək dəlillərin cüz`i bir hissəsidir. Demək, bütün bəhanə qapıları bağlanmışdır. İmam Sadiq (ə) buyurur: "Qiyamət günü gözəlliyi ucbatından fəsada düşmüş bir qadın gətirilər. O deyər ki, mənə verdiyin gözəllik səbəbindən günaha düçar oldum. Onun gətirdiyi bəhanəyə qarşı Həzrət Məryəmi (ə) misal gətirib deyərlər: "Sən gözəlsən, yoxsa bu böyük qadın?! Biz onu daha gözəl yaratdıq, amma o özünü qorudu və fəsada düşmədi.” Sonra gözəlliyinə görə günaha düşmüş bir kişi gətirilər. O da düşdüyü günahlarda gözəlliyini təqsirləndirər. Onun dəlilini puça çıxarmaq üçün Həzrət Yusifi (ə) gətirər və deyərlər: "Sən gözəlsən, yoxsa bu böyük insan?! Biz onu daha gözəl yaratdıq, amma o özünü günahdan qorudu.” Sonra bəladan qurtarmaq üçün günaha düşmüş bir şəxs gətirilər. Bu şəxs düşdüyü bəlanı üzr gətirəndə ona Həzrət Əyyubu göstərib deyərlər: "Sənin bəlan böyük idi, yoxsa bu böyük insanın bəlası? O daha böyük bəlalara düşdü, amma fəsaddan qorundu.”
Aşiqanə raz-niyaz
Duanın bu hissəsində Həzrət Əli (ə) rəhmətə səbəb olacaq bütün incəliklərə işarə edir: ibadətdə süstlüyün e`tirafı, nəfs istəklərinin həddi aşmasına görə üzrxahlıq, tövbə etməklə bağışlanmaq istəyi, günahların e`tirafı, Allahın rəhmətindən savayı sığınacaq tapmamaq və s.
Bu nalələr və sızıltılar Allahın xoşuna gələn həqiqətlərdir. Nəql olunur ki, haqq yolçusu olmaq istəyən bir şəxs İlahi övliyalardan birinin yanına gəlib dedi: "Mən Haqq dərgahına üz tutmuş bir yolçuyam. Mehriban və bağışlayan Allahın hüzuruna hədiyyə olaraq nə aparım? Axı Onun hüzuruna əliboş getmək mə`rifətsizlik olar.” Övliya deyir: "Elə bir şey apar ki, orada olmasın. Ağlar qəlb və gözdən savayı bütün kamilliklər oradadır.”
Bəli, Allah-Taala tövbəkar günahkarın nalələrinə aşiqdir. Şübhəsiz ki, bütün mə`şuqlar öz aşiqinin səsini eşitmək arzusundadır. Eləcə də bütün aşiqlər öz mə`şuqunun lütf nəzərlərinə möhtacdır.
Kitabın adı: Kumeyl duasının şərhi (2-ci cild)
Müəllif: Hüseyn Ənsarian