3.Fitnə-fəsad atəşini söndürəcəkdir
Hafiz Əbu Nəim özünün həzrət Məhdi (ə) barəsində olan «Qırx hədis» kitabında islam Peyğəmbərindən belə nəql edir:
«Qalə Rəsulullah (s): Yəkunu ində inqitain minəz-zəmani və zühurin minəl fitəni, rəculun yuqalu ləhul məhdiyyu, yəkunu ətauhu həniyən.»
Yə᾿ni: Peyğəmbəri-əkrəm buyurmuşdur: Dünya əhalisinin əli peyğəmbərlər əsrindən üzüləcəyi zaman fitnə-fəsad (pozğunluq, əxlaqsızlıq, zülm, insan qırğınları – mütərcim) bütün yerlərdə aşkar olacaqdır. Belə bir zamanda Məhdi (ə) adında bir nəfər qiyam edəcəkdir. (Fitnələri yatırdar və peyğəmbərlər əsri ilə övliya əsrini birləşdirmək rolunu oynayar). Onun insanlara gətirdiyi bu hədiyyə çox ləzzətlidir. (Çünki bu qiyam hər yeri əhatə edəcək və ədalət şərbəti ilə yoğrulacaq.)
Qısa izah:
İnsanlar peyğəmbərlərin tə᾿lim-tərbiyəsindən nə qədər uzaq olublarsa, zülm, fitnə-fəsad, qalmaqal, müharibə və təcavüzlər bir o qədər də artmışdır. Texnikanın yüksək inkişafına baxmayaraq, insanlar arasında rəhimsizlik, xudbinlik, dünyapərəstlik qat-qat artmışdır. Dağıdıcı vasitələrdən və texniki alətlərdən istifadə edilməklə dünya dəhşətli hadisələrə doğru sürüklənir. Təcavüz və istismara mə᾿ruz qalmış xalqların vəziyyəti getdikcə pisləşir. Əlbəttə Rəhman və Rəhim olan Allah razı olmaz ki, bu aləm zalımların, insan sifətli şeytanların, qaniçənlərin cövlangahına çevrilsin.
Nəhayət, Allah tərəfindən fitnə-fəsad atəşini söndürmək üçün göndərilən Məhdi (ə) adlı bir nəfər ədalətsizliyə son qoymaq, əmin-amanlıq, asayiş və nizam-intizam yaratmaq üçün qiyam edəcəkdir.
Kitabın adı: Nicat günü