Allahın adları və sifətləri ilə təvəssül
Allah təala bəndələrini özünün gözəl adları ilə dua edilməsinə əmr edərək buyurmuşdur:
"Gözəl adlar Allaha məxsusdur. Onu bu adlarla nida edin. Və Allahın adlarında şirkə yol
verənləri tərk edin. Onlar gördüyü əməllərə görə cəzalanacaqlar.” (Əl Əraf surəsi, 180-cı
ayə).
Bu ayə Allahın bütün sifətlərini mənasının gözəlliyinə görə, zati və feli sifətlər arasında
heç bir fərq qoymadan gözəl sifətlər adlandırır. Hər bir müsəlmanın vəzifəsidir ki, Allahı bu
adlarla çağıraraq belə desin: "Ey Rəhman və Rəhim olan Allah, ey göyləri və Yeri yaradan,
ey günahları bağışlayan, ey balaca balalara ruzi verən Allah”...v.s. Bununla da Allahın gözəl
sifətlərindən üz döndərib öz bütlərinə Allahın adlarını qoyan müşrikləri tərk etsin.
Əgər bəndə bütün xeyr və bərəkəti özündə toplayan bu adları zikr edərək sonra isə öz
ehtiyaclarını Allahdan istəsə, O da cavab verər və onun dualarını qəbul edər. Bu barədə bir
çox səhih hədislər gəlmişdir. Onlardan bəzilərini burada qeyd edirik:
Əl Tirmizi öz "Səhih”ində Abdullah ibn Bureydədən, o da öz atasından belə nəql: "Bir
gün peyğəmbər bir kişinin belə dediyini eşidir: "Ey mənim Allahım, Sənin birliyinə şəhadət
verib Əhəd və Saməd olmağını, doğmayıb və doğulmayıb deyərək, Sənə bir kəsin oxşayıb,
tayı-bərabəri olmadığını təsdiq edərək Səndən xahiş edirəm.” Peyğəmbər belə buyurdu:
"Artıq Allahı ən böyük adı ilə dua etdin. Hər kəs bu adla dua etsə ona cavab verilər və bir şey
diləsə ona əta olunar.” Bu hədis vəsiləni və Allahın gözəl adları ilə təvəssülü bəyan etməsinə baxmayaraq həmin
adamın dilədiyi hacət barəsində bir şey danışmır.
Əbu Hüreyrədən belə nəql olunur: "Bir gün Fatimə peyğəmbərin yanına gəlib ona ev
işlərində kömək etməsi üçün xadimə istəyir. Peyğəmbər ona buyurur ki, belə desin: "Ey
mənim Allahım, yeddi səmanın, əzəmətli ərşin pərvərdigarı, ey bizim və hər bir şeyin
pərvərdigarı və Tövrat, İncil və Quranı nazil edən, toxumu və (içindəkini) nüvəni parçalayan.
Hər bir şeyin şərrindən Sənə pənah aparıram, çünki Sən hər şeyə qadirsən. Sən əvvəlsən və
Səndən əvvəl bir şey yoxdur, Sən Axırsan və Səndən sonra bir şey yoxdur . Sən Zahirsən və Sənə üstün bir şey yoxdur, Sən Gizlinsən və Sənsiz bir şey yoxdur. Mənim öhdəmdə olan
borcumu əda et və məni bu yoxsulluqdan xilas et.” Əl Tirmizi və Əhməd, Ənəs ibn Malikdən nəql edərək deyirlər ki, Ənəs ibn Malik
peyğəmbərlə oturmuşdu. Bu zaman isə bir kişi namaz qılmaqla məşğul idi. Sonra belə dua
etdi: "Ey mənim Allahım, bütün təriflər yalnız Sənə məxsusdur, Sən (öz bəndələrinə) minnət
qoyan, göyləri və yeri yaradansan. Ey cəlalət və ehtiram sahibi, ey daim diri və qəyyum
Allah, yalnız səndən xahiş edirəm. Bu vaxt peyğəmbər buyurdu: "Heç bilirsiniz Allahı nəyə
and verdi?! Allahı elə böyük adına and verdi ki, əgər bir kəs Onu bu adla dua etsə cavab
verilər və hər nə diləsə ona əta olunar.” Əhli beyt imamlarından gələn hədislərdə bu cür təvəssüllərə rast gəlmək olar:
İmam Rza (ə) öz babası İmam Baqirdən belə nəql edərək buyurur ki, o, Ramazan ayında
Allah təalanı belə dua edərdi: "Ey mənim Allahım, Səni malik olduğun məqam və səltənətə
and verərək xahiş edirəm, Səni yalnız Sənə məxsus olan bütün məqam və bütün səltənət və
hakimiyyətinə and verərək xahiş edirəm. Ey mənim Allahım, Səni xahiş edən zaman verdiyin
cavaba and verirəm mənə cavab ver, ey Allah.” Şeyx Tusi "Misbah əl mütəhəccid” kitabında İmam Baqir və İmam Sadiq (ə)-dan "Simat”
adlı duanı nəql etmişdir. Həmin duanın girişində belə gəlmişdir: "Ey Allahım, Səni son
dərəcə əzəmətli, əziz, böyük və hörmətli adına and verərək xahiş edirəm. Bu ad elə bir addır
ki, əgər səmanın bağlı qapılarına rəhmətlə açılması üçün oxunursa o qapılar açılar və əgər
Yer qapılarının arasına açılması üçün oxunarsa açılar və əgər yüngüllük üçün çətinliyə
oxunarsa yüngülləşər...” Həqiqətən Allah təalanın həmd və sənası və Quranın onu vəsf etdiyi sifətlərlə sifətlənməsi
duanın qəbul olunması üçün gözəl zəmin yaradır və dua edən şəxsin Onun rəhməti, əfvi,
sonsuz dərəcə kəramətinə olan haqqını bəyan edir. Təvəssülün bu qismi bütün İslam ümməti
tərəfindən qəbul etdildiyi üçün bu qısa bəyanla kifayətlənirik.
Kitabın adı: İslam şəriətində təvəssül məfhumu
Müəllif: Əllamə Cəfər Sübhani