Eyb axtarmaq
Özündən xəbərsizlik
İnsanın ən böyük əxlaqı çatışmazlıqlarından biri də öz eyb və nöqsanlarından xəbərsiz olmasıdır. Onun yolunu azmasına bir çox hallarda cəhalət və nadanlıq səbəb olur. Belə ki, qəflət və özündən xəbərsizlik nəticəsində, qəlbdə özünə yer edən xoşagəlməz sifət və xüsusiyyətlər insanın bədbəxtçiliyinə gətirib çıxarır. İnsan cəhalətin əsirinə çevrildikdə vücudundakı fəzilət ruhu məhv olub aradan gedir. Onun ruhu şəhvət və nəfsani istəklərinin tabeliyinə keçərək səadət və xoşbəxtlik sevincindən azacıq da olsun, bəhrələnə bilmir. Bunun nəticəsində də xoşbəxt həyat uğrunda görülən bütün sə’y və cəhdlər nəticəsiz qalır. İnsanın islah olunması üçün lazım olan ən başlıca şərt öz eyb və nöqsanlarına diqqət yetirməsidir. Çünki, yalnız onların nədən ibarət olduğundan agah olduqdan sonra insan onu günah və mənəviyyatsızlığa sürükləyən ünsürlərdən qoruya bilər. Ruhun tərbiyəsi üçün nəfsani xüsusiyyətləri araşdırmaq olduqca böyük əhəmiyyət kəsb edir. Bundan başqa bir yolla insanın əxlaqi və mənəvi təkamülə çatması qeyri-mümkündür. Şəxsiyyət barədə aparılan araşdırmalar nəticəsində insan özünün zəif və güclü xüsusiyyətlərindən agah olub, bir çox xoşagəlməz xislət və xüsusiyyətlərdən yaxa qurtarmağa nail ola bilər. Əgər etinasızlıq və səhlənkarlıq üzündən əməl aynasında özümüzə nəzər salmırıqsa böyük səhvə yol vermiş oluruq. Şüurlu bir varlıq kimi hər şeydən əvvəl biz insanların üzərinə düşən ən başlıca vəzifə, ruh və mənəviyyatımıza diqqət yetirib çatışmazlıqlarımızın nədən ibarət olduğunu bilmək və onları aradan qaldırmaq üçün daxili xüsusiyyətlərimizə nəzər salmaqdır. Sə’y və çalışqanlığımızla mənfi ünsürləri vücudumuzdan qoparıb atan və onların qoyduğu mənfi təsirləri ictimai mühitə açıqlayan və ya əksinə olaraq daha geniş vüsət almasına səbəb olan da elə biz insanlarıq. Şübhəsiz ki, mənəvi saflaşma asan iş deyildir. Bunun üçün uzun müddət bir çox çətinliklərə dözməli və müqaviməti əldən verməmək lazımdır. Ziyanverici adət və vərdişlərə son qoymaq və onları gözəl xüsusiyyətlərlə əvəz etmək üçün eyb və çatışmamazlıqları müəyyən etdikdən sonra insana güclü iradə hakim olmalıdır. Rəftar və davranışlarımıza nə qədər çox nəzarət edəriksə şüur və tərzi-təfəkkürümüz də bir o qədər sağlam və münəzzəm olar. Bu yolda atılan hər bir addım isə müsbət nəticə verir və bütün bunları hər şey başa çatdıqdan sonra müşahidə etmək olur.
Məşhur professor Karl deyir: "Həyatın məna və məfhum kəsb etməsinə səbəb olan ən tə’sirli üsul hər gün səhər çağı görüləcək işlər barədə düşünüb-daşınmaq və gün başa çatdıqdan sonra görülən işlərin verdiyi nəticələri arayıb-araşdırmaqdır. "
Nə zaman işə başlayıb, nə zaman qurtaracağımızı, habelə kimlərlə görüşəcək, haralarda olacaq və nə yeyib-içəcəyimizi əvvəlcədən planlaşdırdığımız kimi, başqaları ilə ünsiyyətdə olmazdan əvvəl onlara necə kömək edəcəyimiz, günah və pisliklərdən necə uzaq olacağımız barədə də düşünüb-daşınmalıyıq. Hər bir insan gündəlik fəaliyyətə başlamazdan əvvəl əl-üzünü yuduğu kimi, əxlaq və mənəviyyat da yuyularaq saflaşdırılmalıdır. Bir çoxları yatmazdan əvvəl və ya sonra müxtəlif fiziki hərəkətlər edirlər. Yaxşı olar ki, həmən bu vaxtlarda insan öz-özlüyündə götür-qoy edib, əxlaq və mənəviyyatının saflaşmasına diqqət yetirsin. Görüləcək işlər barədə düşünüb-daşınmaqla insan həm şüur, həm də iradəsini gücləndirə bilər. Beləliklə, insanın tərzi-təfəkkür dairəsi qat-qat genişlənmiş olur və buna nail olan hər bir insan vücudunun həqiqi görünüşünü- arada heç bir maneə olmadan - müşahidə etməyə qadir olur. Gördüyümüz işlərdə müvəffəqiyyət əldə etməyimizin əxlaq və mənəviyyatımızla sıx bağlılığı vardır. Tacir alış-veriş dəftərçəsini və alim qeyd etdiyi məlumatları diqqətlə tənzim etdiyi kimi, hər bir insan da - istər varlı olsun, istərsə də yoxsul, istər cavan olsun, istərsə də qoca - hər gün gördüyü bütün xeyirxah və ya xoşagəlməz işləri nəzərdən keçirib nəticə çıxarmalıdır. Səbir və təmkinlik göstərməklə - məhz belə bir uğurlu addım atmaqla - insan mənəvi saflığa nail ola bilər!"
Əxlaqi dəyərlərə yiyələnən hər bir insan özünə məxsus optimistliyi ilə özünün bütün sə’y və zəhmətlərini müsbət nəticələr verəcək istiqamətə yönəldir. İnsan nə qədər hörmət və ehtiram sahibi olsa, bir o qədər də başqalarına hörmətlə yanaşar və başqalarının narahatçılığına səbəb olan bütün işlərdən uzaq olmağa çalışar.
Çünki, onun şəxsiyyətindən xəbər verən şey, gördüyü işlər və ünsiyyətdə olduğu şəxslərə qarşı münasibəti, rəftar və davranışlarıdır. Dahilərdən birindən soruşurlar: "Ən çətin və asan iş hansılardır? Cavab verərək deyir: Ən çətin şey insanın özünü tanıması, ən asanı isə başqalarına eyb və nöqsan tutmaqdır!”
Kitabın adı: Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması
Müəllif: Seyyid Müctəba Musəvi Lari