«Allahummə mövlayə kəm min qəbihin sətərtəhu və kəm min fadihin minəl-bəlai əqəltəhu və kəm min isarin vəqəytəhu və kəm min məkruhin dəfətəhu və kəm min sənain cəmilin ləstu əhlən ləhu nəşərtəhu».
(«Pərvərdigara, ey mənim mövlam! Yol verdiyim nə çox çirkinliyi örtmüsən, nə çox ağır bəlaları məndən kənarlaşdırmısan, məni nə çox büdrəmələrdən hifz etmisən, məni nə çox xoşa gəlməyən işlərdən müdafiə etmisən, layiq olmadığım nə çox tərifləri xalq arasında yaymısan.»).
Cümə axşamı gecənin qaranlığında bəndənin dua və tövbə halında "Ey mənim Ağam, ey mənim Mövlam” çağırmasının başqa bir mənzərəsi var. Həzrət Musa (ə) öz münacatında belə ərz etdi: "Ehtiyac içindəyəm və xəzinəndə olmayan bir şey məndədir.” Həzrət Musadan (ə) soruşuldu ki, o nədir? Həzrət Musa (ə) belə ərz etdi: "Sənin kimi Allahım var.” Çirkinliklərin örtülməsi böyük nemətlərdən və Allahın öz bəndəsinə olan əsl ehsanlarındandır. Əgər Allah-Taala dünyada pis əməllərin üstünü örtürsə Qiyamətdə tövbə etmiş mömin bəndəsinin günahlarına hökmən pərdə çəkəsidir. Həzrət Peyğəmbər (s) buyurur: «Bu dünyada əgər bəndənin bir günahı örtülürsə, axirətdə də örtüləcəkdir.»
Peyğəmbər (s) və Əhli-beytdən (ə) nəql olunmuş dualarda tez-tez Allahın "eybləri örtən” sifətinə işarə olunur. Tövbə edən günahkara müjdə verilir ki, mehriban Allah möminin hörmətini dünya və axirətdə qoruyur, onun çirkinliklərini örtür. İbn Fəhəd Hillinin məşhur "Uddətud-dua” kitabında mühüm bir hədis nəql olunur:
Cəbrail (ə) Peyğəmbərə (s) dedi: "Allah-Taala sənin üçün hədiyyə göndərib. Bu, ərş xəzinələrindən olan kəlmələrdir. Allah Öz ərşini bu kəlmələrə görə əziz tutub.” Sonra həmin kəlmələri oxumağa başladı: " Ey yaxşılıqları aşkarlayıb pisliklikləri örtən Kəs, ey günaha görə cəzalandırmayıb, hörmət pərdəsini götürməyən Kəs, ey əfvi əzəmətli, bağışlaması geniş olan Kəs, ey iki qüdrət əli açılmış Kəs, ey hər sirrin sahibi, şikayətlərin sonu, ey böyüklüklə keçən (bağışlayan) qapayan, ey neməti əzəmətli, ey neməti istənilmədən verən, ey Rəbb, ey Ağa, ey Mövla, ey rəğbət və şövqümüzün sonu! Səndən istəyirəm ki, vücudumu odla çirkin surətə döndərməyəsən.” Həzrət Peyğəmbər (s) Cəbrailə (ə) buyurdu: "Bu kəlmələrin savabı nədir?” Cəbrail (ə) dedi: "Bu kəlmələrin savabından agahlığa güc çatmaz. Əgər yeddi göy və yeddi yerin mələkləri toplanıb Qiyamət gününədək bu duanın savabını vəsf etsələr, onun mində biri üçün yetərli olmaz. "Ya mən əzhərəl-cəmilə və sətərəl-qəbihə” deyənin günahı örtülər, dünyada rəhmətə və axirətdə yaxşılığa çatar və dünya ilə axirətdə min pərdəyə bürünər. "Ya mən ləm yuaxiz bil-cərirəti və ləm yəhtikis-sitrə” deyəni Allah Qiyamətdə hesaba çəkməz və pərdələr götürülən gün onun pərdəsi qalar. "Ya əziməl-əfv” deyənin günahları dəryaca da olsa belə, bağışlanar. "Ya həsənət-təcavuz” deyənin hətta böyük günahları belə əfv edilər. "Ya vasiəl-məğfirəti” deyən Allahın rəhmətinə qərq olar. "Ya basitəl-yədəyni bir-rəhməti” deyənə Allah rəhmətlə qüdrət əlini açar.
"Ya sahibə kulli nəcva və muntəha kulli şəkva” deyənə hər bir müsibətin savabı əta olunar. "Ya əziməl-mənni” deyən bütün arzularına çatar. "Ya mubtədiən bin-niəmi qəbləstihqaqiha” deyənə şükür edən bəndənin savabı verilər. "Ya Rəbbəna və Səyyidəna” deyən haqqında Allah-Taala buyurar: - "Ey mələklərim! Şahid olun ki, onu bağışladım...” "Ya Mövlana” deyənin qəlbi imanla doldurular. "Ya ğayətə rəğbətina” deyənə xalqın istəyincə əta olunar. Bəndə "əsəlukə ya Allahu ən la tuşəvvihə xəlqi bin-nari” dedikdə Allah buyurar: "Bəndəm oddan qurtuluş istədi. Ey mələklər, şahid olun ki, onu, ata-anasını, qardaşlarını, ailə-övladını, qonşularını azad etdim. Onun min od əhli haqqında şəfaətini qəbul etdim və onu Cəhənnəmdən qurtardım.”
Cəbrail (ə) dedi: "Ya Məhəmməd, bu sözləri təqva əhlinə öyrət, münafiqlərə yox! Bu duanı oxuyanın duası qəbuldur...”
Möhtərəm oxucular bu duadakı böyük savablara təəccüb etməməlidirlər. Çünki Allahın rəhməti sonsuz, mükafatları tükənməzdir.
Həzrət Əli (ə) "Kəm min qəbihin sətərtəhu” cümləsi haqqında buyurur: "Zəlzələ tufan, sel, yanğın, qəza, səma bəlaları, qıtlıq, bahalıq, ağır müsibətlər, yaxınların itkisi kimi ağır bəlaları məndən uzaqlaşdırdın. Məni imanımı aparacaq, əxlaqımı məhv edəcək, saleh əməllərimi fənaya döndərəcək, xalq arasında hörmətdən salacaq büdrəmələrdən hifz etdin. Rahatlığımı pozacaq, pərişanlığa qərq edəcək, yuxumu gözümdən alacaq, ruhuma və qəlbimə narahatlıq gətirəcək pislikləri məndən dəf etdin. Əməl naməm günahla dolu olsa da, məni xalq arasında əziz etdin. Ata-ana, bacı-qardaş, qohum-əqrəba arasında məni üstün tanıtdırdın, mənə tərif dedilər – halbuki, bütün bunlara layiq deyildim!”
"Allahummə əzumə bəlai və əfrətə bi suu hali və qəsurət bi əmali və qəədət bi əğlali”
("Pərvərdigara, bəlam böyükdür, halımın pisliyi həddini aşmış, əməllərim yetərsiz olmuş, zəncirlərim məni yerə oturtmuş.”
Bu cümlələrdən aydın olur ki, günah xəstəsi, üsyan əsiri, maddiyyat düşkünü, halının pisliyi həddini aşmış bəndə alim və həkim, qadir və güclü həkimə yol tapmışdır. Bu həkim öz mərhəmət və məhəbbəti sayəsində xəstəyə şəfa vermək üçün Özü onu dəvət etmişdir.