Təbii (heyvani) və qüdsi (İlahi) nəfslər
Təbii və ya heyvani nəfs dünya malına, günaha, alçaq işlərə meyllidir. Eqoizm, özünəpərəstlik, paxıllıq və s. bu nəfsin xüsusiyyətləridir. Qüdsi və ya ilahi nəfs isə Allahla yaxınlığa, mərhəmətə, ədalətə, fədakarlığa və s. meyllidir. Bu nəfs pak olan ilahi bir ruhdur. "Hicr” surəsinin 29-cu ayəsində buyurulur: "Ona öz ruhumdan üfürdüyüm zaman ona səcdə edin.” Bəli, mütməinnə nəfs həmin ruhdur. Demək, daxilimizdə daim mübarizədə olan qüvvələr eyni bir nəfsin iki yönümüdür. İnsan cism və ruhdan təşkil olunduğundan bə`zi ehtiyaclar ruha, bə`ziləri isə cismə aiddir. Məsələn, pulu olmayan insan yemək istəməklə yanaşı, kimsəyə əl açmayıb şəxsiyyətini qorumaq da istəyir. O, ya şəxsiyyətini qoruyub ac qalmalı, ya da şəxsiyyətini sındırıb qarnını doyurmalıdır. Bu istəkdən biri cismə, digəri ruha aiddir. Bu mübarizə biri heyvani, digəri ilahi olan iki "mən” və ya iki "ruh” arasında yox, vahid insanın iki istəyi arasında gedir. Ola bilər ki, iki istək bir-birinə müqavimət yox, yardım göstərsin.
Nəfs vahiddir
Qur`ani-kərimin müxtəlif ayələrində insanın vahid nəfsdən yaradıldığı bəyan olunur: "Odur sizi vahid nəfsdən xəlq edən.” Bu ayədə nəfs hansı mə`nada işlənmişdir? Söhbət əmmarə və ya ləvvamə nəfsdən, yoxsa insanın şəxsiyyətindən gedir? Ayədə insanın ilk yaranışda bir şəxsdən yaranıb çoxaldığı bildirilir. Ərəb ədəbiyyatı baxımından "vahidə” kəlməsi qadın cinsində olduğundan bə`ziləri elə güman edirlər ki, ilk insan həzrət Həvva olmuşdur. Onlar öz fikrini sübut etmək üçün "Ə`raf” surəsinin həmin ayəsinin davamını dəlil göstərirlər: "Onun özündən zövcəsini yaradan da odur.” Guya həzrət Adəm həzrət Həvvadan yaradılmışdır. Hansı ki, "zövcə” kəlməsi kişiyə yox, qadına aiddir. Həmin səhv ərəb dili ilə lazımi qədər tanışlıq olmamağından irəli gəlir.
Nəfs kəlməsi Qur`anda bə’zi yerlərdə ruh mə`nasında işlədilmişdir. "Zumər” surəsinin 42-ci ayəsində oxuyuruq: "Allah öləcəkləri zaman insanların nəfsini tamamilə çıxarır.” Bu ayədə nəfs dedikdə ruh nəzərdə tutulur. Bu sözün düzgün mə`nasını anlamaq üçün diqqətli olmaq lazımdır. Nəzərə almaq lazımdır ki, bu söz bə`zən cism, bə`zən ruh, bə`zən insan, bə`zən də əmmarə və ya ləvvamə meyllər mə`nasında işlədilir. İnsanın öz istəklərini cilovlaya bilmədiyi halı əmmarə nəfs, günahdan peşmançılıq çəkdiyi hal ləvvamə nəfs, kamala çatmış halı isə mütməinnə nəfs adlanır.
Nəfs ilə əqlin düşmənçiliyi dedikdə əqlani qüvvə ilə nəzarətdən çıxmış nəfsani istəklər arasında olan təzad nəzərdə tutulur. İnsanın daxilində olan meyllər heç bir hədd-hüdudsərhəd tanımır. Əqlin işi kamilliyin ziddinə olan ifratın qarşısını almaqdır. Əql ilə nəfsin düşmənçiliyinin əsl mə`nası da məhz bundan ibarətdir. İnsanın daxilində iki müstəqil varlığın savaşı yanlış təsəvvürdür.
Kitabın adı: Allaha doğru
Müəllif: Doktor Misbah Yəzdi