Ehsan süfrəsi barədə tövsiyələr
Şeyxin birbaşa özü tərəfindən, yaxud müəyyən yollarla camaata yaxşılıq etməyə, onların müxtəlif çətinliklərini həll etməyə çalışmasından əlavə, müxtəlif münasibətlərlə, xüsusilə dini bayramlarda öz kiçik evində qonaqlara ehsan verirdi. O, iman əhlinə təam verməyə və mənzilində ehsan süfrəsinin salınmasına ciddi əhəmiyyət verirdi. Həmişə tövsiyə edərdi ki, çalışın, evinizdə ehsan süfrəsi olsun. O, inanırdı ki, əgər o yeməyin pulunu ehtiyacı olanlara versələr və onlar özləri üçün yemək hazırlasalar ehsan verilməsi qədər tə᾽sirli olmaz.
Doktor Fərzam deyir: Miskinlərə və fəqirlərə təam vermək Şeyxin həmişəki tövsiyələri idi. Bir dəfə mən ona dedim: Əgər pulunu versək nə olar?
Şeyx buyurdu: Xeyr! Yemək vermək tamamilə başqa bir şeydir və onun tə᾽siri daha çoxdur.
Hamı bilirdi ki, Şə᾽ban ayının on beşinci günü toyuq qızartması verəcəkdir. İstər ariflər, istərsə də sadə camaat Şeyxin evinə gələrək onun evindəki rəngi getmiş palazların üstündə oturub ehsan süfrəsindən bəhrələnirdilər. Şeyx qonaqlara çox ehtiram göstərir və onlara ehsan etməkdə əlindən gələni əsirgəmirdi.
Şeyxin iman əhlinə təam vermək, ehsan süfrəsini mənzildə salmaq və qonaqpərvərlik ədəblərinə riayət etməkdəki tə᾽kidləri elə bir halda idi ki, onun özü maddi cəhətdən çox çətinlikdə idi.
Kitabın adı: Məhəbbət iksiri
Müəllif: Məhəmməd Reyşəhri