Allahdan başqa heç nə istəmə!
«Allahdan başqa heç nəyi istəmə» inancını iki mələk ona öyrətmişdi. Şeyxi sevənlərdən biri onun belə buyurduğunu deyir:
Bir gecə iki mələk mənə iki cümlə gətirdi və Allah dərgahında fani olmağın yollarını mənə öyrətdilər. Həmən iki cümlə bundan ibarət idi:
«Özündən heç bir şey demə və Allahdan başqa heç nəyi istəmə».
Xacə Nəsirəddin Tusi bu barədə buyurur:
«İnsan vəhdət dərəcəsinə yalnız bundan sonra çata bilər ki, varlıq və yoxluq qapılarını öz üzünə bağlaya. Və nəzərini bu iki dərəcədən yüksəklərə apara. Və insan nə qədər ki, varlıqla yoxluq arasında tərəddüddədir, təkcə dünya və ya təkcə axirət adamıdır. Əgər məcazi varlığı və həqiqi yoxluğu istəyirsə, dünya adamıdır və axirət ona haramdır; əgər həqiqi varlığı və məcazi yoxluğu istəyirsə, axirət adamıdır və dünya ona haramdır. Əgər nə varlığı və nə də yoxluğu istəmirsə, əksinə Allah adamı olsa, dünya və axirət hər ikisi ona haramdır. Yə᾽ni təkcə dünyaya və ya axirətə nəzər etsə onun kamal dərəcəsindən və əksinə çevrilər. Çünki, nə qədər ki, insan axirət və behişti, savab və səadəti tapıb öz kamalını istəmişdir, öz kamalını da öz xeyrinə istəmiş olur. Deməli özünü istəmişdir, Allahı yox. Belə olan halda kəsrət adamıdır, vəhdət adamı deyildir. Belə ki, buyurmuşlar:
«Allahdan başqa hər nə görürsənsə, bütdür, onu sındır». Belə isə Allahdan başqasını istəmək bütpərəstlikdir. Çünki hər kəs Allahı tanısa onun əlaməti budur ki, Allahdan başqasını istəməsin və Allahı tanımaq, Allahı istəmək hələ də kəsrətdən sayılır. Çünki, vəhdətdə tanıdan və tanınan yoxdur, istəmək və istənilən yoxdur, hər şey Allahdır, vəssəlam. Deməli, hər kəs Allahdan başqasını görmürsə vəhdətin talibidir. Əgər Allah-taala varlıq və yoxluq hicablarını onun qarşısından götürsə bu mərtəbəyə çatar. («Təvəlla və təbərra» risaləsi, Əxlaqi Möhtəşəmidən, səh.569.)
Kitabın adı: Məhəbbət iksiri
Müəllif: Məhəmməd Reyşəhri