Mərhum hacı Nuri "Nəcmus-saqib” kitabında yazır: Bir çox elmlərə yiyələnən zahid və təqvalı alim, iti qələm sahibi Şeyx Əli Rəşti, böyük ustad Şeyx Mürtəza Ənsarinin (Allah onun məqamını uca etsin) fəal şagirdlərindən biri olmuşdur. Ümumiyyətlə, çox vaxt bir yerdə olardıq. Mən onun kimi gözəl əxlaqa və üstün xüsusiyyətlərə malik çox az adam görmüşəm. O, mənə belə bir əhvalat danışdı:
Neçə il əvvəl İmam Hüseyn (ə)-ın ziyarətindən su yolu ilə Nəcəfə qayıdırdım. Fəratın Kərbəla ilə Tuveyric arasında işləyən gəmilərindən birinə əyləşdim. Hillədən olan müsafirlər yol boyu bir-birləri ilə boş-boş zarafatlaşır, elə hey gülüb əylənirdilər. Onlardan yalnız biri vüqarlı və olduqca özünü ağır aprırdı. Bə`zən də məzhəbinə görə ona yersiz tə`nələr vurur və masqara edirdilər. O, öz yerliləri ilə nə deyib-gülür, nə də onların bihudə zarafatlarına qoşulurdu. Amma buna baxmayaraq, yemək-içmək və xərclərində onlarla şərik idi. Mən bundan çox təəccüblənsəm də, gəmidə ondan bir şey soruşa bilmədim. Bir qədər getdikdən sonra çayın dayaz yerinə gəlib çatdıq. Gəmi ağır olduğundan hər an gilə otura bilərdi. Gəmiçi bizi sahildə düşürdü və biz bu bir qədər yolu sahil boyu getməli olduq. Fürsətdən istifadə edib mən həmin şəxsdən soruşdum: Nə üçün siz onlarla belə rəftar edirsiniz, halbuki onlar sizə yaman əziyyət edirlər? Dedi: Onlar mənim həmyerlilərimdir və hamısı sünni məzhəbdirlər. Mənim atam sünni, anam isə şiə olub. Mən özüm də bir vaxtlar sünni məzhəbində idim. Lakin İmam Zaman (ə)-ın bərəkəti ilə şiə məzhəbini qəbul etdim. Dedim: Bəs, siz necə şiə oldunuz? Dedi: Mənim adım Yaqutdur. Hillə körpüsünün yanında yağ satardım. Bir neçə il bundan əvvəl yağ almaq üçün Hillə ətrafında olan kəndlərə getmişdim. Oradan istədiyim qədər yağ alıb Hillə əhalisindən olan neçə nəfərlə birgə geri qayıtmalı olduq. Yolda bir mənzil başında istirahət üçün oturaq saldıq və mən yuxuya qalıb onlardan ayrı düşdüm. Oyandıqda, gördüm ki, artıq yoldaşlarımın hamısı getmiş və mən isə tək-tənha səhranın ortasında qalmışam. Oradan Hilləyə qədər isə quraqlıq və ot-ələfsiz bir sahə idi. Yaxınlıqda nə bir abadlıq, nə də ki, yaşayış yeri gözə dəyirdi. Nə edəcəyimi bilmirdim. Naçar, yükümü atıma yükləyib onların ardınca hərəkət başladım. Doğrusu, yolu itirmişdim. Həm susuzluq, həm də ətrafda hər an yırtıcı heyvanların peyda olma ehtimalı məni dəhşətə gətirirdi. O vaxtlar mö`təqid olduğum Əbu Bəkr, Ömər, Osman və Müaviyə kimi övliyalara təvəssül edib onlardan kömək istədim. Amma bir xəbər olmadı.
Birdən, anamın "Bizim İmam Zamanımız var və diridir. Nə vaxt işimiz çətinə düşsə və ya yolu itirsək, o bizim dadımıza çatır. Künyəsi isə "Əbu Salehdir!” – dediyi sözləri yadıma düşdü. Elə həmin an Allah-təala ilə əhd-peyman bağladım ki, əgər o mənə bu çətinlikdən nicat versə, anamın məzhəbini qəbul edəcəyəm. Nəhayət, İmam Zaman (ə)-dan kömək diləyib dadıma çatmasını istədim. Uca səslə fəryad etdim: «Ya əba Salihil-Məhdi, ədrikni!» (Ey Əbu Saleh Mehdi, dadıma çat!) Bir də gördüm, bir şəxs mənimlə birgə yol gedir, başında da yaşıl əmmaməsi var. O, yolu mənə göstərib dedi: Ananın məzhəbini qəbul et! İndi əhalisi şiə olan bir kəndə çatacaqsan. Dedim: Ey ağam! Birgə gəlib məni özünüz ora çatdıra bilərsinizmi? Buyurdu: Yox, çünki dünyanın müxtəlif yerlərində minlərlə insan məni yardıma çağırır. Mən də onların dadına çatıb nicat verməliyəm. Bunu deyib dərhal gözlərimdən itdi.
Bir az getdikdən sonra həmin kəndə çatdım. Qaldığım yerlə həmin kənd arasında xeyli məsafə olmasına baxmayaraq mən ora çox qısa müddətdə, yoldaşlarım isə səhəri gün ora çatdılar. Hilləyə çatdıqda, fəqihlər seyyidi Seyyid Mehdi Qəzvininin yanına getdim və başıma gələnləri ona danışıb, elə həmin gün şiəliyi qəbul etdim. Şiə məzhəbinin fiqh və əsaslarını da ondan öyrəndim. Bir gün ondan soruşdum: İndi mən nə edim ki, bir daha fədası olduğum İmam Zamanla (ə) görüşə bilim? Buyurdu: Qırx cümə axşamı Kərbəlaya gedib İmam Hüseyn (ə)-mı ziyarət et.
Mən hər cümə axşamı Hillədən Kərbəlaya İmam Hüseyn (ə)-ın ziyarətinə getdim. Sonuncu cümə axşamı gördüm ki, mə`murlar şəhərə girmək üçün icazə vəsiqəsi istəyirlər. Nədənsə, bu dəfə hamını çox ciddi sorğu-suala tuturdular. Mənim isə nə vəsiqəm var idi, nə də ki, icazə almaq üçün pulum. Şəhərə daxil olmaq üçün böyük izdiham yaranmışdı. Nə qədər çalışdımsa, şəhərə daxil olmaq üçün gizli bir yer tapmadım. Elə bu vaxt uzaqdan İmam Zamanı (ə) başında ağ əmmamə iranlı elm adamlarına məxsus paltarda şəhərin darvazalarından içəridə gördüm. Mən tab gətirə bilməyib ondan kömək dilədim. O, həmin anda yanıma gəlib əlimdən tutaraq məni içəri keçirdi. Doğrusu, kimsə məni görmədi. Şəhərə daxil olduqda, onunla söhbət etmək istədim. Amma o, qeybə çəkilib gözdən itdi.