Seyyid Həsən Əbtəhi deyir ki, rəhmətlik atam seyyid Rza Əbtəhi dəfələrlə bu əhvalatı müxtəlif vaxtlarda söyləmişdir. Deyirdi ki, təxminən on altı yaşım olardı. Atam da vəfat etmişdi. Özümdən böyük bacım Məşhədin "Yuxarı Mayun” adlı ətraf yaylaqlarından birində ərdə idi. Məşhəddə havalar qızdığından biz də "Yuxarı Mayun”a getmək istəyirdik. O vaxtlar həmin məntəqələrə maşın getmirdi. Bunun üçün də bir neçə uzunqulaq kirayə edib birinə anamı, birinə özümdən kiçik olan bacımı mindirib, o birinə də şəxsi əşyalarımızı yükləyib yola düşdük. Uzunqulaqların ədəbsiz sahibi cavan oğlan da bizimlə birgə gəlirdi. Mayun çayına təxminən üç kilometr qalmış o, bizdən aralı bir nəfərlə söhbətə başladı. Biz isə qaya tərəflə hərəkət edirdik. O, uzaqdan bizi səsləyib dedi ki, çayın alt tərəfi ilə gedin. Biz isə onun sözlərinə e`tina etməyib yolumuza davam etdik. Çünki, əvvəlcədən demişdik ki, biz Yuxarı Mayuna tərəf gedəcəyik.
Yuxarı Mayun çayına üç kilometr qalmış Aşağı Mayun çayının başlanğıcında, sıx ağaclıqlar altında özünü bizə çatdırıb dedi: Uzunqulaqların kirayəsini verin və yolun qalan hissəsini isə piyada gedin. Anam ondan çox xahiş etdi ki, bizi Yuxarı Mayun çayına çatdır və nə qədər istəyirsən, əlavə pul al. Amma o, bunu qəbul etmədi. Anam isə havanın qaralmasıyla onun fürsətdən istifadə edərək bizimlə olan qadın və cavan qıza qarşı cinayətə əl atacağı ehtimalını fikirləşdikcə, bərk nigarançılıq keçirirdi.
Hava artıq tam qaralmış və sıx ağaclar altında isə göz-gözü görmürdü. Anam o qədər nigarançılıq hissi keçirirdi ki, bilmirdi nə etsin. Birdən, ayağa qalxıb mənimlə bacımı kötəkləyə-kötəkləyə dedi: Məgər siz seyyid deyilsiniz, nə üçün cəddinizi köməyə çağırmırsınız? Biz də ağlaya-ağlaya "Ya Cədda!” (Ey cəddimiz!) – deyərək fəryad etməyə başladıq. Bir də gördük ki, çayın aşağı tərəfindən əyinində zolaqlı əba, başında yaşıl əmmaməli uca boylu, yaraşıqlı bir seyyid gəlir. Bizə yaxınlaşandan sonra bir şey soruşmadan həmin cavana tərəf gedib dedi: Ay nanəcib! Peyğəmbər övladını bu qaranlıq havada, çayın ortasında iztirab içində qoyursan? O, bu sözləri deyərkən nə bizi tanıyır, nə də ki, bizdə seyyidliyimizi bildirən bir əlamət var idi. Cavan isə bir söz demədən tez aradan çıxdı. Sonradan bizə mə`lum oldu ki, o, olduqca bədəxlaq, hamını incidən bir mərdimazar imiş. Seyid ardınca düşüb, onu tutub gətirdi və dedi: Get uzunqulaqları gətir və onları istədikləri yerə çatdır. O da bir söz deməyib itaət etdi və yol boyu bir kəlmə də olsun danışmadı. Sonra seyyid buyurdu: Məqsədə çatana qədər sizinlə birgə olacağam. Biz isə havanın qaraldığını tam unutmuşduq. Çünki, gündüz tək hər tərəfi görür və yolumuza çox asanlıqla davam edirdik. Bacımgilin evi elə bir yerdə idi ki, ətrafında nə bir ev, nə də ki ağaclıq var idi. O, bizi çatdırıb soruşdu: Çatdınızmı? Dedik: Bəli və dərin minnətdarlığımızı bildirdik. Anam tam əmin idi ki, o, İmam Zaman (ə)-dır. Mənə dedi: Ağanı evə də`vət elə, bir az istirahət etsin. Bir də baxıb gördüm ki, artıq yoxdur və hava da qaralmışdır. Nə qədər onu səslədimsə, kimsə səsimə cavab vermədi. Sonra yadıma düşdü ki, çayın kənarında hava qaranlıq olsa da, biz onun əynindəki paltarın rəngini, üzünün bütün cizgilərini belə görə bilirdik.
Atamın bu əhvalatı nəql etməsində əsas məqsədi seyyidliyimizi sübuta yetirmək olmuşdur. Çünki, Həzrət həmin cavanı tənbih edərək demişdi: Ay nanəcib! Peyğəmbər övladını bu qaranlıq havada, çayın ortasında iztirab içində qoyursan? Atam və nənəm əmindirlər ki, həmin şəxs İmam Zaman (ə) olmuşdur.