Əllamə Bəhrul-Ülum Məkkədə yaşadığı illərdə qohum-əqrəbadan, dost-tanışdan uzaq olsa da, tələbələrin və yoxsulların ehtiyaclarını ödəməkdə heç vaxt biganə deyildi. Bəhrul-Ülumun maliyyə üzrə mühasibi bir gün ona deyir: Büdcədə artıq bir dirhəm də olsun pul qalmamış və bir şey fikirləşmək lazımdır. O isə bu xəbərdarlığa bir cavab vermir. Məkkədə olduğu illərdə adəti üzrə, hər səhər Kə`bəni təvaf edər, sonra da istirahət etmək üçün mənzilə qayıdardı. İstirahət vaxı isə qabaqcadan hazırladığım qəlyanı çəkəndən sonra, o biri otağa keçib tədrisə başlayardı. Həmin gün yenə səhər Kə`bənin təvafından qayıtdıqdan sonra həmişəki kimi, qəlyanını hazırlayıb qarşısına qoymuşdum. Birdən, qapının döyültüsü eşidildi və bunu eşitcək, çox həyəcanlı halda mənə dedi: Götür qəlyanı ortalıqdan. Özü də tez yerindən qalxıb, xidmətçilərdən qabaq qapıya tərəf yüyürüb qapını açdı.
Ərəb qiyafəsində çox yarşıqlı, alicənab bir seyyid içəri daxil oldu və hər ikisi Bəhrul-Ülumun şəxsi otağına keçdilər. Bəhrul-Ülum böyük hörmət və ehtiramla qapı qabağında əyləşdi.
Onlar iki saata qədər təklikdə söhbət etdilər. Seyyid getmək istəyərkən, Bəhrul-Ülum tez ayağa qalxıb qapını açdı və sonra onun əlindən öpüb həyətdəki dəvəyə mindirdi. Nəhayət, qonaq getdi və özü də otağa qayıtdı. Amma onun rəngi-ruhu tamamilə dəyişilmişdi. Sonra əlindəki qətfəni mənə verib dedi: Apar bunu Səfa dağının ətəyindəki dükanda filan sərrafa ver və nə qədər pul versə, al gətir. Mən də qətfəni götürüb dediyi şəxsin yanına getdim. Həmin şəxs qətfəni görcək, öpüb gözləri üstə qoyaraq dedi: Bir neçə nəfər fəhlə gətir. Elə də etdim. Sonra sərraf onların gücləri çatdığı qədər kisələrə pul doldurub mənə təhvil verdi.
Bir gün qərara gəldim ki, həmin sərrafın yanına gedib həm hal-əhval tutum, həm də ondan qətfə sahibi haqda soruşum. Amma ora çatdıqda, belə bir dükan gözümə dəymədi. Qonşu dükanların birindən onun kim və harada olduğunu soruşdum. Dedi ki, hələ bu vaxta qədər burada belə bir sərraf görməmişdir. Başa düşdüm ki, bu da ilahi sirlərdən və İmam Zaman (ə)-ın bizə lütf etdiyi bəxşişlərdən biri imiş.