Fədası olduğumuz İmam Zamanla (ə) görüşə nail olub, elmi suallarına cavab alan şəxslərdən biri də böyük alim Müqəddəs Ərdəbili (vəfatı 993-cü hicri qəməri ili) olmuşdur. Bu böyük şəxsiyyət təqva və ibadətdə elə yüksək məqama çatmışdır ki, hər kəsi iman və təqvada misal çəkmək istəsələr, ona oxşadırlar. Mə`lum olduğu üzrə Müqəddəs Ərdəbili bə`zi məsələlərin həllində aciz qaldığı zaman mö`minlərin əmiri Əli (ə)-ın qəbri üstə gedər, suallarını ona verər və dərhal onlara cavab alardı. Doğrudan, heyrətlənməmək olmaz! İnsan din və imamətə inam və əqidədə bu qədər yüksələ bilsin. Zəmanəsinin tanınmış alimlərindən və Müqəddəs Ərdəbilinin həyat sirlərindən agah olan tələbələrindən biri öz xatirələrində deyir:
Bir gün gecə yarısı mö`minlərin əmiri Əli (ə)-ın ziyarətgahında gəzişirdim ki, birdən nurlu bir fəzada ziyarətgaha tərəf gələn cazibəli çöhrə gördüm. Ziyarətgahın bütün qapıları bağlı olsa da maraqla onu tə`qib etməyə başladım. Gördüm ki, ziyarətgahın qapılarına yaxınlaşdıqda, birdən qıfılları öz-özünə açıldı. Beləcə, o hansı qapıya yaxınlaşıb ona əl vururdusa, dərhal açılırdı. Nəhayət, vüqarla qəbirə yaxınlaşıb Əli (ə)-a salam verdi və salamının cavabını aldı. Sonra da adi halda söhbət etməyə başladı. Bir azdan sonra hərəmdən çıxıb, şəhərdən aralanaraq Kufə məscidinə üz tutdu. Mən isə daha maraqla onu tə`qib etməyə davam etdim. O, məscidə daxil olub sonra yenə şəhərə qayıtdı. Nəcəfin şəhər qapılarına çatdıqda, artıq səhər açılırdı və camaat yavaş-yavaş yuxudan oyanıb münacata hazırlaşırdılar. Birdən, məni asqırma tutdu və heç cür özümü saxlaya bilmədim. O şəxs tə`qib olunduğunu başa düşüb geri döndü və gördüm ki, o, ustadım Ayətullah Müqəddəs Ərdəbilidir.
Salamlaşıb hal-əhval tutduqdan sonra dedim: Bütün gecəni – ziyarətgaha daxil olduğunuz andan bu vaxta qədər sizi izləyirdim. Xahiş edirəm deyin ki, ziyarətgahda və Kufə məscidinin mehrabında kiminlə söhbət edirdiniz? O, əvvəlcə mənimlə qəti söz kəsdi ki, özü dünyadan getməmiş bu sirri kimsəyə açmayacağam. Sonra buyurdu: Övladım! Bə`zən elə olur ki, qarşıma çıxan məsələlərin həlli mənim üçün olduqca çətin və mən onların qarşısında aciz qalıram. Belə vaxtlarda həzrət Əli ibn Əbu Talibin hüzuruna gəlib suallarımın cavabını ondan alıram. Lakin, dünən gecə həzrət Əli (ə) məni İmam Zaman (ə)-ın yanına göndərdi. Dedi ki, bu gecə nəvəm Kufə məscidində olacaq. O, sənin imamın Sahibəzzamandır. Onun yanına get və bu məsələni ondan öyrən. Mən də onun dediyi kimi, Kufə məscidinə gedib mehrabda İmam Zaman (ə)-dan sualımın cavabını aldım.