Dilin təhlükəli bəla və günahlarından biri də yalandır. Yalan böyük günahlardan olub bütün pisliklərin, çirkinliklərin mənbəyi və açarıdır. Fəzilətli mömin heç vaxt dilini bu iyrənc xislətə adət etdirməz, çünki yalan insanı yalançı və baş-ayaq bir şəxsiyyətə çevirib, onu hamının yanında etibarsız edər. Amma təəssüflər olsun ki, yalan asan iş olduğundan və çox da zəhmət tələb etmədiyindən bəzi adamlar məqsədə tez nail olmaq üçün ondan istifadə edərək cürbəcür yalanlar qoşurlar. Belələri çox vaxt bir gündə onlarla yalan danışırlar. Faciəli burasıdır ki, onlar ictimai və şəxsi həyatda bu yalanların pis aqibəti haqda heç fikirləşmir, yalanı qoçaqlıq hesab edib doğru danışanları siyasətsiz və ləyaqətsiz kimi düşünürlər, daha bilmirlər ki, yalan danışmaq insanın pak fitrətinə, əzəmətli şəxsiyyətinə zidd olub, əslində Allah-təala ilə düşmənçilik etməkdir, çünki O, dünyanı həqiqət və düzgünlük əsasında yaratmışdır:
"Göyləri və yeri haqq olaraq yaradan Odur” («Ənam» - 83).
Həqiqət və sədaqət qanunu dünyanı başdan-başa əhatə etmişdir. Zahiri baxımdan dünyada bəzi ziddiyyət və ixtilafların olmasına baxmayaraq, əslində dünyada yalan və xəyanət yoxdur. Saf və xalis həqiqətləri təbii olaraq təbiətdə axtarıb yaradılışın dilindən eşitmək lazımdır. Bütün elmi və fəlsəfi qanunlar varlıq dünyası, ona hakim olan qanunlar, haqsevərlərdən dərk olunmuş və ümumən hamının varlığın sirləri haqda düşüncə və aldıqları ilhamdan başqa bir məfhum deyilmi? Onların varlıq və ona hakim kəsilmiş qanunlarından başqa bir əyləncəsi yoxdurmu? Allah-təala da nişanələri göstərməklə bizim batinimiz və xarici aləmimizi kainatın həqiqətlərinə yönəltmək üçün bələdçilik edib buyurur:
"Onun («Quran»ın) haqq olduğu onlara bəlli olsun deyə, biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə (kainatda, göylərin və yerin ətrafında), həm də onların öz daxilində mütləq göstərəcəyik...” («Fussilət» - 53).
Əmirəlmöminin Əli(ə) buyurur: "Dünya düzgün olanlar üçün düzgünlük yeridir.”299 Qısaca desək, xilqət və təbiətin əsası həqiqət üzərində möhkəmləndirilmişdir. Haqqı batillə qarışdırıb alt-üst edən bu zülmkar və nadan insandır. Həzrəti-Əli(ə)-nin buyurduğu kimi, camaat bir az batil və bir az da haqq götürüb bir-birinə qarışdırır.300 Çünki təkcə batili insanlara göstərmək olmaz. İnsanın həqiqət axtaran xisləti onsuz da onu öz-özünə dəf edəcəkdir. Pak olan Allah istər fitri, istərsə də şəri dillə öz bəndələrilə sədaqət və düzgünlüklə danışıb buyurur: "Rəbbinin sözü düzgün və ədalətli şəkildə tamam oldu. Onun sözlərini dəyişdirə biləcək bir kimsə yoxdur.” («Ənam» - 115). ".... Allahdan daha doğru danışan kim ola bilər?” («Nisa» - 87). Bəndələrindən düzgünlük və doğruluqdan başqa bir şey qəbul etməyərək buyurur: "Bu (qiyamət günü) elə bir gündür ki, düz danışanlara düzlükləri fayda verər.” («Maidə» - 119). "O gün ki, nə mal-dövlət, nə də övlad fayda verər! Ancaq sağlam (təmiz, daxilində şəkk-şübhəyə, küfrə, şirkə və nifaqa yer olmayan) bir qəlblə Allahın hüzuruna gələn kimsədən (möminlərdən) başqa!” («Şüəra» - 88,89). Allah-təalanın özünü doğru danışan, sədaqət kəlmələri ilə tərif etməsi bu kəlmənin nə qədər fəzilətli olmasına kifayət edir: "... Allahdan doğru danışan kimdir?” («Nisa» - 122). Öz peyğəmbərlərini də sədaqət kəlməsi ilə vəsf edərək möminlərdən doğru danışanlar və sadiqlərlə birgə olmalarını istəmişdir: "Ey iman gətirənlər! Allahdan qorxun və (imanında, sözündə, işində) doğru olanlarla olun! (Peyğəmbər və əhli-beyti ilə birlikdə olun!)” («Tövbə» - 119). Lazımi qeydlər:
a) Adətən yalan və doğru danışanda baş vermiş hadisə ilə zidd olub-olmamaq bir ölçü kimi təyin edilir, yəni insanın sözü həqiqətə uyğun olarsa, doğru, zidd olarsa, yalan hesab olunur. Bu ölçü yalan və doğrunun tərifində ən düzgün meyar və elmi məsələlərdə təkcə bu meyardan istifadə olunmasına baxmayaraq, hüquqi və əxlaqi nəzərdən əsl dəlil ola bilməz. Qanunvericilik, vəzifə və məsuliyyətə cəlb etmədə bu meyar kifayət etmir, çünki vəzifə dərk olunan, başa düşülən zaman məsuliyyətli hesab olunur. Hökm və mövzu cavabdeh şəxs üçün aydın olmayınca vəzifə hesab olunmur. Buna əsasən əgər bir şəxs doğru olmayan bir məsələni öz əqidəsinə görə həqiqətə uyğun hesab edib onu doğru bir xəbər kimi bəyan edərsə, elmi nəzərdən yalan söylədiyinə baxmayaraq, şəriət və qanuna görə yalançı hesab olunmur. Məsələn, orucu batil edən şeylərdən biri Allah və Peyğəmbər(s) barədə yalan danışmaqdır. Lakin əgər bir şəxs oruc halda səhv olaraq bir hökmü Allah və ya Peyğəmbər (s)-ə aid edərsə, orucu batil olmur, çünki qəsdən yalan danışmamışdır. Belə hallarda şəxs yalançı kimi cəzalandırılmır. Ruhi və əxlaqi inikaslarda da elmin xüsusi təsiri vardır. Çünki insan ruhunu kədərləndirən, onu nifaqa sürükləyən səhv yox, qəsdən yalan danışmaqdır. Bəlkə də Əbdürrəhman ibn Həccacın cavabında yalanı tərif edərkən İmam Sadiq (ə)-ın məqsədi budur. İmam buyurur ki, sırf yalan danışmaq insanı Kəzzab və yalançı etmir. Çünki elə bir şəxs yoxdur ki, bəzən həqiqətin əksinə danışmamış olsun. Amma yalançı, kəzzab odur ki, yalan danışmağa adət etsin, yəni yalan danışmaq onun xüsusiyyətlərindən biri olsun. Başqa bir sözlə desək, yalançı səhv üzündən yox, qəsdən həmişə yalan danışandır. Buna əsasən səhv edib yalan danışmaq günah deyildir, amma unutmaq olmaz ki, məsuliyyət hiss edən şəxs dəqiq bilmədiyi söhbətləri danışmaqdan çəkinməli, əmin olmadığı bir sözü danışmaq məcburiyyətində qalsa belə, onu qəti surətdə söyləməməli, əksinə, onun ehtimal və şübhəli olduğunu qeyd etməklə danışmalıdır. Elmin mahiyyəti hökmün və istəyin həyata keçməsinə təsir göstərdiyi kimi, eləcə də həqiqətin sirlərini açmağa kömək göstərir. Adətən elmi cəhətdən bir dini vəzifə və hökmü həyata keçirmək üçün əsas səbəb olan o hökmün sirlərini kəşf etmək lazımdır. Nə qədər ki hökmün mahiyyəti açıqlanmayıb, həqiqəti dərk etmək olmaz. Deməli, əmin olmadığımız məsələləri danışmaqdan çəkinmək lazımdır. Allah-təala buyurur: "(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü demə). Çünki qulaq, göz və ürək– bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır.” («İsra» - 36). Yəni bir şeyi dəqiq surətdə bilmirsənsə, həqiqət kimi qəbul edib həqiqi təsirləri ona şamil etmə, əksinə, təhqiq edib həqiqətə yetiş.
b) Yalanın haramlıq və çirkinliyinə heç bir şübhə yoxdur. Şeyx Ənsari buyurmuşdur ki, dörd əsas istinad mənbəyinin (ədilleyi-ərbəə - kitab, sünnə, əql, icma) hamısı onun haramlığına dəlalət edir. Yalan az da olsa, rəzil sifətlərdən olub münafiqlik əlamətidir.
İmam Baqir(ə) buyurur ki, Əli ibn Hüseyn (İmam Zeynülabidin)(ə) öz övladlarına belə nəsihət edərdi: "Yalan sözdən çəkinin! İstər kiçik yalan olsun, istərsə də böyük, çünki kiçik yalan insanı böyük yalanı danışmağa ürəkləndirər. Məgər bilmirsiniz, Rəsulullah(s) buyurdu ki, (Allah) bəndəsi həmişə doğru danışarsa, Allah onu doğrudanışanların cərgəsinə, yox əgər ömür boyu yalan danışarsa, onun adını yalançıların sırasına yazar?”
Peyğəmbər(s) Əbuzərə etdiyi nəsihətlərində buyurur: "Ey Əbuzər! Məclis əhlini güldürmək xatirinə danışan adam sanki göydən yerə endirilmiş kimi cəhənnəmin dərinliklərinə yuvarlanar. Vay o adamın halına ki, camaatı güldürmək üçün yalan danışır. Vay olsun ona! Vay olsun ona!”
v) Yalan zarafat etmək məqsədi ilə olsa da, yenə haram və günahdır. Bəziləri belə təsəvvür edirlər ki, əgər bir kəs camaatı güldürmək üçün zarafatca yalan danışarsa, onun heç bir eybi yoxdur, ona görə ki belə hallarda yalan zarafatca deyilir, ciddi surətdə yox. Amma bunu da yadda saxlamaq lazımdır ki, müqəddəs İslam şəriətində yalan danışmaq tamamilə qadağan olunmuş və hər növ yalan, istər zarafatca, istərsə də ciddi, imanla zidd hesab edilmişdir. Həzrəti-Əli(ə) bu haqda buyurur: "Yalanı (zarafatca və ya ciddi) tərk etməmiş heç bir bəndə imanın ləzzətini dada bilməz.”304 "Yalan istər zarafatca olsun, istərsə də ciddi nalayiq bir hərəkətdir. Məsləhət deyildir ki, bir kəs öz övladına vədə versin, amma sonradan vədəsini yerinə yetirməsin, çünki yalan insanı boşboğazlıq və məsuliyyətsizliyə tərəf çəkir. Onun da nəticəsi cəhənnəmdir.”
Yalan istər kiçik ya böyük olsun, istərsə də zarafatca və ya ciddi deyilsin, günah hesab olunub insanın əməllər kitabçasına yazılır. Ola bilər ki, bəzi yalanlar camaatın nəzərində yalan hesab olunmasın, amma yenə də İslam baxımından qəbih və iyrəncdir. Məclisi yazır: "Təəssüflər olsun ki, insanların çoxunun, hətta xüsusi adamların belə mübtəla olduqları günahlardan biri də həqiqətdən uzaq, yalan ləkəsi onda müşahidə olunan adi təriflərdir. Məsələn, yemək-içməyə ehtiyacları olduğu halda, ev sahibi onlara süfrə kənarında oturmağı təklif edərkən iştahasız və ya tox olduqlarını bildirirlər. Yaxud birinə qarşı əvvəlki münasibətdə olmadıqları halda, o qədər yalandan məhəbbət və mehribanlıq göstərirlər ki, bəzən bu hərəkət özlərinə də şübhəli görünür. Bu kimi yalanların fəsad törədən yalanlara oxşar olmamasına baxmayaraq, müqəddəs şəriətdə günah və haram sayılır. Zəruri hallar qarşıya çıxmadıqda belə yalanlardan uzaqlaşmaq lazımdır.” Sonra Məclisi nümunə olaraq bu barədə aşağıdakı hadisəni qeyd edir:
"Əsma bint Ümeys belə nəql edir ki, Ayişəni zifaf gecəsi (toy gecəsi) mən bir dəstə xanımla Rəsulullah(s)-ın hüzuruna ötürdük. O, Həzrətin hüzuruna gələrkən sevimli Peyğəmbər(s) Ayişəyə bir qab süd verdi. Ayişə utandığına görə qabı almaqdan imtina etdi. Mən ona dedim:
-Rəsulullah(s)-ın əlini geri qaytarma, qabı al.
Çox utancaqlıqla südü alıb bir az içdi. Sonra Peyğəmbər(s) mənə buyurdu:
-Südü səninlə gələn qadınlara da ver, içsinlər.
Qadınlar utandılar. İstədikləri halda, "istəmirik” dedilər. Peyğəmbər(s) buyurdu:
-Aclıqla yalanı bir yerə yığmayın (istədiyiniz halda niyə yalan danışırsız?).
Əsma deyir ki, həzrəti-Mühəmməd (s)-ə (s) ərz etdim:
-Ya Rəsulullah! Bir şeyi istəyərkən istəmədiyimizi bildirsək, yalan demiş oluruq?
Buyurdu:
-Yalan kiçik olsa belə, əməllər kitabçasına yazılır.»
Xülasə, nəzərə kiçik çarpan bu kimi hallarda belə səhlənkarlıq və başısoyuqluq etmək insanın yalana adət etməsinə səbəb olur. Əgər insan bir şeyə adət edərsə, onu çox çətinliklə tərk edər, bu haqda həzrəti-İmam Həsən Əskəri(ə) buyurur: "Birini adət etdiyi şeydən tərk etdirmək möcüzə kimidir.”
Deməli, yalandan uzaqlaşmaq və dili islah etmək üçün kiçik yalanlardan da vaz keçmək lazımdır.
q) Deyildiyi kimi, yalan tamamilə haram və qəbihdir (sonradan şərhi veriləcək zəruri hallardan başqa). Amma əxlaq elmində əxlaqi keyfiyyətlərin ziddi kimi müzakirə olunan və əxlaqi rəzilətlərdən hesab olunan hal yalan danışmağa adət etmək və yalançılıq xislətidir. Bunun tam əksi olaraq, fəzilətlər fəslində doğru danışmağa və düzgünlüyə adət etmək qiymətli, dəyərli hesab olunmuşdur, yəni təsadüfən doğru danışmaq fəzilət və kamala dəlalət etmədiyi kimi, nadir hallarda səhvən yalan danışmaq da əxlaqi rəzilətlərdən hesab olunmur. Başqa bir sözlə desək, əxlaqi dəyər və rəzilət kimi hesab olunan şey sırf danışıq və rəftar yox, insanın əxlaqi fəzilətləri və ya nəfsani rəzil sifətləridir. İnsanın daimi rəftar və əməlləri onun xasiyyətini bildirməsinə və bu ikisinin bir-birinə qarşılıqlı təsir göstərmələrinə baxmayaraq, ondan baş verən təsadüfi əməllər və rəftar həmin şəxsin xasiyyəti kimi hesab olunmur. Buna görə də hədislərdə buyurmuşlar ki, yalan danışmağa adət etmək imanla bir yerə sığmır, yəni mömin olan şəxsin zərurət və ya qəflət üzündən bəzi hallarda yalan danışması mümkün, amma onu öz həyatında bir qayda olaraq adət kimi yerinə yetirməsi isə qeyri-mümkündür. Peyğəmbər(s) buyurur:
"Həqiqətən, ən böyük günah dilin yalana adət etməsidir.”308 " Mömin yalan və xəyanətdən başqa hər bir şeyə adət edər.”
Həsən ibn Məhbub deyir ki, İmam Sadiq(ə)-dən soruşdum:
-Mömin simiclik edərmi?
Buyurdu:
-Bəli.
-Mömin qorxaq olarmı?
-Bəli.
-Mömin kəzzab (çox yalan danışan) olarmı?
-Xeyr.
Sonra İmam(ə) buyurdu:
-Mömin xəyanət və yalandan başqa hər şeyə adət edər.
Əbdürrəhman ibn Həccac deyir ki, İmam Sadiq(ə)-dən soruşdum: "Bəzi hallarda yalan danışanlara kəzzab (çox yalan danışan, yalançı) demək olarmı?” Həzrət buyurdu: "Xeyr. Hamı bəzi hallarda yalan danışır, amma kəzzab (yalançı, yalana öyrənmiş) odur ki, yalan danışmaq onun bir növ xasiyyətinə çevrilmiş olsun.”
d) Əvvəldə qeyd etdiyimiz kimi, yalanın haramlıq və qəbihliyi barədə heç bir şübhə yoxdur. Bu haqda çoxlu ayə və hədislər nəql olunmuşdur. Bəhs olunası mövzu isə budur ki, yalan danışmağın sırf özü ümumiyyətlə böyük günahlardan hesab olunur, yoxsa xüsusi şəraitə görə böyük günahlara aid olur?
Şeyxi-Əzəm Ənsari və bizim böyük ustadımız həzrəti-İmam Xomeyni(r.ə.)-nin nəzəri belədir: Hədislərdən əldə olunan qənaətə görə, Allaha, Peyğəmbər(s)-ə və məsum İmamlara(ə) aid edilən töhmət, yalan nümunələrindən olan iftira, elmi əsası olmayan fitva və fitnə-fəsad törədən yalanlar böyük günahlardandır. Bunlardan başqası isə kiçik günahlardan hesab olunur.312 Amma başqa kiçik günahlarda olduğu kimi, təkrar və israr olunmasına görə deyil, təkrar nəticəsində adətə çevrilib yalanın mənşəyi insanın öz xisləti olduğuna görə böyük günahlardan hesab olunur. Artıq, burada yalan nəfsani rəzil sifətdən əmələ gəlir. Hər iki Cənabın buyurduqları məsələ fiqhi və öz yerində diqqətəlayiq təhqiqatlardır. Lakin hələlik bizim mövzumuzdan kənar bir bəhsdir, amma bu əxlaqi mətləbi də yaddan çıxarmaq olmaz ki, yalan əxlaqi baxımdan tamamilə çirkin və qəbihdir. Zəruri hallardan başqa ondan qəti surətdə uzaqlaşmaq lazımdır. Əlbəttə, demək olmaz ki, yalanın bütün növ və nümunələri günah, qəbihlik baxımından isə bərabər və eyni dərəcədədir, lakin bu əlamətlə yalanı başqa kiçik günahlarla müqayisə edib onu bağışlanan və güzəşt olunan günahlardan da hesab etmək olmaz. Çünki yalan, əslində, həqiqətin və danışanın əqidəsinin ziddi olub, ikiüzlülük və münafiqlik əlaməti olduğundan əxlaqi nəzərdən güzəşt olunması qeyri-mümkün olan böyük bir günahdır. Buna əsasən, yalanın bəzi nümunələrinin böyük günahlardan olması haqda bu iki ustadın tərəddüd etməsi insanı çaşqınlığa salmamalıdır, yoxsa adi hallarda belə yalanı kiçik hesab edib yalan danışaraq tədriclə yalançılığa adət etmiş olarıq. Deməli, yalan danışmaqdan kiçik də olsa belə, tamamilə uzaqlaşmaq və öz nurani, mələkuti (insani) şəxsiyyətini yalan, münafiqlik ləkəsindən qorumaq lazımdır. Çünki Allah yolçusunun yalan, hiyləgərlik və ikiüzlülüklə birgə addımlamağı qeyri-mümkündür.
Yalanın psixoloci kökü alçaqlıq və özünə hörmətsizlik düyünüdür. Bu mətləb əxlaqi psixologiyada diqqət mərkəzində olmalıdır. Peyğəmbər(s) buyurur:
"Yalanın əsas səbəbi alçaqlıq və şəxsiyyətsizlikdən başqa bir şey deyildir.”
İndi isə diqqətinizi yalanı məzəmmət edən ayə və hədislərə cəlb edirik.
Kitabın adı: İslamda əxlaq
Müəllif: Ayətullah Məhəmmədrza Məhdəvi Kani