Ərəb qadın uşağı götürüb getdi!
Höccətul-islam vəl-müslümin Hacı-şeyx Cə`fər Nasiri İsfahani yazır:
Cavan vaxtlarımda möhkəm xəstələnmişdim. Fani dünya gözümdə heçə dönmüşdü. Çox istəyirdim ki, bu dünyanı tərk edib axirətə gedim. Hətta, bə`zən öz ölümümdən ötrü dua edirdim. Bir gün dostlarım Nəcəf səfərindən əvvəl mənimlə vidalaşmağa gəldilər. Söhbət arasında mənə dedilər ki, səni də özümüzlə Kərbəlaya apara bilərik.
Dedim: Siz bilirsiniz ki, mənim yeriməyə qüdrətim yoxdur.
Dedilər: Bizim maşınımız var. Hara istəsən səni apara bilərik. Çox israr etdikdən sonra razılaşdım. Çətinliklə Kərbəlaya gəlib çıxdıq. Dostlarım məni qolları üstə alıb İmamın(əleyhissalam) hərəminə gətirdilər.
Əvvəlcə həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) pak hərəminə getdim. Hərəm xəlvət idi. Məni bir guşədə yerə qoyub özləri başqa iş dalınca getdilər. Çox keçmədi ki, gözlərimə nur gəldi. Sanki zaman və məkanda mənə öz tə`sirini göstərirdi. Özümdən getmişdim. Birdən özümü Həzrə Əbul Fəzl Abbasın(əleyhissalam) müqabilində gördüm. Həzrət Zeynəb(salamullahi əleyha) də orda idi. hər ikisi mənim xəstəliyimdən danışırdılar.
Həzrətin bacısı buyurdu:
Məhəmməd Həsən dünya həyatından cana doyub dəfələrlə ölüm arzulayıb, yaxşı olar ki, onu özümüzlə aparaq.
Əbul Fəzl Abbas(əleyhissalam) buyurdu:
Xeyr! Hələ məsləhət deyil. Onun qalması faydalıdır.
Burda birdən yuxudan ayıldım. Hərəmdə özümü tək gördüm. Bu barədə fikirləşirdim ki, əli uşaqlı bir ərəb qadın tələsik hərəmə daxil oldu. Uşağı zirehə söykəyib sağ əlinin baş barmağı ilə zirehdən tutub dua etməyə başladı. Bu duanı bir neçə dəfə təkrar etdi. Birdən gördüm ki, uşaq qalxıb oturdu. Qadın uşağı götürüb çölə çıxdı.
Özümdə bir hərəkət hiss etmirdim. Sürünə-sürünə özümü zirehə çatdırdım. Baş barmağımla zirehdən tutub dua etməyə başladım. Bu işi bir neçə dəfə təkrarladım. Elə bu an hiss etdim ki, ayaq tərəfimdən bədənimə qüvvə daxil olur. Sonra bədənimin istiləşib gücləndiyini duydum. O gündən sonra bir də xəstələnmədim və özümdə xüsusi güc hiss etdim.
Kitabın adı: Qəməri Bəni Haşim Əbülfəzl Abbasın (əleyhissalamın) nurlu çöhrəsi
Müəllif: Əli Rəbbani Xalxali