20 il və bir an
Şeytan xidmətçi sifəti ilə böyük bir övliyanın qapısına gəlir və 20 il ona xidmət göstərir. Bir dəfə necə olursa, şeytan həmin övliyanı hansısa günah işə təşviq etmək istəyir. Övliya acıqlı bir şəkildə "rədd ol burdan, məlun şeytan!”deyir. Şeytan artıq maskasının deşildiyini anlayır və açıq söhbətə gedir:
-Mənim şeytan olduğumu nə zaman öyrəndin?
-İlk gəldiyin gündən mən səni tanımışam.
Şeytan üslubunu dəyişdirir:
-And içə bilərəm ki, bu zamana qədər gördüyüm, tanıdığım, qapısında xidmət etdiyim insanların heç biri sənin qədər imanlı, Allaha bağlı olmayıb. Bu 20 ildə mən nə qədər əlləşdimsə, səni haqq yoldan bir addım da azdıra bilmədim. Övliya daha da sərtləşir:
-Ey məlun! İyirmi ildə edə bilmədiyini indi bir andamı eləmək istəyirsən? Nə düşünürsən, elə bilirsən ki, sənin bu riyakar üslubuna, tərifli sözlərinə, zəhərli dilinəmi aldanacam? Dəf ol qapımdan, gözüm səni görməsin!!!