Fatimənin (s) anadan olması və ya əbədi günəşin doğması
Besətdən (peyğəmbərliyə çatandan) beş il sonra Cəmadiüs-sani ayının iyirmisində qeybi ruzilərin bəhrəsi yer üzündə təcəlli etdi, Zəhra ulduzu doğuldu. Məhəmməd (s) və Xədicə (s) evi Fatimənin mələkuti nuru ilə işıqlandı. Pak və oxşarsız atadan, pakizə bir anadan bir körpə dünyaya gəldi ki, aləmi sahilsiz kamillik dəryasında qərq etdi. Qısa və bərəkətli ömründə bəşəriyyəti təəccüb və heyrətə gətirdi. Əgər mələklər insan xilqətinin əsrarından xəbərdar olsaydılar, bilsəydilər ki, Adəm nəslindən belə bir əxlaqi fəzilətli, ilahi sifətli insan ərsəyə gələcək, ilahi məhzərdə «Adəmi nə üçün yaratdın?» deyə sual verməzdilər. («Bəqərə» surəsi, ayə 30). Çünki mələklər insan deyildikdə yalnız günahkar və fəsad törədən adamları təsəvvür edirdilər. Onlar insanın Fatimə sayaq uca məqamından xəbərsiz idilər. Qarşısında səcdə qıldıqları Zəhra (s) indi də mələklərin sevimlisidir.
Bu gün söhbət Məhəmməd (s) «kövsərinin» cari olmasından, sahilsiz kamal dəryasının sədasından, nəhayətsiz mələkut rəhmətindən, daim yaşıl qol-budaqlı, dərin kök atmış paklıq şəcərəsinin (ağacının) yüksəlməsindən gedir. «Xoş bir söz kökü yerdə möhkəm olub, budaqları səmaya ucalan gözəl bir ağac kimidir».(«İbrahim» surəsi, ayə 24.) Bütün bəşəriyyət onun səmərəsindən faydalanır.
Zəhranın (s) doğum günü kamil insan simasının parladığı, islamın nümunəvi xanımının doğulduğu gündür. İmamətin on bir parlaq ulduzunun anası odur. Bəzi rəvayətlərə görə Zəhra Qədr gecəsidir. Ustadların təbirincə, axı necə də Qədr gecəsi olmasın, məgər on bir natiq, danışan Quran bu gecədə (Fatimədə) nazil olmadımı!
Bu gün söhbət fəzilətlər anasının, dünya qadınlarının tacı, Məhəmmədin (s) gözünün nuru, yarı canı, qəlb meyvəsi Zəhranın viladətindən gedir. Həzrət onun haqqında buyurub: «Atan sənə fəda olsun». Bu gün söhbət əbədi parlaq fəzilət günəşindən, imamət ulduzlarının mehvərindəndir. Zəhra nuru zaman və məkana sığmadığından bu doğulmuş hansı il, hansı günə düşdüyünü araşdırmağa ehtiyac görmürük. Bu tarixçilərin işidir. Buna görə də bu viladətlə bağlı yalnız bəzi nöqtələri xatırlayırıq.
Kitabın adı: İslamda nümunəvi qadınlar – Fatimə (s.ə)
Müəllif: Həbibullah Əhmədi