Fərqlərin olması zəruridir
Qadın və kişi arasında bu növ fərqlər eynən kişilər arasında və qadınlar arsındakı istedad fərqi kimidir. Bu şəraitlərin bəzilərində bərabərliyə hökm etmək yaranış nizamını saymamaq, zülmdür. Eləcə də, qadın və kişi arasındakı fərqləri təsdiq etmək yaranış, ailə, cəmiyyət nizamına uyğundur. İnsanların ictimai həyatının davamı üçün düşüncələr və istedadlar müxtəlifdir. Kimisində sənət, kimisində təbabət, kimisində əkinçilik istedadı vardır. İctimai həyatda həkim əkinçinin bəhrəsindən, əkinçi həkimin elmindən, sənətkar hər ikisinin bacarığından faydalanır. «Zuxruf» surəsinin 32-ci ayəsində buyurulur: «Məgər sənin Rəbbinin mərhəmətini onlarmı paylaşdırırlar?! Dünyada onların dolanacaqlarını aralarında biz bölürük. Biri o birinə iş gördürsün deyə, birinin dərəcəsini digərindən üstün etdik. Rəbbinin mərhəməti onların yığdıqları dünya malından daha yaxşıdır».
İstedadların fərqi bir tərəfli deyil, qarşılıqlıdır. Hamı bir-birindən faydalanır və nəticədə həyat tarazlanır. Bu fərqlər və vəzifələr kimsəyə üstünlük verməmişdir. Kimsə öz sərvətinə və kimsə də öz sənətinə görə məğrur olmamalıdır. Həkim öz elm və biliyinə görə başqalarına minnət qoymamalıdır. Çünki bu bacarıq üstünlük yox, ilahi bir imtahandır. Allah-təala buyurur: «Verdiyi nemətlərlə sınamaq üçün sizi yer üzünün varisləri təyin edən, dərəcələrə görə birinizi digərinizdən üstün edən Odur.» («Ənam» surəsi, ayə 165.)
Qadın və kişi arasında mövcud olan bütün insanlar arasında olan fərq onların insani həqiqətləri arasında fərq yaratmırsa, qadın və kişi arasında olan fərq də onların həqiqətinin eyniliyinə mane olmaz. Əksinə, mövcud fərqlər ictimai həyatın davamı üçün zəruridir.
Nəticə
Yuxarıdakı söhbətlərdən altı nəticə əldə edirik:
1-Qadın və kişi yaranış baxımından eyni bir həqiqətdəndirlər;
2-Təkamül, yüksəliş yolu kişi və qadın üçün eyni dərəcədə hamardır;
3-Qadın və kişi arsında mövcud olan fərqlər onların insani həqiqətinə aid deyil;
4-Qadın və kişinin vəzifələrində mövcud olan fərq onların bədənində, ruhiyyəsində olan fərqlərdən doğur. Bu fərqlər fəzilət, üstünlük deyil. Üstünlük yalnız iman, saleh əməl, təqvaya görədir;
5-Heç bir kamal və mənəvi fəzilətdə kişi olmaq şərt deyil, eləcə də qadın heç bir fəzilətdən məhrum deyil. Fəzilət əldə etməkdə qadın da kişi kimi azaddır;
6-Nə qadın, nə də kişi fəsad törətməkdə, günaha batmaqda azad deyil;
Bu nöqtələr qarşıda bir daha aydınlaşacaqdır. Çünki növbəti hissələrdə fəzilətdən danışarkən söhbət islamın nümunəvi xanımı Fatimeyi Zəhra (s)-dən gedəcək. Söhbətimiz kamal meydanında böyük ilahi kişilərlə çiyin-çiyinə irəliləmiş, ülul-əzm Peyğəmbərlə tay, bəlkə onlardan da üstün bir qadından, Fatimədəndir (s).
Əgər bu müqəddimə olmasaydı, kimsə qadının kişilərlə çiyin-çiyinə fəzilətə çatmasına şübhə edə bilərdi. Amma təkamül yolunda qadın və kişi arasında heç bir fərq olmaması sübuta yetdikdən sonra, bu yolu adlamış nümunəvi bir qadının haqqında danışmaq asan olacaq.
Əlbəttə, etiraf etməliyəm ki, mənim (müəllif) qələmim islamın nümunəvi olan kamil bir qadınının fəzilətlərini yazmaqda acizdir. Çünki yer əhlinin mələkut əhlinin əzəmətinə yolu yoxdur. Həqiqət budur ki, Zəhranın (s) nurlu çöhrəsini işıqlandıran kimsənin qələmi deyil, Quran vəhyidir. Zəhra (s) səmavi bir həqiqətdir. Vəhydən başqa heç nə onun əzəmətinə vara bilməz, fəzilətini qələmə almaz. Elə bu səbəbdən də o yüksək və ilahi şəxsiyyət Fatimə adlanmışdır.
Kitabın adı: İslamda nümunəvi qadınlar – Fatimə (s.ə)
Müəllif: Həbibullah Əhmədi