Tamahkar tacir (1)
Əvvəllər telefon və digər texniki vasitələr olmadığından camaat başqa ölkə və şəhərlərdən çox gec-gec xəbər tutardılar. Adətən tacirlər özləri ticarət məqsədilə bir şəhərdən digər şəhərə səfər edərdilər. Bəzən ticarət malları gecikir və yaxud birdən-birə eyni maldan çoxlu miqdarda bazara gəlirdi ki, bu da qiymətlərin tez bir zamanda artıb-azalmasına səbəb olurdu.
Günlərin birində bir şəhərdə yaşayan iki tacir gəmi ilə ticarətə gedirlər. Alış-veriş edəndən sonra aldıqları malları gəmilərə yükləyib vətənə qayıdırlar. Söhbət əsnasında məlum olur ki, tacirlərdən biri yağ, digəri isə mis qablar almışdır. Hər iki tacir Allaha təvəkkül edərək aldıqları malları yaxşı qiymətə satmaq haqqında düşünürdülər.
Gəmiçilər arasında belə bir adət var idi ki, iki gəmi dənizdə bir-biri ilə rastlaşanda lövbər salıb gəlib-getdikləri yerlərdən hal-əhval tutardılar.
Bir neçə həftə yol gəldikdən sonra tacirlərin olduğu gəmi başqa bir gəmi ilə rastlaşır. Hər iki gəmi lövbər salıb dayanır. Yükü ancaq yağ olan tacir kapitanların söhbət etdiyini görüb qonşu gəmiyə keçmək üçün icazə alır. Bu tacir çox zirək adam idi. Hər bir fürsətdən istifadə etməyi gözəl bacarırdı. Amma mis qablar almış tacir bütün bunlara məhəl qoymazdı. O, həmişə deyərdi: Bizim vəzifəmiz ticarət etmək, qismət isə Allahdandır. Səndən hərəkət, Allahdan bərəkət.
Çoxbilmiş tacir öz səfər yoldaşının yatdığını görüb qonşu gəmiyə keçir. Apardığı sorğu-sual nəticəsində məlum olur ki, yağ bazarı çox kasaddır. Əksinə, misin qiyməti isə birdən-birə qalxmışdır. Bunu eşidəndə səfər yoldaşı üçün plan çəkməyə başlayır. O, aldıqları malları bir-biri ilə dəyişməyi tacir yoldaşına təklif edir.
Mis qablar almış tacir deyir: Əgər sən razısansa mənim də heç bir sözüm yoxdur. Nədənsə ürəyimə gəldi ki, sənin bu təklifini qəbul edəm.
Xülasə, oturub mübadiləni birlikdə başa vurdular. Mis taciri bu işin əsil səbəbini bilmirdi. Əksinə yağ taciri misi satmaqla çoxlu mənfəət əldə edəcəyinə əmin idi. Amma adi bir hadisə hiyləgər tacirin bütün hesab-kitabını dəyişdi. Sahilə bir neçə fərsəx qalırdı. Zülmət bir gecədə güclü tufan başladı. Hündür dalğalar gəminin bir tərəfini söküb apardı. Artıq su gəmiyə dolurdu. Vəziyyəti belə görən kapitan nigaran halda sərnişinlərə dedi: Dostlar, hamımızın canı təhlükə qarşısındadır. Əgər gəminin yükünü boşaltmasaq gəmi batacaq. Gəmidəki bütün yükləri dənizə boşaltmaqdan başqa çıxış yolumuz yoxdur.
Tacirlər kapitana öz etirazlarını bildirdilər: Əgər biz bütün sərmayəmizi dənizə töksək müflis olacağıq.
"Mən sizi başa düşürəm. Amma indi hər şeydən mühüm insanları xilas etməkdir. Əgər tez bir zamanda gəminin yükü boşalmazsa, hamılıqla dənizdə batacağıq. Gəminin kapitanı mənəm və burada olan insanların məsuliyyəti mənim üzərimdədir. Dediklərimə əməl etməyən şəxsin özünü də dənizə atacağıq– deyə kapitan cavab verdi.
Gəmi artıq sahilə çatırdı. Hər iki tacir çox narahat halda gəmini tərk etdilər. Amma onların ticarətlərinin nəticəsi tam əksinə olmuşdu. Yağ alveri edən tacirin səfər yoldaşından aldığı mis qablar dənizin dibinə batmış, mis alveri edən tacirin aldığı yağ qabları suyun üzündə qalmışdı. Dalğalar yağ çəlləklərini sahilə tərəf itələyirdilər. Tufan sakitləşəndən sonra qayıqların köməyilə yağ çəlləklərini suyun üzündən çəkib qayıqlara yığdılar.
Çox zirək və hiyləgər olmasına baxmayaraq yağ alveri edən tacirin hiylə ilə aldığı mis qablar əlindən çıxdı. Amma sadə və sədaqətli mis tacirinin mis qablarla dəyişdirdiyi bütün yağ qabları heç bir zərər toxunmadan sahilə gətirildi.
Bəli, hiyləgərliyin sonu yoxdur.("Qessehayi-xub”, c. 6, səh. 57.)
Kitabın adı: İbrət güzgüsü
Müəllif: Məahət Əsədova