Ataya hörmət və Peyğəmbərlik nuru
Lavi, Həzrət Yusifin (ə) ən böyük qardaşı idi. Onun o biri qardaşlarından fərqli olaraq bir çox müsbət xüsusiyyətləri vardı. Biz burada bir-iki nümunəyə işarə etməyi lazım bilirik.
Lavi digər qardaşlarından daha ağıllı və uzaqgörən idi. Qardaşı Yusiflə (ə) də çox mehribanlıqla rəftar edərdi. Qardaşları Yusifi (ə) öldürmək istəyəndə o belə bir təklif edir:
Gəlin Yusifi su quyusuna ataq. Su götürmək üçün quyuya yaxınlaşan karvan onu oradan çıxarıb özləri ilə başqa bir vilayətə aparacaqlar. Qardaşlar onun bu təklifi ilə razılaşırlar. (Yusif surəsindən götürülmüşdür, 9-10-cu ayə.)
Həmçinin Lavi atasına çox bağlı idi. Onu narahat görməyə dözümü yox idi. Elə bu səbəbdən də Yusifin (ə) anabir qardaşı olan Benyamini oğurluq adıyla öz yanında saxlamaq istədiyini eşidəndə Lavi qardaşlarına deyir: Mən sizinlə Kənana qayıtmayacağam. Çünki Benyaminin həbs olunması xəbərini atamız Yaquba (ə) xəbər vermək mənimçün çox çətindir. Hər kəsin ixtiyarı öz əlindədir və mən burada qalmaq üçün qəti qərara gəlmişəm. Vətənə qayıtmağım üçün ya gərək atam izin verə və ya Allah-təala özü mənə kömək ola. (Həmin ayə-79.)
Allah-təala onun bu iki yaxşı əməlinin əvəzini bu dünyada ona nəsib etdi və peyğəmbərlik nurunu onun nəslində bərqərar etdi.(Bürhan təfsirindən çıxarış, c. 2, səh. 270, hədis 12.) Həzrət Musa ibn İmran (ə) üç vasitə ilə onun övladlarındandır.(Nəzhətul-məcalis, c. 1, səh. 111.)
Kitabın adı: İbrət güzgüsü
Müəllif: Məlahət Əsədova