Namazdan üz döndərmək İlahi əzaba uğramaqdır
Namazı tərk etməyin bəlalarından biri də insanın şəhvətə uyması və sonu olmayan bir əzaba uğramasıdır. Qurani-kərimdə bu haqda oxuyuruq:
فَخَلَفَ مِن بَعْدِهِمْ خَلْفٌ أَضَاعُوا الصَّلوةَ وَاتَّبَعُوا الشَّهَوَاتِ فَسَوْفَ يَلْقَوْنَ غَيًّا
"Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Ğəyy dərəcəsinə düşəcəklər (Yaxud, onlar da öz əməllərinin cəzasını alacaqlar)”("Məryəm”, 59.).
Allahla insan arasında əlaqə kəsildikdə insan tamamilə maddiləşib mənəviyyatdan uzaqlaşır. Mənəvi yöndən uzaq düşmüş şəxsi isə şeytan asanlıqla azdıraraq öz damına salır.
"Zuxruf” surəsində oxuyuruq:
وَمَن يَعْشُ عَن ذِكْرِ الرَّحْمَنِ نُقَيِّضْ لَهُ شَيْطَانًا فَهُوَ لَهُ قَرِينٌ
"Hər kəs Rəhmanın zikrindən boyun qaçırsa, Biz ona Şeytanı urcah edərik və onun (Şeytanın) yaxın dostu olar.”("Zuxruf”, 36.)
Bəzən, Allaha ibadətdən (namaz, oruc, zəkat, xums və s.) uzaq düşən, şeytana uyan şəxslər elə güman edirlər ki, haqq yolunda addımlayır və heç bir günah işlətmirlər.
وَإِنَّهُمْ لَيَصُدُّونَهُمْ عَنِ السَّبِيلِ وَيَحْسَبُونَ أَنَّهُم مُّهْتَدُونَ
"(Şeytanlar) onları doğru yoldan çıxardar, onlar isə özlərinin haqq yolda olduqlarını güman edərlər!”("Zuxruf”, 37.).
Şübhəsiz, şeytanxislət şəxslər tərəddüd etmədən bütün fəsadlara boyun əyəcək və beləliklə Allahın zikrindən - namazdan uzaq düşməklə əbədi olaraq Cəhənnəm əhlinə çevriləcəklər.
وَقَالَ رَبُّكُمُ ادْعُونِي أَسْتَجِبْ لَكُمْ إِنَّ الَّذِينَ يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِي سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ
"Rəbbiniz buyurdu: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!) Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!”("Ğafir”, 60.)
Başqa bir ayədə isə oxuyuruq ki, Cənnət sakinləri Cəhənnəm əhlindən atəşdə yanmaqlarının səbəbini soruşduqda namaz qılmadıqlarını deyəcəklər.
فِي جَنَّاتٍ يَتَسَاءَلُونَ عَنِ الْمُجْرِمِينَ مَا سَلَكَكُمْ فِي سَقَرَ قَالُوا لَمْ نَكُ مِنَ الْمُصَلِّينَ
"Onlar cənnətlərdədirlər; bir-birindən soruşacaqlar; Günahkarlar barəsində (və sonra həmin günahkarlara müraciət edib belə deyəcəklər): "Sizi Səqərə (Cəhənnəmə) salan nədir?" Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik”("Muddəssir”, 40-43.).
Kitabın adı: Quranda namaz