Namaz vaxtlarının əhəmiyyəti
Namazın şərtlərindən biri də onu vaxtında qılınmasıdır. Belə ki, gündəlik (yəvmiyyə) namazlarının - zöhr, əsr, məğrib, işa, sübh - həm özünəməxsus, həm də müştərək vaxtları vardır. Namazı vaxtından tez qıldıqda batil, gec qıldıqda isə qəza olur. Belə olan halda, namaz qılan şəxs namaz vaxtlarını dəqiq öyrənməli və onu vaxtında həyata keçirməlidir. Namazı vaxtında qılmağın böyük fəziləti olduğu kimi, vaxtına əhəmiyyətsiz yanaşmağın da böyük kərahtləri var. Bu haqda İslam peyğəmbərindən (s) nəql edilən bir hədisdə oxuyuruq:
لا تضيعوا صلوا تکم فان ضيع صلاته حشر مع قارون و هامان و کان حقا علي الله ان يدخله النار مع المنافقين
"Öz namazlaırınızı (onu düzgün oxunmasına əhəmiyyət verməməklə) heç etməyin. Həqiqətən, hər kəs namazın vaxtına və düzgün icra edilməsi məsələlərinə riayət etməsə, məhşərə Qarun və Haman ilə birlikdə daxil olacaq və onun münafiqlərlə birlikdə Cəhənnəmə daxil edilməsi Allah üçün bir haqdır”("Bihar əl-ənvar”, c. 83, səh. 14.).
Qurani-kərimdə namaz vaxtları haqqında oxuyuruq:
أَقِمِ الصَّلاَةَ لِدُلُوكِ الشَّمْسِ إِلَى غَسَقِ اللَّيْلِ وَقُرْآنَ الْفَجْرِ إِنَّ قُرْآنَ الْفَجْرِ كَانَ مَشْهُودًا
"Günortadan (gün batmağa meyl edəndən) gecənin qaranlığınadək namaz (günorta, ikindi, axşam və gecə namazları) qıl. Sübh namazını da qıl. Çünki sübh namazı müşahidə olunur”("İsra”, 78.).
Ayədə qeyd olunan "لِدُلُوكِ الشَّمْسِ” ( dulukiş-şəms) günorta çağına deyilir ki, bu da zöhr namazının vaxtıdır.
Bu ayənin təfsiri haqqında Übeyd ibn Zürarə İmam Cəfər Sadiqdən (ə) soruşduqda o Həzrət (ə) ona cavab olaraq buyurdu: "Allah dörd namazı insanlara vacib etmişdir ki, ilk vaxtı "dulukiş-səms” (zöhr ) namazı, sonu isə gecə yarısıdır”("Vəsail əş-şiə”, c. 3, səh. 115.).
"Zülmət qaranlıq” mənasında olan غَسَقِ اللَّيْلِ (ğəsəqil-ləyl) "gecə yarısı” mənasını ifadə edir. "Quran” qiraət edilən şeyə deyilir. "Quran əl-fəcr” َ قُرْآنَ الْفَجْرِ sübh namazının vaxtına işarədir.
İmam Əli (ə) namaz vaxtlarını belə aydınlaşdırır:
"Zöhr namazını camaatla günəşin qüruba tərəf getdiyi, kölgəsi keçi tövləsi qədər yayıldığı vaxtda qılın. Əsr namazını günəşin ağ, işıqlı, günün yarısına qalmış və qüruba qədər iki fərsəx(Altı kilometrə bərabər məsafə ölçüsü vahdi) yol getməyi mümkün olan vaxtda qılın. Məğrib namazını oruc tutanlar iftar, hacılar Ərəfatdan Minaya köçdükləri zaman qılın. İşa namazını camaatla şəfəqin gizləndiyi, üçdə biri keçdiyi bir vaxtda qılın. Sübh namazını camaatla yanınızda olan şəxsin kimliyini tanıya bildiyiniz vaxtda qılın”("Nəhcul-bəlağə”, məktub, 52.).
Xatırlamaq lazımdır ki, Qurani-kərimdə həm bir namaz vaxtına("Bəqərə”, 238.), həm üç namaz vaxtına("Hud”, 114.) və həmdə beş namaz vaxtına("İsra”, 78.) işarə edilmişdir.
Namaza əhəmiyyətsiz yanaşmağın nəticələri
Namaza əhəmiyyət vermək Allahın böyük mükafatları ilə nəticələndiyi kimi, namaza diqqətsiz yanaşmaq da bir çox ilahi əzabları insanlara nazil edir. Qurani-kərimdə namaza əhəmiyyətsiz yanaşmaığın bəlaları haqqında olan bir neçə ayəni diqqətinizə çatdırırıq
Kitabın adı: Quranda namaz