Namaz və imamət məsələsi
İslam etiqadının ayrılmaz prinsiplərindən sayılan İmamət məsələsi dinin inkişafında, təhlil və tətbiqində və onun müxtəlif xarici təzyiqlərdən qorunmasında çox böyük əhəmiyət daşıyır. İmam, Allahın göstərişi və Peyğəmbərin (s) vasitəsi ilə təyin edilir. Qurani-kərimin bir çox ayələri, İslam peyğəmbərinin (s) müxtəlif zamanlarda, xüsusilə "Qədir Xum” hadisəsində verdiyi açıqlamasına görə, Peyğəmbərdən (s) sonrakı İmam, həzrət Əli (ə) və onun on bir övladıdır (ə).
İmamların vəzifəsi Peyğəmbərdən (s) sonra onun canişini olmaq, bütün müsəlman ümmətinin məsuliyyətini, başçılığını öhdəsinə almaqdır. İmamdan itaət etmək eyni ilə Peyğəmbərdən (s) itaət etməkdir. Zamanının imamını tanımadan dünyadan köçən insan cahillik (İslamdan öncəki dövr) dönəmində ölmüş şəxs kimidir. Hətta bəzi rəvayətlərdə imamət məsələsi imanla eyni tutulur. Belə ki, İmam Cəfər Sadiqdən (ə) İslamla imanın fərqi haqqında soruşulduqda o Həzrət (ə) cavab verir:
الاسلام هو الظاهر الذي عليه الناس شهادة ان لا اله الا الله و حده لا شريک له و ان محمدا عبده و رسوله و اقام الصلوة و ايتاء الزکات و حج البيت و صيام شهر رمضان فهذا الاسلام و قال الامان معرفة هذا الامر مع هذا فان اقر بها و لم يعرف هذا الامر کان مسلما و کان ضالا
"İslam, dinin zahiri əməllərinin icrasına deyilir. Allahın yeganəliyinə, həzrət Məhəmmədin (s) Onun bəndəsi və rəsulu olduğuna şəhadət vermək, namaz qılmaq, zəkat vermək, Həcc ziyarətinə getmək, ramazan ayında oruc tutmaq bu qəbildəndir. İman isə onları icra etməklə yanaşı bizim imamətimizi tanımaqdır. Əvvəlki məsələlərə əməl edib, imamat məsələsini qəbul etməyən müsəlmandır, lakin yolunu azmışdır”("Kafi”, c.2, səh. 24.).
Namazın tərkib hissəsindən sayılan "Həmd” surəsində imamət məsələsinə işarə edilmişdir. Belə ki, bu surənin 6-cı ayəsində oxuyuruq: اِهْدِنَا الصِّرَاطَ المُسْتَقِيمَ
"Bizi doğru (düz) yola yönəlt!”(Həmd”, 6.)
Məlum ayədə sözügedən "doğru yol” (الصِّرَاطَ المُسْتَقِيمَ) müxtəlif mənalarda işlədilmişdir. Belə ki, bir ayədə bu, Allahın sarsılmaz, həqiqi dini və onun əqidəvi prinsiplərinin toplusu kimi verilmişdir.
قُلْ إِنَّنِي هَدَانِي رَبِّي إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ دِينًا قِيَمًا مِّلَّةَ إِبْرَاهِيمَ حَنِيفًا وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ
"(Ya Rəsulum) De: "Şübhəsiz, Rəbbin məni doğru yola, həqiqi (düzgün) dinə, batildən haqqa tapınan və müşriklərdən olmayan İbrahimin dininə yönəltdi!"”(" Ənam”, 161.)
"Yasin” surəsində isə, Allaha pərəstiş etmək və insanları haqq yoldan azdıran şeytanın vəsvəsələrinə uymamaq kimi dəyərləndirilmişdir.
أَلَمْ أَعْهَدْ إِلَيْكُمْ يَا بَنِي آدَمَ أَن لَّا تَعْبُدُوا الشَّيْطَانَ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُّبِينٌ وَأَنْ اعْبُدُونِي هَذَا صِرَاطٌ مُّسْتَقِيمٌ
"Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir və (sizə buyurmadımmı ki) Mənə ibadət edin, doğru yol budur?! "("Yasin”, 60-61.)
Başqa bir ayədə isə Allaha qovuşmaq "doğru yol” olaraq göstərilmişdir.
وَكَيْفَ تَكْفُرُونَ وَأَنتُمْ تُتْلَى عَلَيْكُمْ آيَاتُ اللّهِ وَفِيكُمْ رَسُولُهُ وَمَن يَعْتَصِم بِاللّهِ فَقَدْ هُدِيَ إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ
"Sizə Allahın hökmləri oxunduğu və Onun Peyğəmbəri aranızda olduğu halda, siz necə kafir ola bilərsiniz? Allaha (Onun dininə) sığınan şəxs, şübhəsiz ki, doğru yola yönəldilmişdir”("Ali-İmran”, 101.).
Həmçinin, rəvayətlərdə bu ayəyə müxtəlif yönlərdən baxılaraq, eyni zamanda bir kökə əsaslanan digər şərhlər də verilmişdir.
İslam peyğəmbərindən (s) belə nəql edilir: الصراط المستقيم صراط الا نبياء و هم الذين انعم الله عليهم
"Sirat əl-müstəqim” peyğəmbərlərin yoludur. O peyğəmbərlər ki, onlara ilahi nemətlər verilmişdir”("Nur əs-siqləyn”, c. 1, səh. 20-2.).
İmam Sadiq (ə) isə bu ayəni təfsir edərkən buyurur: الطريق و معرفة الامام
"(Hədisdə) məqsəd İmamı tanımaq yoludur”(Yenə orarda.).
Başqa bir hədisdə o Həzrət (ə) buyurur: و الله نحن الصراط المستقيم
"Allaha and olsun, doğru yol (الصراط المستقيم) bizik”(Yenə orarda.).
İmam Sadiq (ə) həzrət Əmirəlmöminin Əlinin (ə) haqqında buyurur: "Sirat əl-müstəqim” Əmirəlmöminin Əlidir (ə)”("Nur əs-siqləyn”, c. 1, səh. 20-21.)
Məlumdur ki, Peyğəmbər (s), Əli (ə) və başqa məsum imamların (ə) vəzifəsi insanları Allahpərəstliyə, tövhid dininə dəvət etmək olmuşdur. Bu dəvət həm etiqadi, həm də əməli məsələləri əhatə etmişdir("Təfsiri-nümunə”, c. 1, səh. 49-50.). Namazda imamət məsələsinə işarə edilməsi onun İslam dinində mövcud əhəmiyyəti ilə bağlıdır. Allah bizi "doğru yol”da addımlayan şəxslərdən qərar versin, inşallah.
Kitabın adı: Quranda namaz